İş adamlarının çap mediaya reklam dəstəyi milli mənafe məsələsidir - Agentlikdən maraqlı ideya...
8 İyul 2022 12:45 SosialMüasir medianın inkişafına, maliyyələşməsinə, yaşamasına dövlət ciddi dəstək göstərsə də, iş adamlarının, sahibkarların, milyonçuların yerli mediaya maddi dəstək verməsi hallarını müşahidə etmirik. Bu gün ölkə sahibkarlarının əksəriyyəti heç çap mediasına reklam da vermək istəmir, sosial reklam layihələrinin işıqlandırılmasına çalışmır, reklam verənlər də mütləq mənada pul qazanmaq, gəlir əldə etmək istəyir.
Milli mənafe isə yaddan çıxır. Halbuki, başda Hacı Zeynalabdin Tağıyev olmaqla, bizim böyük milyonçularımız çap mediasına dəstək göstəriblər, bu dəstəyi milli mənafe, milli maraqlar naminə verməyi miras qoyublar. Onlar məhz qəzetlərə pul qazanmaq yox, dilimizi, mədəniyyətimizi, milli mənafeyimizi qorumaq, maarifçiliyi yaymaq üçün maddi dayaq durublar. Fikrimizcə, bu böyük xəzinəyə çağdaş iş adamlarının da qatqısı olmalıdır. Son zamanlar mətbuatda ən çox müzakirə edilən məsələlərdən biri reklam məsələsidir, birmənalı olaraq deyə bilərik ki, iş adamları, sahibkarlar qəzetlərə reklam versələr və reklam bazarı işə düşsə medianın çətinlikləri arxada qalar. Reklam bazarının bu şəkildə olması da yenə iş adamlarından asılıdır. Bu gün sahibkarlar, iş adamları təmənnasız şəkildə çap mediasına arxa-dayaq olmalıdır.
Bildirək ki, MEDİA Agentliyinin şöbə müdiri Natiq Məmmədli AzTV-nin "Çıxışa doğru" proqramında medianın reklam bazarından danışarkən olduqca maraqlı nüanslara toxunub, MEDİA-nın çox maraqlı ideyasını ictimaiyyətə çatdırıb. N.Məmmədli deyib ki, media daha çox reklam əldə etmək yarışında öz simasını itirməməli və hər hansı sponsor dəstəyi medianın peşəkar fəaliyyətini yerinə yetirməsinə mane olmamalıdır. "Dövlət media sahəsində fəaliyyətini stimullaşdıran addımlar atır, amma bu bir kommunikativ prosesdir. İctimai maraqlardan çıxış etməklə daha çox reklam əldə etməyin innovativ yolları barədə bizim media menecerləri özləri düşünməlidir. Görünən odur ki, Azərbaycanda media menecmenti qocalıb, onun müasir çağırışlara cavab verməyə taqəti çatmır".
Natiq Məmmədli, həmçinin, "Reklam yalnız bir məhsulun tanıdılması kimi başa düşülməməlidir, burada məsələnin sosial tərəfləri var. Hacı Zeynalabdin Tağıyev 1897-ci ildə 57 min rubl verib "Kaspi" qəzetini alanda məgər ondan gəlir əldə etmək istəyirdi? Bizim milli burjuaziya Rəsulzadənin, Ağaoğlunun, Əli bəy Hüseynzadənin "Tərəqqi", "İrşad", "Həyat" qəzetlərinə gəlir əldə etmək üçün pul ayırırdı? Onların məqsədi pul qazanmaq idi? Milli mətbuata dəstək milli maraqlarımıza olan dəstəkdir. Məsələyə bu aspektdən yanaşmaq lazımdır".
