Cibində qələm yox, bıçaq gəzdirən yeniyetmələr...

Savad yerinə qol güləşdirənlər...

Yeniyetmələrin bir-birinə qarşı zorakılıq hallarının artması  gündəmin əsas mövzularındandır. Bəs   səbəbkarlar kimlərdir?

Həmyaşıdların bir-birinə qarşı aqressiv davranışlarını hansı amillər dəstəkləyir?

Problemlə bağlı vəkil Vamiq Şükürov Olaylar.az-a danışıb:

-Vamiq bəy, orta məktəblərdə uşaqlar arasında aqressiv zorakı davranışlar deyəndə ağıla ilk nələr gəlir?

- Sosial şəbəkələrdə və xəbər saytlarında yayımlanan məlumatlar və apardığım müşahidələr əsasında deyə bilərəm ki, bəzi orta məktəblərdə şagirdlər arasında  valideynlərin və müəllimlərin xəbəri olmadan baş verən zorakılıq halları geniş yayılıb. Əlbəttə ki, qeyd etdiyim zorakılıq halları bütün məktəblərdə, hər  məktəbin bütün siniflərində baş vermir. Kifayət qədər məktəb var ki, müəllimləri, psixoloqları və rəhbərliyi vasitəsilə şagirdlərin üzərində effektiv nəzarət qurulub və məktəb daxilində təkrarlanan zorakılıq hallarına yol verilmir. 
 Mən zorakılıq deyərkən əksər şəxslərin fikirləşdiyi kimi şagirdlərin məktəbdə bir-birinə ağır və yüngül xəsarət yetirməsini, bir-birini döyməsini, seksual xarakterli zorakılıq hərəkətlərini nəzərdə tutmuram. Mən adətən fiziki baxımdan güclü, cüssəli şagirdlərin, bəzi hallarda güclü olmasa da cəmiyyətdə "ürəkli uşaq" kimi vəsf olunan şagirdlərin fiziki baxımdan özlərindən zəif, dava-dalaşdan çəkinən, qaydaya əməl edən sinif yoldaşlarını məktəbdə zorakılığa məruz qoymasını, o cümlədən onları:
- söyüb təhqir etməsini,
- məsxərəyə qoyub alçaltmasını,
- adına ləkə yaxmasını, 
- əllərindən pullarını almasını,
- itələməsini, 
- qəsdən toxunmasını, 
- tüpürməsini, 
- şəxsi məqsədləri üçün əmr verməsini,
- danışmağa və öz fikrini bildirməsinə imkan verməməsini,
- oyunlardan və əyləncələrdən kənarlaşdırmasını, 
- sinifə və ya məktəbə gəlməsinə imkan verməməsini, 
- onlara qarşı qruplaşma yaratmasını, 
- əşyalarını oğurlamasını, 
- dərs danışan zaman lağa qoymasını və çaşdırmasını, 
- fiziki qüsurlarına görə alay etməsini, 
- uşaqlar arasında yaranmış xırda narazılıqları şişirdib onları qızışdırmasını, 
- mütəmadi olaraq törədilən sair aqressiv zorakılığı nəzərdə tuturam.
  Sizi əmin edirəm ki, qeyd etdiyim şagird zorakılığı şagirdlərin bir-birinə ağır və yüngül xəsarət yetirməsindən, bir-birini döyməsindən daha təhlükəli olub mütəmadi olaraq baş verir, şagirdlərin psixoloji travma almalarına, uzun müddət özlərini pis hiss etmələrinə, özlərinə qarşı inamsız və güvənsiz olmalarına səbəb olur, onların dərsdən yayınmalarına və verilən  tapşırıqları tam icra etməmələrinə gətirib çıxarır. Şagird zorakılığı ona məruz qalan uşaqların  bəzən intihar etmələri ilə nəticələnir. Mütəmadi aqressiv rəftara məruz qalan şagirdlər gələcəkdə öz ailələrində, iş həyatlarında, hərbi qulluqlarında və digər sosial münasibətlərdə ciddi ünsiyyət problemləri yaşayır, öz öhdəliklərini yetərincə icra edə bilmir və yaşıdlarından geri qalırlar. 
  Zorakılıq hərəkətləri şagirdlərin gözü qarşısında sinifdə, tənəffüs zamanı dəhlizlərdə, dərsdən sonra məktəbin həyətində, tualetdə törədilir, bu zaman zorakılıq edən şagirdlər zorakılığa məruz qoyduqları şagirdləri mənəvi cəhətdən sındırmaq üçün törətdikləri əməllərin sinif yoldaşları arasında yayılmasına şərait yaradırlar. 

