Hər növ böhranı özündə cəmləşdirən problem- SU QITLIĞI
16 Sentyabr 2022 10:36 SosialDünya Okeanının səthinin sahəsi Yer səthinin 71 %-ə yaxın hissəsini təşkil edir. Buna baxmayaraq su böhranı hər an qapımızı döyə bilər. Çünki şirin suya olan tələbatı dünyadakı içməli su ehtiyatları qarşılaya bilmir. 2015-ci ildə Dünya İqtisadi Forumu növbəti onillikdə su qıtlığını ən böyük qlobal risk kimi qiymətləndirib. Həmin riskin reallaşması artıq olduqca yaxındır. Əslində, insanlığı təmin etmək üçün kifayət qədər şirin su mövcuddur. Ancaq, su resurslarının qeyri-bərabər paylanması nəticəsində bəzi coğrafi ərazilər həddindən artı nəmişlik, bəzi ərazilər isə quraqlıqdır.
Getdikcə dəyişən və inkişaf edən dünyada həyat standartları yüksəlib və yüksəlməyə davam edir. Dünya əhalisinin artması, istehlak tərzinin dəyişməsi və irriqasiyalaşmış kənd təsərrüfatının genişlənməsi suya olan təlabatın artmasının əsas səbəblərindəndir. İnsanlar sudan istifadə zamanı həddən artıq israfçılıq edirlər. Lazım olandan qat-qat çox suyun istifadə olunması halı hər kəsə məlumdur. Bundan sonraki dövrlərdə suya qənaət etməyə başlasaq, dəyən ziyanı aradan götürə bilməsək də, prosesi ləngidə bilərik. Artıq bəzi ölkələr sübut ediblər ki, iqtisadi artımla sudan istifadə arasındakı asıllığı aradan qaldırmaq olar. Məsələn, Avstraliyada 2001-2009-cu illər arasında 30 faizlik iqtisadi artıma baxmayaraq, su istehlakı 40 faiz azalıb. Böyük dövlətlərin nəhəng layihələrə sərmaye qoymasının qarşısının alınması mümkün deyil. İçməli su eyni mənbədən bölüşdürülməli, yenidən istifadəsi və ətraf mühitə qaytarılması kimi planlar qurulmalıdır.
Ölkəmizə gəldikdə isə, bizim üçün də su böhranı çox uzaqda görünmür. Azərbaycan bir ailə üçün su istehlakı Avropaya nisbətən 400 % daha çoxdur. Bu, rəqəm olduqca böyük göstəricidir.
Ailə daxilində suya qənaət etməkdə ən böyük rolu valideynlər oyanır. Övladlarına sudan düzgün istifadə qaydasını öyrətmək valideynlərin vətəndaş borcudur.
Evdə suya qənaət etməyin ən sadə üsulları- axıdan kranlardan istifadə etməmək, meyvə-tərəvəzləri axan su ilə yumamaq, duş zamanı suyu boşuna axıtmamaqdır. Bütün bunların nəticəsində suya böyük qənaət əldə edilir. Təəssüf ki, insan həyatı üçün ən lazımı element olan içməli su da bir gün tükənəcək. Başqalarının nə etdiyinə yox, bizim ətarfımızdaki insanlara necə təsir göstərməyimizə diqqət etmək lazımdır.
Maariflənmənin ən əsas yollarından biri də təhsildir. Ölkəmizdə təhsil daha çox nəzəri biliklərə köklənib. Qlobal problemlər haqqında isə şagirdlərə sıradan biliklər verilir. Avropanın bir çox ölkəsində, o cümlədən, keçmiş SSRİ ölkəsi olan Estoniyada məktəbəqədər hazırlıq dövrünü azyaşlılar təbiətlə iç-içə keçirir, maarifləndirilir. Ölkəmizdə isə məktəblərdə kranları açıq qoyub, dərsə girən şagirdlər belə var. Yol kənarlarında, mediada reklam şüarları olsa da, yetəri qədər nəticə verməyəcək. Çünki, bu tərz mövzulara uşaqlar körpə vaxtından həssas yanaşmalıdır. İsrafçılıq onlar üçün yaşam tərzinə çevrilməməlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi suya qənaət mövzusunda dəfələrlə tədbir keçirsə də, görünür, nəticəsiz qalır. Demək, bu problem haqqında ən yaxşı çıxış yolu monitorinqlər keçirib, cərimələr tətbiq etməkdir.
Hər birimiz yol gedərkən maşın yuma məntəqələri ilə qarşılaşırıq. Ayaq saxlayıb, 10 dəqiqə tamaşa etmək gün ərzində neçə litr suyun israf edildiyini görməyimizə bəs edir. Üstəlik həmin su dənizə axıdılır və içməli sudur. İnsanlar su ehtiyatlarından "sonsuz" istifadə etmək kimi psixologiyaya sahibdirlər.
Kənd təsərrüfatında və bələdiyyə sahələrində olduqca böyük su israfı mövcuddur. Ölkəmizdə suyun 72%-i kənd təsərrüfatında istifadə edilir.
Bəzi təsərrüfat rayonlarında su qıtlığı artıq özünü göstərməyə başlayıb. Fermerler yaranan vəziyyətdən narahatdır.
Ölkəmizdə su bölgüsünün düzgün aparılmaması problemə əsas verir. Rayon mərkəzlərində daimi su olduğu halda, bəzi kəndlər susuz qalıb.
Sosioloq Elçin Bayramlının sözlərinə görə:
"Son illərdə bölgələrdə su qıtlığı daha çox özünü göstərir. Bu da qlobal istiləşmənin, quraqlığın artması ilə bağlıdır. İqlim dəyişikliyi əsas amildir. Bildiyimiz kimi, dünyada göllər, çaylar quruyur. Yeraltı suların da üzə çıxması prosesi azalıb. Bulaqlar quruyub. Səhralaşma və quraqlıq prosesi ölkə iqtisadiyyatına zərbə vuracaq, sosial problemlərə gətirib çıxaracaq. Nəticədə içməli su təminatında da problem yarana bilər. Su qıtlığı ilə qarşılaşan ərazilərdə artezyan quyularının sayı artırılmalıdır. Ancaq, hazırda bu sahədə bürokratik əngəllər mövcuddur. Bəzi hallarda kəndlilər öz hesablarına quyu qazdırmaq istəsə də, onlardan rüşvət tələb olunur. Çox sayıda kiçik su anbarları çayların üzərində tikilməlidir ki, quraq aylar üçün su ehtiyatı saxlanılsın. Hazırda Bakıya qədər gələn Oğuz-Qəbələ su kəməri bütün sənayə və təsərrüfat məqsədləri üçün istifadə edilir. Orada təzyiq artır, Oğuz-Qəbələ ərazisində artıq quraqlıq yaranır, ağaclar quruyur. Ekoloji problemlər yaranır. Ona görə də, Bakı-Sumqayıt şəhərlərinin təminatı üçün Xəzər dənizinin resurslarından istifadə etmək olar. Ən azından texniki su təminatı üçün bunu etmək mümkündür. Bu məsələdə bir qədər gecikmişik. Çünki, quraqlıq prosesi davam edir. Biz indidən ciddi tədbirlər görməsək, həm ərzaq, həm də aqrar sektorumuz ciddi zərər görə bilər".
Səlimi