Heç şübhəsiz, sahibkarlar milli medianın, çap mediasının maliyyələşdirilməsində rol oynamalıdır və çap medianın maliyələşdirilməsində iş adamlarının iştirakı çox vacibdir. Qeyd edildiyi kimi, ancaq bu olduqca zəif gedir, çünki onlar mallarını mətbuatda reklam etmək və birbaşa pul qazanmaq haqqında düşünürlər. Natiq müəllimin də yerində dediyi kimi, Tağıyev pul verib "Kaspi" qəzetini alanda məqsədi pul qazanmaq deyildi, onu milli mənafelər maraqlandırırdı. Çap medisına dəstək əslində milli mənafeyə xidmət və dəstək anlamındadır. Vacib deyil ki, bu istiqamətdə sahibkarlar pul qazansınlar. Çap mediasına dəstək dilimizə, dilimizin qaydalarının qorunması, gündəlik tarixi salnaməmizin qorunub saxlanılması, jurnalistika prinsiplərinin qorunub saxlanılması deməkdir. Bəzilərində belə rəy var ki, çap mediasının kütləvi oxucusu yoxdur və biz maliyə ayırsaq nə qazanc götürə bilərik? Çox da ki, çap mediasının kütləvi oxucusu yoxdur, əlbəttə, dəstək verilərsə bunun oxucuların say dairəsinə necə təsir edəcəyi qısa zamanda bilinər. Təki yerli sahibkarlar yerli qəzetlərə sosial reklam verməyə maraq göstərsinlər...
Şakir Ağayev: "Sahibkarların yerli mətbuata, xüsusən də çap mediasına milli maraqlar, milli mənafelər naminə sponsorluq etməsi çox gözəl olardı və müsbət effekt verərdi"
"Novoye Vremya" qəzetinin baş redaktoru Şakir Ağayev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, MEDİA Agentliyi tərəfindən qaldırılan məsələ çox aktual və yerində səsləndirilən məsələdir: "Yerli sahibkarların yerli mətbuata, xüsusən də çap mediasına milli maraqlar, milli mənafelər naminə sponsorluq etməsi çox gözəl olardı və müsbət effekt verərdi. O sahibkarlar bilməlidir ki, məhz Azərbaycanın milli maraqları təmin olunarsa və Azərbaycan bütün sahələrdə inkişaf edib güclü dövlət olarsa sahibkarların da fəaliyyəti bir o qədər genişlənər, daha çox işlər görərlər. Azərbaycan milli mətbuatı, çap mediasının əksəriyyəti də ilk növbədə Azərbaycanın milli maraqlarını qorumaq üçün fəaliyyət göstərir. Milli dövlətçilik maraqlarını, milli mənafemizi qoruyan çap mediasına da təbii ki, xeyriyyəçilik formasında dəstək göstərilməlidir. Bununla demirəm ki, sahibkarlar qazandıqları pulların bir hissəsini mediaya versin, xeyr. Onlar bu işi, şübhəsiz ki, reklam vermək, qarşılıqlı əməkdaşlıq formasında edə bilərlər. Onlar məşğul olduqları sahənin reklamını çap mediası vasitəsilə həyata keçirə və mediaya dəstək ola bilərlər. Bilirsiz ki, hər bir şirkətin özünün piar proqramı var və onlar piar üçün bəlli məbləğdə pul ayırırlar. Təbii ki, bunlar olarsa çox yaxşı olar.
Mən bir neçə dəfə bu məsələni mətbuatda və görüşlərdə də qaldırmışam. Məsələn, Azərbaycanın neft və qazdan sonra ən pioritet məsələlərindən biri məhz turizmdir. Turizm sahəsində sahibkarlar çap mediasına köməklik göstərə bilər və bundan özləri də mənfəət göstərə bilərlər. Bu şirkətlərin tərkibində çox böyük otellər, restoranlar, xidmət sahələri var. Ən azından o yerlərdə qəzetlərin satışını təşkil edə, qəzetlərdə öz fəaliyyətləri barədə müxtəlif dillərdə məlumatlar çap etdirə bilərlər. Mən özüm rusdilli qəzetin baş redaktoruyam və turizm şirkətləri bizim qəzetdə məqalə çap etdirsə rusdilli turistlər o yazını oxuya və daha çox məsələlərlə tanış ola bilər, Azərbaycan, onun gəzib görməli yerləri, mədəniyyəti, mətbəxi və sair barədə məlumat ala bilərlər. Azərbaycana turistlər ən çox Birləşmiş Ərəb Əmirliklərindən, qonşu İrandan, Rusiyadan, Gürcüstandan və başqa ölkələrdən gəlir".
Ş.Ağayev hesab edir ki, turizm sahəsini bir nümunə kimi göstərib, başqa sahələrdə çalışan sahibkarlar da çap mediasında sıx əməkdaşlıq edə bilər: "Çox təəssüf ki, hələ bizim iş adamları bunu etmək istəmirlər. Natiq müəllimin qaldırdığı bu məsələ çox yerində və gündəmdə olan əhəmiyyətli məsələdir. Bu Azərbaycan çap mediasının inkişafında da böyük rol oyanaya və bir növ də dövlətin yükünü azalda bilər".