-Zorakılığın çoxalmasını dəstəkləyən amillər hansılardır?

-Sinif yoldaşlarının zorakılığa məruz qalmasını əksər şagirdlər bilsələr də, bu əməllər barədə müəllimlərinə, valideynlərinə və məktəb rəhbərliyinə məlumat vermirlər. Zorakılıq qurbanları özləri də məruz qaldıqları zorakılıq barədə məlumat verməyə meyilli olmurlar. Çünki zorakılıq barədə məlumat verilməsi şagirdlər arasında mənfi xislət və rəzil xüsusiyyət hesab edilən satqınlıq, xəbərçilik və zəiflik əlaməti sayılır. Bu amil zorakılığın gizli qalmasına və zorakılıq barədə məlumatın kənara-məktəb rəhbərliyinə, valideynlərə və müəllimlərə sızmasına mane olur. Təəssüflər olsun ki, bəzi valideynlər də uşaqlarının belə məlumatları kənara sızdırmasına pis baxırlar, hətta məktəbdə baş verənləri evdə gəlib deyən uşaqları xəbərçilik etməməsi üçün tənbeh də edirlər. Beləliklə şagird zorakılığının gizli qalmasına səbəb olan ən böyük amil zorakılığa məruz qalan şagirdin və onun sinif yoldaşlarının zorakılıq barədə məlumat verilməsini səhv hərəkət hesab etmələridir. 
    Bu amil zorakılığı törədən şəxsləri daha da cəsarətləndirir, onları uzun müddət, sistemli və mütəmadi şəkildə zorakılığı davam etdirməyə ruhlandırır. Bu amil zorakılığı törədən şagirdlərin mənafeyinə daha çox cavab verir. Onlar etdikləri əməllər barədə məlumatların kənara sızdırılmaması üçün zorakılıq barədə məlumat verməyi sinif yoldaşlarından da çox xəbərçilik, satqınlıq və rəzillik sayır, zorakılıq etdikləri sinif yoldaşını xəbərçilikdə qınayırlar. 
 Məktəbdə zorakılığın gizli qalmasında mühüm rol oynayan digər amil bunu törədən şagirdlərin öz qurbanlarını xəbərçilik edildiyi təqdirdə cəzalandıracaqları ilə qorxutmaqlarıdı.
  Başqa bir amil valideynlərin uşaqlarına verdiyi pis tərbiyə nəticəsində onların zorakılıq etməyə meyilli olmaları ilə nəticələnməsidir. Pis tərbiyə dedikdə həm də uşaqlara öz hüquqlarını öyrətməyi nəzərdə tuturam. Diqqət yetirdinizsə, mən  məlumat verilməsini deyil, xüsusi olaraq uşaqlara hüquqlarının öyrədilməsini vurğulamışam. Uşaq öz hüquqlarını öyrəndikdə, ən əsası  hüququnu necə həyata keçirməyi mənimsədikdə, bir qayda olaraq zorakılığa məruz qalmır, məruz qalsa da xəbər verməklə baş verəcək ağır nəticənin vaxtında aradan qalxmasına səbəb olur. 

-Məsul qurumların bu işlər istiqamətində gördüyü işlər qənaətbəxşdirmi?

- Bu yaxınlarda Sabunçu rayonunda orta məktəbdə azyaşlı uşağın həmyaşıdı tərəfindən zorakılığa məruz qalmasına dair sosial şəbəkələrdə yayılmış videogörüntü ilə bağlı araşdırma aparan və  hadisə ilə bağlı mətbuata məlumat verən Baş Prokurorluq da bu amilə xüsusi diqqət yetirib. Baş Prokurorluq vətəndaşlara müraciət edərək uşaqların təlim-tərbiyəsində aidiyyəti təhsil ocaqlarının vəzifəli şəxslərinin məsuliyyəti olması ilə yanaşı valideynlərin də məsuliyyətli olduğunu xatırladaraq bu mühüm məsələyə lazımi diqqətin göstərilməsinin vacibliyini vurğulayıb. 

