Yana-yana bahalaşan siqaret və yaxud “Qaz vurub, qazan dolduran” inhisarçılar

Yay fəslini yarılasaq da mövsümi meyvə və tərəvəzlərin qiymətində ucuzlaşma müşahidə olunmur. Xüsusən meyvələrin istər pərakəndə, istərsə də topdansatış qiymətləri "əl yandırır". Etiraf edək ki, dünyada gedən proseslərin ölkəmizə də təsiri qaçılmazdır. Azərbaycan dünyaya inteqrasiya etdiyindən təbii ki, bahalaşma prosesindən kənarda qala bilməz. Onu da qeyd edək ki, idxal məhsulların qiymətindəki artımları müəyyən mənada başa düşmək, obyektiv səbəblərini sadalamaq mümkündür. Lakin ölkə daxilində istehsal edilən və rəsmilərin durmadan bütün sahələrdə artım olduğunu, müxtəlif məhsullar üzrə ölkənin özünü təminetmə səviyyəsinin yüksəldiyini deməsilə qiymətlər arasındakı təzada heyran qalmamaq olmur.

Aparılan müşahidələr deməyə əsas verir ki, Bakı şəhərinin bütün satış mərkəzlərində, eləcə də kənd təsərrüfatı yarmarkalarında qiymət artımı baş verib. Etiraf edək ki, hazırda dünyanın elə bir neməti yoxdur ki,  Azərbaycan bazarlarında olmasın. Vaxtilə əlçatmaz görünən sitrus meyvələri indı təkcə bayram günləri deyil, elə adi günlərdə də  dükan-bazarlarımızı bəzəyir. Bazardakı piştaxtalarda səliqə ilə düzülən müxtəlif çeşidli ərzaq məhsulları, meyvələr insanın  zövqünü oxşayır. Amma onlara yaxınlaşmaq hər kəsin  görə biləcəyi iş deyil. Çünki bu növ məhsulların qiymətləri "od tutub yanır".

Müşahidələr deməyə əsas verir ki, hazırda bütün növ məhsulun qiymətində artım var. Yəni, ərzaq, kənd təsərrüfatı, sənaye məhsullarından tutmuş mebel, telefon, kosmetik və parfümeriya məhsullarına qədər qiymət artımı müşahidə olunur. Ən çox artım isə ərzaq və kənd təsərrüfatı mallarında qeydə alınıb. Belə ki, əvvəlki illərdə 3 kiloqramı 1 manata olan soğan hazırda 1 manat 10 qəpiyə təklif edilir. Yenə də illər əvvəl 3 kiloqramı 1 manata olan kartofun qiyməti 0.70 qəpik- 1 manat 40 qəpik arasında dəyişir. Mövsümü meyvələrə isə əl vurmaq olmur, çünki qiymətləri əl yandırır. Gilas, gilənar, ərik, şaftalının qiyməti 2-8 manat arasında dəyişir. Hazırda bazarda da kifayət qədər bolluğu müşahidə edilən ərik növündən asılı olaraq 2-6 manata satılır.

Göstərilən qiymətlər deməyə əsas verir ki, ölkədə məhsul bolluğunun olmasına baxmayaraq qiymətlər durmadan artır. Məlum olduğu kimi İran, Türkiyə, Dubay, Argentina və başqa ölkələrdən meyvə idxal edilir. Bəzi hallarda isə hətta yerli məhsullar xarici mal adı altında alıcılara sırınır. Qeyd edək ki, regionlarda meyvə və tərəvəzin qiyməti elə də baha deyil. Məsələn, rayonlarda əriyin bir kiloqramı 1-1,5 manat, gilasın kiloqramı isə 2 manata təklif olunur. Lakin həmin məhsullar paytaxtda 6-8 manata satılır. Əldə etdiyimiz məlumata görə, regionlarda məhsulun qiymətini saxlama kameraları diktə edir. Belə ki, inhisarçılar sahibkarlardan məhsulu özlərinə sərf edən qiymətə alır, istədikləri qiymətə satır. Maraqlı məqam ondan ibarətdir ki, həmin "işbazlar" kəndçinin öz məhsulunu bazara çıxarmasına imkan da vermir. Bu isə o deməkdir ki, ölkədə bazar qanunları işləmir, qiymətlər heç də tələb və təklif əsasında formalaşmır. Rəqabət mühiti olmadığından qiymətləri inhisarçılar müəyyən edir. Beləliklə süni qiymət artırmı   əhalinin aşağı təbəqəsinin, son dövrlərdə isə orta təbəqənin də büdcəsinə ciddi ziyan vurur.

Baxmayaraq ki, əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə paytaxtda yarmarkalar keçirilir,  ucuzlaşma hələ ki, müşahidə olunmur. Rəsmi dövlət orqanları isə hələ də monitorinq aparmaqla məşğuldur. Çox qəribədir ki, hər dəfə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mütəmadi olaraq bazarlarda monitorinqlər apardığını, sünii qiymət artımına qarşı amansız mübarizə aparıldığını bəyan etsə də heç bir müsbət nəticə hasil olunmur. Maraqlı məqam ondan ibarətdir ki, rəsmi qurumların nümayəndələri qiymət artımını tələbatın çox olması ilə əsaslandırırlar. Belə məlum olur ki, əgər insanlar yay fəslində mövsümi məhsullardan istifadə etməsələr qiymətlərdə ucuzlaşma baş verəcək. Üstəlik baş verən bahaçılığın qarşısını almaq əvəzinə, utanıb-çəkinmədən efirlərdən guya yarmarkalardakı qiymətlərin digər bazarlarlardan 25-30 faiz aşağı olması barədə yalan  söyləyirlər. Hökumət hər dəfə bəyan edir ki, qiymət artımının ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısının alınmasına, ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetiriləcək. Qiymət artımı ilə əlaqədar hökumət mümkün olan bütün qabaqlayıcı tədbirləri görür və bundan sonra da görəcək. Süni qiymət artımının qarşısının alınması ilə bərabər, idxalın əvəzinə istehsalın artırılması nəzərdə tutulur. Çox təəssüf ki, reallıqda bunun nəticəsini görmək hələ ki, mümkün olmayıb.

