Bir ay ərzində Azərbaycanda 800-dən çox insan zəhərlənib: Doqquz nəfəri xilas etmək mümkün olmayıb

İyun ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 844 nəfər müraciət edib.

Bu barədə Mərkəzin Mətbuat xidmətinin rəhbəri  Elnur Hidayətoğlu  məlumat verib.

Məlumata görə, onlardan 170-i Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıblar:

"Qəbul olan xəstələrdən 89-u dərmandan, 29-u sirkə turşusundan, 8-i dəm qazından, biri göbələkdən, beşi etil spirtindən, altısı isə kimyəvi məhluldan zəhərlənib. Digərlərindən biri anafilaksiya səbəbindən, yeddisi allergik reaksiyadan, ikisi isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 21-ni ilan, birini isə həşərat sancıb.

Zəhərlənən şəxslərin 69-u qadın, 92-si kişi, doqquzu uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 170 nəfərdən doqquzu (beşi kişi, dördü qadın) dünyasını dəyişib".

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31