-Öz yaşıdlarına qarşı zorakılıq edən azyaşlıları hansı cəzalar gözləyir?

-Uşaqların hüquqlarının öyrədilməsi prosesində ən vacib mərhələ valideynlərin öz yaşıdlarına qarşı zorakılıq etməyin qanunsuz olmasını və ağır fəsadlara gətirib çıxarmasını anlaşıqlı dildə uşaqlara anlatmalarıdır. Öyrətmə prosesi uşaqların öz sinif yoldaşlarına qarşı zorakılıq etməsinin qeyri-insani və hüquqazidd olmasına inanmaları ilə nəticələnməlidir. Nəticədə uşaq anlamalıdır ki, zorakılıq edən bir gün özü də zorakılığa məruz qalacaq, ondan zəiflər olduğu kimi, ondan güclü şagirdlər ortaya çıxacaq. 
 Şagird zorakılığının aradan qaldırılmasında effektiv hüquqi müdafiə vasitələri zorakılıq halları baş verdikdə İnzibati Xətalar Məcəlləsinin 181.0.2-ci, 189-cu, 512-ci və 529-cu maddələrdə nəzərdə tutulan inzibati tənbehlərin tətbiq edilməsidir.
  İnzibati Xətalar Məcəlləsinin 181.0.2-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan psixoloji zorakılığa yol verilməsinə görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
 Həmin Məcəllənin 189.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir. 
    Əgər İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsində nəzərdə tutulan əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.
   İnzibati Xətalar Məcəlləsinin 512-ci maddəsinə əsasən ön dörd yaşından on altı yaşınadək olan yetkinlik yaşına çatmayanların törətdikləri xırda xuliqanlığa görə valideynlər və ya digər qanuni nümayəndələr altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.

-Valideynlər belə olan halda hansı yolu izləməlidir?

- Hesab edirəm ki, şagird zorakılığı baş verdikdə məlumatı alan valideyn, müəllim və ya digər şəxslər yuxarıda qeyd edilən hüquq normalarına əsasən səlahiyyətli orqanlara müraciət edib araşdırma aparılmasını tələb etməlidirlər. 
 Uşaqları İnzibati Xətalar Məcəlləsinin 189 və 512-ci maddələrində nəzərdə tutulan qanunsuzluğa məruz qaldıqda, valideynlərə hadisənin baş verdiyi rayonun yerli icra hakimiyyətinə şikayət etməyi tövsiyə edirəm. Hər bir rayon icra hakimiyyətində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar fəaliyyət göstərir və İnzibati Xətalar Məcəlləsinin 189 və 512-ci maddələrində nəzərdə tutulan xətalara həmin komissiyalar baxıb qərar qəbul edirlər. 
 İnzibati Xətalar Məcəlləsinin 181.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildikdə (təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan psixoloji zorakılığa yol verilməsi) valideynlər və məktəb rəhbərliyi hadisənin baş verdiyi rayonun və ya şəhərin məhkəməsinə müraciət etməlidir. 
  İnzibati Xətalar Məcəlləsinin sözügedən maddələrində nəzərdə tutulmuş cəriməni ödəməyən valideynlər, vəzifəli şəxslər və təşkilatlar barəsində həmin Məcəllənin 529-cu maddəsində nəzərdə tutulan ağır inzibati tənbehlər tətbiq olunur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. 
 Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
 Təbii ki, qüvvədə olan qanunvericilikdə uşaq zorakılığına görə mülki və cinayət məsuliyyəti də nəzərdə tutulub.
    Sonda valideynlərə bu məsələdə həssas olmalarını və uşaqlarının mütəmadi zorakılığa məruz qalmaması üçün bütün hüquqi tədbirlərdən istifadə etməyi tövsiyə edirəm.

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31