Çağın ulduz xəstəliyi, radikallar, maşalar və tamaşaçılar...

Əfsanə Kamal

Başqa sözlə desək, siyasi motivlər üzərində qurulan sosial çaxnaşmalar...

Peşman edərlər adamı, sosial mediada nələrisə tənqid etməyə. Təzə "fob" lar çıxıb meydana. Amma bu adamların azad fikirə qarşı fobiyası var, o, ayrı məsələ.
Danışaq ulduz xəstəliyindən. Əvvəl məşhur olmağın bir yolu var idi. Televiziya. İndi isə məşhur olmadan mümkün deyil televiziyaya çıxmaq. İnsanlar da məşhur olmaq üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxırlar. Məqsədim tənqid yox, məntiqli bir şeylər tapmaqdır. Kimi məşhur olmaq üçün çıxıb xalqın gözündə dəyərli adamları söyür, təhqir edir, kimi də cinsi oriyentasiyası ilə rəqs edir. Hamıya maraqlıdır, görəsən, filankəsin nişanlısı kişidir, ya qadın? İlahi! 
Azərbaycan Şərqdə yeganə ölkədir  ki, həm başına əcaib şeylər taxıb, Allah yazılan plakatlarla çıxış edən adamlarla mübarizə aparır, həm də dikdaban geyinən kişilərlə...
Hərəsinin küləyi bir diyardan gəlir. Ona görə bərk soyuqdəymə aparır bəzilərimizi. Axı, bizlik deyil bu viruslar. Axı, bizdən deyil....
Başqa cür bayraqlar, yarısı qapqaradır, bir qismi də həddən artıq rənglidir. Mənə  bayraqların  mənası maraqlı belə deyil. Ancaq bildiyim tək bir şey var. O da bayrağın "cəbhə" almaq mənasına gəlməsidir. Əgər, sən mənimləsən, qardaşımsan, və ya tolerant bir cəmiyyətdə yaşayırsansa, nəyə görə özün üçün başqa bir bayraq seçirsən?
Yer üzündə var olan bütün bayraqlar bir-biri ilə mübarizə içərisindədir. 
Bir çoxları isə sadəcə bir amala qulluq edir. Çaxnaşma! 
Deyəcəksiniz, dini seçim, cinsi həyat şəxsi seçimdir. Sənə nə bundan? Əlbəttə, şəxsidir. O zamana qədər ki, içərisində siyasi şüar barındırmasın. Azərbaycan gəncini oyuncağa çevirməsin. Əsintisi qərbdən, cənubdan, şimaldan gəlməsin... Bizdən doğulsun!
Əslində bütün bunları siyasi çərçivəyə salmadan yaşamaq mümkündür. Ya da mümkün deyil. İnsan ideologiyasız yaşaya bilmir, görünür. 
Son zəngdəki vəziyyəti təəssüf ki, müşahidə etdim. Hər il olduğu kimi bu il də məzunlarımız köynəklərinə mənasını bilmədikləri simvolları, yazıları həkk etdirmişdilər. Nədir bu həbsdə yatmaq istəyi? Azərbaycan gəncinin gələcəyə baxışı tikanlı hasardan ibarətdir?
Babasının adını bilməyən yeniyetmələr nəyə görə "oğru" dedikləri şəxslərin həyatını əzbərdən danışır? Sağ olsun, təhsil sistemi!
Bizim isə azərbaycançılıqdan başqa amalımız olmamalıdır. 
O amal ki, əsrlər boyu ətrafında birləşən hər kəs ziyalı olub. O ideologiya ki, daima inkişafdan, təhsildən söz açıb... 
Özümüzdən olmayan şeyləri rədd etməli, öz içimizdə yaranacaq cəbhələrə qalib gəlməliyik. Azərcaycan gəncinin mübarizə üsulu qılınc yox, qələm olmalıdır.  Ən azından atalarımızda belə idi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31