Qurban bayramı - saflıq, təmizlik bayramı...
8 İyul 2022 12:50 SosialBu bayram İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır
Azərbaycan xalqı qədim zamanlardan bu günə kimi sitayiş etdiyi İslam dininin bütün dini bayramlarını, dini mərasimlərini layiqli şəkildə yaşadır. Xalqımız İslam dininin ən gözəl bayramlarından biri olan Qurban bayramını da hər zaman təntənə ilə qeyd edir. Dini ayinlərin və bayramların qadağan edildiyi Sovetlər Birliyi zamanı da Azərbaycan xalqı Qurban bayramını gizlin şəkildə də olsa keçirib, ata-babalarımız özlərindən sonra gələn övladlarına Uca Tanrının buyurduğu bu bayramı keçirməyi və qoruyub saxlamağı tövsiyyə edib. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir. Bu bayram münasibətilə ölkəmizdə 2 gün qeyri iş günü elan edilib. İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da təmtəraqla qeyd olunur.
Məlumat üçün qeyd edək ki, Qurban bayramı-İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.
Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi. Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda yazılmışdır.
Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar.
Onu da qeyd edək ki, üç səmavi dinin-Yəhudilik, Xristianlıq və İslamın hər üçündə də müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur. İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Bütün dinlərdə icra edilən qurban İslamda hicrətin ikinci ilində əmr edilmişdir. İslama görə, qurban "Allaha yaxınlaşdıran şey" mənasına gəlir. Bir başqa sözlə ifadə etsək, qurban Allaha yaxınlaşaraq, onun rizasını qazanmaq üçün Qurban bayramı günündə ibadət niyyətiylə və Allahın adıyla kəsilən heyvana deyilir. Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir.
Məlum olduğu kimi İslam dini humanizm, bərabərlik və qardaşlıq təbliğ edən bir dindir. Dinimiz digər səmavi dinlərə də hörmət və izzət göstərməyimizi tövsiyə edir. Buna əsaslanan Azərbaycan xalqı ölkəmizdə yaşayan digər xalqlara və başqa dini mənsublara hörmətlə yanaşır. Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin nümunəvi daşıyıcısı kimi tanınır. Azərbaycanda bütün xalqlar dini mənsubiyyətlərindən asılı olmayaraq bir ailə kimi yaşayırlar. Bu hörmətə və qayğıya əsaslanaraq Qurban bayramı günlərində başqa dinə mənsub xalqlar da Azərbaycan xalqını təbrik edirlər.Təsadüfi deyil ki, Prezident İlham Əliyev hər il Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir, ən xoş arzular diləyir. Prezident cənab İlham Əliyev mənsub olduğu İslam dinini hər zaman uca tutur, bu dinin bərabərlik, qardaşlıq dini olduğunu bütün dünyaya çatdırır. Qürurla demək olar ki, bu gün Azərbaycan xalqının öz dinini uca tutan, ona ehtiram göstərən və öz xalqını sevən bir lideri var. Uca Tanrı Azərbaycan xalqını qorusun".
Alim