Faiq Balabəyli: "...İş adamları mediaya reklamları ilə dəstək olmalıdırlar ki..."
Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli də "Bakı-Xəbər"ə bildirdi ki, ideya çox gözəldir və sahibkarlara ünvanlanan bir mesajdır. F.Balabəyli hesab edir ki, yerli sahibkarlar mediadan öz maddi çıxarları, korparativ maraqları naminə istifadə etməməli, əksinə, milli təəssübkeşlik sərgiləməlidir, çap mediasına, bütövlükdə KİV-lərə təmənnasız sponsorluq etməlidirlər. F.Balabəylinin fikrincə, bir şirkətin, bir iş adamının, sahibkarın qəzetlərə, saytlara reklam verməsi, yaxud onlara başqa bir formada sponsorluq etməsi onunla nəticələnməməlidir ki, o KİV-lər o şəxslərə xidmət etsin, bu millətə, dövlətə fayda verməklə nəticələnməlidir: "Olduqca maraqlı bir məsələdir və qəzetlərin, saytların yaşaması üçün mütləq mənada maddi dəstəyə, sponsora ehtiyac var. Bu sponsor da təmənnasız olmalıdır, məqsədi pul qazanmaq, gəlir götürmək deyil, milli mənafemizə xidmət etmək olmalıdır. Bizim xeyiyyəçilərimiz zamanında millətin mənafeyi naminə pullar xərcləyiblər, müasir sahibkarlar da onların yolunu tutsaydılar yaxşı olardı. Bizdə bu istiqamətdə zəngin xeyriyyəçilik ənənəsi var və bu ənənə iş adamları tərəfindən günümüzdə də davam etdirilməlidir".
F.Balabəyli təəssüflə qeyd etdi ki, ümumiyyətlə, KİV-lərə sponsorluq edən və etmək istəyən şəxslərin çoxu onları öz təsiri altında saxlamaq istəyir: "Artıq illərdir ki, mətbuatın azad olmasından, söz azadlığından bəhs edirik. Amma təcrübə göstərir ki, bəzən kənar müdaxilələr mətbuatın azad olmasına, azad fəaliyyət göstərməsinə mane olur ki, burada da medianın inkişaf etməsindən, düzgün, dolğun, obyektiv xəbərlərin yayınlanmasından danışmaq çətin olur. Nədir bu maneələr? Azərbaycanda sosial şəbəkələr bəzən yazılı medianı da, onlayn medianı da iflic vziyyətə salır. Peşəkarıların, ixtisaslı jurnalistlərin xəbər daşıyıcısı olan KİV-lərdə yazdıqlarını, heç bir məhdudiyyət, diqqət, peşəkarlıq olmadan sosial şəbəkəlkərdə tirajlayırlar ki, bu da birmənalı olaraq KİV-in ayaqlarından asılan daş kimi onun inkişafına mane olur. Amma bundan əlavə də, bəzən qəzet və onlayn media işlərini yaxşı qurmaq üçün sponsor köməyinə ehtiyac duyur. Sponsorların isə özlərinin maraqları olur və müraciətə ilkin münasibət buradan mən nə qazanacam, demələri olur. Demək, hər kəs özünün mənfəətini düşünür ki, fərdlərin mənfəət əldə etmələri dövlətin mənfəətindən önə çəkilir. Yəni onlar Azərbaycan respublikasının siyasətini deyil, xalqın informasiya qıtlığından qurtulmasını deyil, şəxsi maraqlarını düşünürlər. Yaxud sponsorların əksəriyyəti sponsorluq edəcəkləri media nümayəndələrini, eləcə də medianın özünü inhisarda saxlamağı düşünürlər. Hər kəs özünün mirzəsini maliyyələşdirmək istəyir ki, bu da medianın inkişafına mane olur. Əslində isə iş adamları mediaya reklamları ilə dəstək olmalıdırlar ki, bundan özləri də yararlana bilsinlər. İşlərinin mükəmməl, gəlirli sahəyə çevrilməsi üçün medianın dəstəyinə də güvənsinlər, reklam bazarlarında aktiv olsunlar".
(Bakı Xəbər)