Aqrar Sığorta Fondunun bölgələrdə filialları fəaliyyətə başlayır
26 Avqust 2022 12:49 SosialAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 19 avqust tarixli Fərmanı əsasında Aqrar Sığorta Fondu əhatə dairəsini genişləndirməkdədir. Dövlət dəstəyi ilə aqrar sığorta mexanizmini həyata keçirən Fondun bölgələrdə filialları fəaliyyətə başlayır. Aqrar Sığorta Fondunun ilk filialı Göyçay rayonunda açılıb. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, şəhərin mərkəzində bütün fermerlərin rahat gəlib-gedəcəyi bir ünvanda - Natavan küçəsində fəaliyyətə başlayan filial fermerlərə müstəqil ekspertlərlə daha sıx və operativ əməkdaşlıq etmək imkanı yaradacaq. Filialın açılış mərasimində çıxış edən Aqrar Sığorta Fondunun İdarə Heyətinin üzvü Roman Əmircanov bildirib ki, fondun bölgələrdə fəaliyyətə başlayacaq filialları fermerlərə aqrar sığorta sistemi ilə bağlı daha yaxşı xidmət göstərməyə, təsərrüfatlarda yaranan risklərə çevik reaksiya vermək imkanı yaradır.
Tədbirdə iştirak edən Göyçay Rayon İcra Hakimiyyətinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, Fondla əməkdaşlıq edən sığorta şirkətlərinin təmsilçiləri, yerli fermerlər filialın açılışından məmnun olduqlarını, bundan sonra təsərrüfatlarını sığortalayanların sayının daha da artacağını bildiriblər. Hazırda fond tərəfindən 48 məhsul və 29 risk üzrə sığorta təminatı təqdim olunmaqdadır. Bitkiçilik məhsulları bir çox risklərdən o cümlədən dolu, fırtına, qasırğa, sel və ya subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları və sair hallardan sığortalanır. Kənd təsərrüfatı heyvanlarının sığortlandığı risklər siyahısı da olduqca genişdir. Bura yoluxucu xəstəliklər, ilan və həşərat sancması, təbii fəlakətlər, zəhərli otlar və yemlərdən zəhərlənmə, vəhşi heyvanların hücumu, təbii fəlakətlər və yanğın, məcburi kəsim və s. risklər aiddir. Aqrar sığorta xidmətinin keyfiyyətini artırmaq, zərərlərinin qarşılanmasında istehsalçıların və fermerlərin məmnuniyyətini yüksəltmək, xidmətlərin daha əlçatan olması məqsədilə ilin sonuna qədər daha bir neçə bölgədə Aqrar Sığorta Fondunun filiallarının açılması nəzərdə tutulur.