Günvurmadan necə yayınmaq olar?

Ölkədə yay mövsümünün hökm sürməsinə baxmayaraq hələki anomal isti hava şəraiti qeydə alınmayıb. Buna baxmayaraq mövsüm başlayandan etibarən Bakı şəhər Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasına günvurma ilə bağlı bir neçə müraciət daxil olub. Rəsmi məlumata görə, indiyədək 12 nəfər günvurmadan əziyyət çəkərək Təcili Yardıma müraciət edib. Onlardan 10-na xəstəxanada, 2 nəfərə isə yerindəcə yardım göstərilib. İyul-avqust aylarında havanın tempuratorunun yüksələcəyini nəzərə alsaq istivurma və günvurmadan qotunmaq zərurəti yaranır. Bəs, havanın bu kimi təsirlərindən qorunmağın yolları hansılardır?   Əvvala qeyd edək ki, qanunvericiliyə görə, havanın temperaturu 41 dərəcəni aşırsa, açıq havada bütün işlər dayandırılmalıdır. Belə şəraitdə işə ya fasilə verilməli, ya da iş tamamilə dayandırılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, soyuq və isti hava şəraitində fasilələr verilməli və ya iş dayandırılmalıdır. Əgər işə 2-3 saat fasilə verilirsə bu, işçinin əməkhaqqına heç bir təsir etmir. Ancaq iş dayandırıldıqda boş dayanma kimi işçilərə əməkhaqqının 2/3 hissəsindən az olmayaraq ödəniş edilməlidir. Normal hava şəraitində icra edilən işlərə görə isə fasilə və ya işin dayandırılması tələb olunmur. İş əsasən temperaturun 41 dərəcədən artıq olduğu açıq havada aparılırsa, dayandırılmalıdır. İnzibati Xətalar Məcəlləsinə əsasən, işçilər üçün normal iş şəraiti yaratmayan sahibkarları 1000 manatdan 2000 manata qədər cərimə gözləyir. Lakin bütün sadalananlara baxmayaraq günün çox hissəsini çimərlikdə qızmar günəş şüaları altında keçirmə, fasiləsiz günəş altında fiziki işlə məşğul olma kimi məsələlər insanları gün və isti vurma təhlükəsilə üz-üzə qoyur. Nəzərə almaq lazımdır ki, qızmar günəş şüaları ən çox yaşlılar, uşaqlar və xəstələr üçün təhlükədir. Şübhəsiz ki, belə hallar insan orqanizminin həddindən artıq qızması nəticəsində baş verir və ən çox da uşaqlar, kök insanlar, ürək-damar və endokrin xəstəliklərindən əziyyət çəkənlər məruz qalır. Bu zaman beynin qan damarları genişlənir və beyinə güclü qan axını baş verir. Bəzən xırda beyin qan damarlarının qırılması da baş verir. Bütün bunlar isə mərkəzi və periferik sinir sisteminin pozulmasına gətirib çıxarır. Bəs, anomal istilərdən necə qoruna bilərik?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib ki, istivurma uzun müddət xarici mühitdə qalma nəticəsində bütün bədənin həddindən artıq istiləşməsindən yaranan vəziyyətdir. Bu zaman orqanizmin ümumi isinməsi, bədən hərarətinin yüksəlməsi və nəticədə vacib funksiyalarının pozulmasına səbəb olur. İstivurmanın bir növü olan günvurma birbaşa günəş şüalarının düşməsi nəticəsində beyin damarlarının artan temperaturun təsirindən genişlənməsi ilə yaranır. İstivurma günvurmaya nisbətən daha tez baş verir. İstivurma üçün günəş əsas şərt deyil, hava buraxmayan isti paltarda fasiləsiz işləmək, isti havada uzun müddətli və yaxud bir neçə saat havasız, pis ventilyasiya olan yerdə keçirmək kifayət edir: "Günvurmanın əsas əlamətləri üzün qızarması, şiddətli baş ağrısı, başgicəllənmə, gözlərin qaralması, ürəkbulanma, qusma, burundan qanın axması və görmə qabiliyyətinin pozulmasıdır. Xəsarət alan şəxsi dərhal təmiz havaya, kölgəyə, sərin və normal ventilyasiya olan yerə çıxartmaq, paltarının yaxasını açmaq və başı azca qaldırılmış vəziyyətdə kürəyi üstə uzatmaq lazımdır. Başının üstünə soyuq kompress (yaş sarğı) qoymaq, bədənini yaş parçaya bükmək və yaxud soyuq su vurmaq (çiləmək), çoxlu sərin su vermək məsləhətdir. Tənəffüs pozulduğu halda pambığı naşatır spirti ilə isladıb, bir neçə dəfə ehtiyatla şəxsin burnuna yaxınlaşdırmaq lazımdır. Əgər insan özündən gedib, nəfəsi dayanıb, nəbzini əl ilə yoxlayıb tapmaq olmur və ətrafda həkim yoxdursa, bu halda davamlı süni nəfəsvermə və ürəyin qapalı masajı tövsiyə olunur".

Onun sözlərinə görə, yay aylarında uşaqları istivurmadan qorumaq mütləqdir: "Uşağı birbaşa günəş şüalarına məruz qalmasından qorumaq məqsədilə ilk növbədə onun başını və ya bədənini panama və ya dəsmal ilə örtmək lazımdır. Ondan başqa, istivurmanın qarşısını almaq üçün çimərlikdə üzmək ilə qum vannasının qəbulunu növbə ilə etmək məsləhət görülür. Körpənin rasionuna, xüsusilə də gündüz saatlarında və günəş şüası qəbulunu planlaşdırıldığı zaman, meyvə-tərəvəz məhsulları daxil olmalı, yağlı qidalar və ət məhsulları məhdudlaşdırmalıdır. Qazsız içkilər və şəkərsiz kompotlara üstünlük verilməsi tövsiyə olunur. Bu profilaktik tədbirlərinə riayət edilərsə, istivurma təhlükəsi körpələrdən yan keçəcək".

Mütəxəssis onu da qeyd edib ki, isti günlərdə açıq havada olarkən bir sıra məqamlara diqqət yetirmək lazımdır: "Açıq havada, xüsusilə isti yay günlərində günəşin altında olmağınız səhər 10-a kimi və axşam 6-dan sonra tövsiyə olunur. Zərurət yarandığı halda çölə çıxarkən günəş kremi məhsullarından istifadə nəticəsində dərini günəş ləkələrinin yaranmasından xilas edə bilərik. Baş nahiyəsini günəşdən qorumaq üçün gün eynəkləri, qoruyucu papaqlar və çətirlərdən istifadə edilməlidir. Yüngül yumşaq materiallardan hazırlanan paltarı geyinmək, həmçinin çox maye qəbul edilməsi məsləhətdir. Onu da nəzərə almaq lazımdır ki, çox isti havada həddindən artıq idman etmək insan səhhəti üçün təhlükəli ola bilər".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31