Qeyd edək ki, qiymət artımı təkcə Azərbaycanda deyil, bütün dünyada baş verən qaçılmaz prosesdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, dünyada ərzaq qiymətləri ötən 10 ildə ən yüksək həddə çatıb. Qiymət artımının əsas səbəbləri ekoloji dəyişikliklər, dünyanın müxtəlif bölgələrində siyasi və sosial qeyri-sabitlik, pandemiya şəraiti, artan yanacaq qiymətləri, logistika prosesinin bahalaşması və xammal qıtlığının yaranmasıdır. Buna baxmayaraq ekspertlərin qənaətinə görə, hazırki şəraitdə Azərbaycanda yerli məhsulların qiymətlərinin artması üçün heç bir iqtisadi əsas yoxdur. Qiymət artımı yalnız süni şəkildə baş verir ki, onun da əziyyətini sadə vətəndaşlar çəkmiş olur. Xüsusən, "işbazlar" xarici turistlərin ölkəyə axınından sui-istifadə edərək qiymət artımına rəvac verirlər.

Məhz bu kimi amillərin nəticəsidir ki, artıq bir neçə gündür Azərbaycanda siqaretlərin qiymətlərində yenidən artım müşahidə edilir. Belə ki, satışa çıxarlan bəzi növ siqaretlər hətta 20-30 qəpik bahalaşıb. Heç də təsadüfi deyil ki, yaranmış vəziyyət insanlar arasında narahatçılığa rəvac verib. Maraqlı məqam ondan ibarətdir ki, hazırda siqaretin qiymətinin artması üçün heç bir iqtisadi əsas olmadığı halda bahalaşma dalğası haradan qaynaqlanır? Xatırladaq ki, hazırda dünya bazarında siqaretlərin qiymətlərində  elə bir artım yoxdur ki, ölkəyə idxal edilən məhsulların qiymətinə təsir etsin. Əksinə, qaçaqmal yolu ilə Azərbaycana gətirilən siqaretlər uğuz qiymətə realizə edilir.  Belə halda, Azərbaycanda siqaretlərin bahalaşması nə ilə əlaqədardır? Sözügedən bahalaşma siqaret çəkən ailələrin büdcəsinə hansı formada mənfi təsirini göstərəcək?

Məlumat üçün qeyd edək ki, respublikamızda gedən iqtisadi proseslər həm qiymət, həm keyfiyyət, həm də digər kriteriyalar baxımından dünya bazarında gedən proseslərdən tamamilə fərqlidir. Belə ki, ölkəmizdə siqaretin qiymətinin artırılmasının heç bir iqtisadi əsası yoxdur. Bu məsələdə yalnız siqaret sahəsini inhisara alan məmurların marağı var. Belə ki, inhisarçılar yaranmış fürsətdən istifadə edərək daha çox gəlir əldə etmək istəyirlər. Düzdür, onlar bu məhsulları dollarla əldə edirlər, ancaq buna baxmayaraq, Azərbaycana gətirilən siqaretlər kifayət qədər baha qiymətə satılır. Digər tərəfdən, hökumət istəyir ki, spirtli içkilərin, siqaretin qiymətini artırmaqla dövlət büdcəsinin gəlirlərini artırsın.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda tütün istehsal olunur və bu gün ölkəmiz idxal etdiyi həcmdə də tütün məmulatları ixrac edir. Düzdür, respublikamızda tütün istehsalı ilə bağlı heç bir problem yoxdur və tütün istehsalını artırmaq mümkündür. İş burasındadır ki, yalnız istehsalla bu məsələ bitmir. Siqaretin tərkibində kifayət qədər komponetlər var və onlar ya ölkəmizdə istehsalı olunmalı, ya da xaricdən gətirilməlidir. Hazırda Azərbaycanda siqaret istehsal edilməsinə baxmayaraq dünyanın ən çox siqaret istehlak edən ölkələri sırasında yer alıb.

Azərbaycan daxili istehsal hesabına tütün məmulatlarına olan tələbatını tam şəkildə ödəyə bilər. Sadəcə idxalda marağı olan bəzi qüvvələr var ki, buna ciddi şəkildə maneə olurlar. Azərbaycanda tütünçülüyün inkişafı üçün elədə ciddi kapital qoyluşuna ehtiyac yoxdur. Bu gün hansı istehsal sahələrinə ehtiyac varsa, dövlət o sahə üzrə öz üzərinə düşün vəzifəni həyata keçirir. Lakin o da faktdır ki, Azərbaycanda siqaret istehlakı idxaldan asılıdır. Ona görə də siqaretin qiyməti dünya bazarında siqater məhsullarının qiymətindən asılı olaraq dəyişir. Azərbaycanda təxminən hər 3 nəfərdən birinin siqaret çəkdiyini nəzərə alsaq, bahalaşmanın siqaret çəkənlərin maliyyə durumuna mənfi təsir göstərdiyinin şahidi olarıq. Belə halda siqaretin qiymətinin artmasının iqtisadi tərəflərini nəzərə alaraq onun idxaldan asılılığının aradan qaldırılmasına zərurət yaranır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31