Cəmiyyətin narkotik nifrəti...- CİNAYƏTƏ QARŞI CİNAYƏT

Narkotiklə bağlı cinayətlərin artması cəmiyyətdə narahatlığa səbəb olur.  Cəmiyyətin narkotik istifadəsinə olan nifrəti böyük olsa da, paralel zamanda narkotik cinayətlərinin sayının artması ziddiyət yaradır.  Bir çoxları narkotiklə bağlı cəzaların həddən artıq az olmasından şikayətçidir.

Rəşad Dağlının narkotik tacirini qətlə yetirməsi ona insanların rəğbətini qazandırdı. Təkcə bu hal cəmiyyətin narkotik tacirlərinə olan nifrətinin bariz nümunəsi ola bilər. Nifrət varsa, istifadəçi niyə artır, problemin altında yatan sosial sütunlar hansılardır?

Problemin sosial tərəfləri ilə bağlı  Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı ilə həmsöhbət olduq:

"Son zamanlar narkomaniyanın yayılma sürəti artıb. Ölkənin müxtəlif yerlərindən narkotik istifadəsinə aid kadrlar görürük.  Sosial şəbəkələrdə yayılan bu kadrlar statistikanın milyonda birini təşkil edir. Narkotik istifadəsi xüsusilə gənclər arasında adiləşib. 
Narkotik istifadəsinin qarşısını almaq üçün dövlət səviyyəsində aparılan işlər də ciddi nəticələr vermir. Son illər ərzində Daxili İşlər Nazirliyi narkomaniyaya qarşı böyük kampaniya başladıb. Çox sayda narkotik şəbəkəsi ifşa edildi, minlərlə ton narkotik məhv edildi. Böyük əməliyyat tədbirləri aparıldı. Ancaq, tədbirlər  bu bəlanın qarşısını almaq üçün yetərli deyil. Çünki, problemin nəticələrinə köklənmək həll yolu deyil. Problemin səbəblərini tapıb, aradan qaldırmaq lazımdır. Səbəblər məlumdur. Sosial problemlər, işsizlik səviyyəsi, digər tərəfdən mənəvi aşınma. Azadlıq adı verilən təbliğatlar. Gənclər tamamilə özbaşına buraxılıb. Uşaqlar, yeniyetmələr  valideyn nəzarətindən çıxıb. Nəticə də belə olur.  Nəzarətsiz, özbaşına azyaşlılar istənilən səhvi edə bilər. İndi çox güclü qlobal inteqrasiya prosesi içərisindəyik. Təkcə narkotik deyil, əxlaqsızlıq, boşanmaların sayının artması, xəyanət halları, qətl hadisələri artış göstərir. Qarşısının alınmasının yolları ölkə daxilində sosial müdafiənin gücləndirilməsi, gənclərin iş, təhsil, yaradıcılıq imkanlarının artırılması, sərt inzibati tədbirlərin görülməsidir.  Avropa Şurasının tələbi ilə Azərbaycanda bəzi qanunlar dəyişdirilib, cəzalar yumşaldılıb. Bu, çox yanlış qərar idi. Nəticələri də ağır olur. Demək olar ki, narkotik istifadə edənlərə cəza verilmir. Saxlanılanlar "özüm istifadə edirəm" deyib, yaxasını qurtarır. Əslində isə bir çoxları satış şəbəkəsindədir. Başqalarını da bataqlığa çəkir.
Bütün bunlarla paralel olaraq, narkotikin qiyməti həddən artıq ucuzlaşıb. Kimyəvi maddələr o qədər ucuzlaşıb ki, 5-10 manata almaq mümkündür. Bu da kütləvi yayılma halını artırır.
Maddələrin ölkəyə necə gətirilməsi də başqa mövzudur. Ölkəmizdə də narkotik maddələrin istehsalı, satışı ilə məşğul olan şəbəkələr var. Mübarizə şiddətlənməli, cəzalar artırılmalı, narkotik istifadə edən şəxs belə ağır cəza almalıdır. Başqa yolu yoxdur. Əks halda vəziyyət daha da acınacaqlı olacaq. Bu günki halımıza şükür edəcəyik. Proses davam edir. Statistika son illər ancaq artan sıra ilə davam edirsə, deməli görülən tədbirlər adekvat deyil. Valideylərin verdiyi tərbiyə, cəmiyyətin sosial, psixoloji vəziyyəti ürəkaçan deyil. Səbəblər çoxdur. Bunlar kompleks halda düzəlməlidir. Sağlam cəmiyyət yaranmalıdır. Dövlət öz iradəsini maksimum ortaya qoymalıdır. 
Maarifləndirmə işləri də təkbaşına nəticə verə bilməz. Sərt cəzalandırma və səbəbi aradan qaldırmaq üçün tədbirlər görülməlidir. Görürük ki, gənclər arasında daha çox işsiz, nəzarətsiz şəxslər bu yola yönəlir. Təhsilli, işi-gücü yerində olan gənclər arasında istifadəyə görə göstərici aşağıdır. Bunun təsirini göz önündə tutmaq lazımdır. 
Qanun dəyişdirilməlidir. İstifadəçilər belə həbs edilməlidir. 
Bu tədbirlər görülməsə, vəziyyət ağırlaşacaq, cinayətlər çoxalacaq, yoluxucu  xəstəliklərin sayı artacaq, milli genlərimiz məhv olacaq. Proseslər gözümüzün önündə davam edir. Dayandırmaq üçün nə cəmiyyət nə də dövlət çaba göstərmir. Heç söhbəti də getmir. Nə parlamentdə, nə də başqa yerlərdə. Belə olmamalıdır. Ciddi müzakirə getməli, məsələ gündəmdə qalmalıdır. Cinayət Məcəlləsinə  dəyişiklik edilməlidir. 
Əvvəllər gənclərin məşğuliyyəti üçün çoxlu imkanlar var idi. Gənclər vaxtlarını sərfəli işlərə ayırırdılar. İndi elə bir imkanları yoxdur. Əhalinin 90%-i övladını hansısa məşğuliyyətə cəlb edə bilmir. Hər birinin qiyməti 50 manatdan başlayır. Aztəminatlı ailələr üçün isə övladına təhsil vermək mümkün deyil. Sağlam cəmiyyət naminə dövlət nəzarəti üzərinə götürməlidir".

