MEDİA jurnalist müsabiqəsi elan etdi
20 İyun 2022 12:37 SosialMedianın İnkişafı Agentliyi (MEDİA) fərdi jurnalist müsabiqəsi elan edib.
Agentlikdən Olaylar.az-a bildirilib ki, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada və ya kağız daşıyıcıda quruma təqdim edilməlidir.
Müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim etməkdir.
Müsabiqə aşağıdakı nominasiyalarda keçirləcək.
- ən yaxşı reportaj;
- ən yaxşı ictimai-siyasi təhlil;
- ən yaxşı sosial-iqtisadi təhlil;
- ən yaxşı müsahibə;
- ən yaxşı mədəniyyət materialı;
- ən yaxşı köşə yazısı;
- ən yaxşı jurnalist araşdırması;
- ən yaxşı oçerk.
Jurnalistlər müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində audiovizual media subyektində yayımlanmış və həcmi (xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini də aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edə bilər.
- ən yaxşı ictimai-siyasi reportaj;
- ən yaxşı iqtisadi reportaj;
- ən yaxşı sosial reportaj;
- ən yaxşı mədəniyyət reportajı;
- ən yaxşı idman reportajı.
Materiallar Agentlik tərəfindən cəlb edilmiş 3 (üç) müstəqil ekspert tərəfindən qiymətləndiriləcək.
Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 (beş) jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 (iki) jurnalist və 2 (iki) operator qalib elan ediləcək və mükafatlandırılacaq.
Müsabiqəyə müraciət qəbulu 1 iyul 2022-ci il saat 18:00-dək davam edəcək.