Bu vəzifədə çalışanların maaşları artırıldı, pul təminatları isə azaldıldı - DƏYİŞİKLİYİN DETALLARI

Azərbaycan Milli Məclisin deputatlarının, İnsan Hüquqları üzrə müvəkkilin (ombudsman), Ali və Konstitusiya məhkəmələrinin hakimlərinin bəzi pul təminatları onların vəzifə maaşlarının artılmasından sonra ləğv olunacaq.

Bu dəyişikliklər "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Məhkəmələr və hakimlər haqqında" qanunların və "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Konstitusiya Qanununu"n dəyişdirilməsi ilə mümkün olacaq.

Millət vəkilləri hər ay vəzifə maaşı, vəzifə maaşına əlavə və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergilərdən azad olunan pul təminatı alır. Bundan başqa millət vəkilləri Deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə, hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır.

Əmək haqlarının artırılmasından sonra əlavə təminatlar ləğv olunacaq.

Millət vəkillərinin maaşı parlament sədrinin maaşı əsasında müəyyənləşir. Bu dəyişikliyə qədər parlament sədri 2 475 manat maaş alırdı. Dəyişiklikdən sonra Milli Məclisin sədri 3 550 manat miqdarında aylıq vəzifə maaşı alacaq.

Sədrin yeni maaşına müvafiq olaraq sədrin birinci müavininə 3 195 manat, digər müavinlərə 3 017 manat, komitə və komissiya sədrlərinə 2 840 manat, komissiya sədrinin müavininə 2 662 manat, sıravi deputata isə 2 485 manat vəzifə maaşı veriləcək. Qanuna edilən dəyişikliklə sıravi deputatın maaşı 752,5 manat artmış olacaq.

Millət vəkilləri əməkhaqqından əlavə hər ay maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə də alacaqlar. Ümumilikdə, bir millət vəkilinə hər ay ən azı 7 455 manat maaş və əlavə hesablanacaq.

Eyni qaydada hakimlərin və ombudsmanın maaşı artırılır, əlavə təminatlar isə dayandırılır.

Qüvvədə olan qanuna əsasən, Ali Məhkəmənin sədrinin maaşı Milli Məclisi sədrinin aylıq vəzifə maaşı həcmində olmalıdır. Milli Məclisin sədrinin maaşı 3 550 manat olduğundan Ali Məhkəmə sədri də bu qədər maaş alacaq. Bundan əlavə Ali Məhkəmənin sədrinə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödəniləcək. Yəni Ali Məhkəmənin sədrinə vəzifə maaşı və vəzifə maaşına əlavə olmaqla, ümumilikdə aylıq 7 100 manat ödəniş hesablanacaq.

Dəyişiklikdən sonra Naxçıvan Muxtar Respublikası Ali və Apellyasiya məhkəmələrinin sədrlərinə 3 195 manat maaş, ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin sədrlərinə 2 840 manata maaş, digər məhkəmələrin sədrlərinə 2 485 manat maaş ayrılacaq.

Bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində, bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir.

Ətraflı

Maaş artımlarından sonra hakimlərə məzuniyyətə çıxdığı vaxt verilən iki aylıq əmək haqqı məbləğində müavinət isə ləğv olunur.

O cümlədən hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilməsi də dayandırılır.

Konstitusiya Məhkəməsi hakiminin əməkhaqqı da artırılır. Konstitusiya məhkəməsinin sədri də Milli Məclis sədri qədər, yəni 3 550 manat maaş alacaq.
Məhkəmə sədrinin müavini 3 195 manat, hakimlər 3 017,5 manat maaş əldə edəcək.

Qüvvədə olan qanuna görə, Konstitusiya Məhkəməsi hakiminin əməkhaqqı vəzifə maaşından, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vəzifə maaşına əlavələrdən, digər müavinətlərdən və Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Milli Məclis deputatının aldığı məbləğdə vergilərdən azad olunan aylıq pul təminatından ibarətdir.

Maaş artımından sonra Konstitusiya Məhkəməsi hakiminə əmək məzuniyyətinə çıxdığı vaxt dövlət büdcəsi hesabına birdəfəlik ödəmə qismində iki aylıq əməkhaqqı məbləğində verilən müavinət, hakimlərinin müalicəsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada onlara iki aylıq əməkhaqqı məbləğində birdəfəlik müavinət ləğv olunur.

Ombudsmanın maaşı isə artımdan sonra 3 060 manat olacaq. Eyni zamanda Ombudsmanın aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.

Müvəkkil məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı məbləğində ona verilən pul təminatı dayandırılacaq.


Qeyd edək ki, bu dəyişikliklər əslində ölkəmizdə olan əməkhaqqı artımının davamıdır. 2022-ci ilin yanvarında dövlət büdcəsindən maliyyələşən bütün təşkilatlarda çalışanların maaşı artırılmışdı. Bununla bağlı dövlət başçısının müvafiq sərəncamları oldu.

Hüquqi baxımdan millət vəkillərinin, hakimlərin və ombudsmanın da maaşının artırılması üçün adıçəkilən qanunlar dəyişdirilməli idi. Bu, bir qədər vaxt aparıldığından seçkili orqanlarda çalışanların maaşlarının artırılması ilin ikinci hissəsinə təsadüf etdi.


Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31