Problemin hüquqi tərəfləri ilə bağlı qaranlıq qalan məqamlara vəkil Turan Abdullazadə aydınlıq gətirdi:

-Turan bəy, narkotikdən istifadə qanunvericiliklə necə tənzimlənir?

-İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən,   qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir.
Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs isə bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir.

- Narkotik satışı ilə bağlı cəzalar necə tənzimlənir?
-Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma -  bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

-Azyaşlılara narkotik satmağın xüsusi cəzası varmı?

-Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə - dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni zamanda narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə- bilə-bilə yetkinlik yaşına çatmayan, iki və ya daha çox şəxs barəsində törədildikdə- beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən,  psixi pozuntulardan əziyyət çəkən və ya sərxoş vəziyyətdə olan şəxslərin, habelə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan şəxslərin cinayət törətməyə cəlb olunması cinayəti ağırlaşdıran haldır. 

-Narkotik tacirini öldürdüyü üçün cəmiyyətdə Rəşad Dağlıya qarşı xüsusi rəğbət yaranıb. Hər hansı şəxsin sosial statusu onun cəzasının yüngülləşdirilməsində rol oynayırmı?

- Rəşad Dağlıya münasibətdə bildirmək istəyirəm ki, onun sosial statusu, məşhurluğu, tanınmış meyxanaçı olması cinayəti törətməkdə təqsiri sübuta yetirilərsə cəzanın təyin edilməsində nəzərə alına bilər, amma işdə  həlledici rol oynayacağını düşünmürəm. 
Onun üçün ən önəmli yüngülləşdirici hal -  könüllü gəlib təqsirini boynuna almasıdır. 
Azərbaycan Respublikası Cinayət Məcəlləsində cəzanı yüngülləşdirən hallar göstərilmişdir. 
Belə ki,  hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi; cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi; cinayətin hamilə qadın tərəfindən törədilməsi; cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; cinayətin ağır həyat şəraiti nəticəsində və ya mərhəmətlilik niyyəti ilə törədilməsi; cinayətin fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi; cinayətin zəruri müdafiənin, ictimai təhlükəli əməl törətmiş şəxsin tutulmasının, son zərurətin, əsaslı riskin, əmrin və ya sərəncamın icra edilməsinin qanunla müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi; cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi;  cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi;   şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması;    zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. 
Cəza təyin edilərkən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 
Məsələn, ailənin yeganə dolanışıq mənbəyi olması, himayəsində azyaşlı uşağının və qulluğa ehtiyacı olan ailə üzvünün olması, şəxsiyyətinin müsbət xarakterizə olunması, ağır və xroniki xəstəliyinin olmasını və digər səbəbləri məhkəmə cəzanı yüngülləşdirən hal kimi nəzərə ala bilər. 
Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
Cəzanı yüngülləşdirən hallar mövcuddursa təyin olunan cəzanın müddəti və ya həcmi bu məcəllədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31