TƏBRİK EDİRİK, SƏİDƏ MÜƏLLİMƏ!
10 İyun 2022 10:41 SosialGünlər keçir, illər illərə calanır, insan çox şeyi unudur. Lakin heç zaman qəlbin dərinlərində kök salmış müəllim yaddan çıxmır, xatirədən silinmir. Axı insana elm qapısının açarını ilk dəfə müəllim təqdim edir, onu əsrarəngiz bir dünya ilə ilk dəfə müəllim qovuşdurur. Ümummilli lider Heydər Əliyev əbəs yerə demirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram".
Müəllim əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, öz yetirmələrinin xoş sorağını alanda müəllimin də qəlbi sevincdən dağa dönür. Uğurlarımızın arxasında müəllimlərimizin illər boyu çəkdikləri gərgin zəhmət dayanır.
İllər boyu bir günəş misalı şagirdlərinin yolunda işıq saçan fədakar, zəhmətkeş müəllimlərdən biri də Naxçıvan şəhər 5 nömrəli məktəbin riyaziyyat müəllimi Səidə Quliyevadır. Səidə Quliyeva o nümunəvi müəllimlərdəndir ki, çəkdiyi əziyyəti, şəfqəti və şagirdlərinə göstərdiyi qayğının nəticəsində neçə-neçə şagirdin ağlında gələcək həyat yolunu müqəddəs müəllimlik peşəsi ilə bağlamağı qərarlaşdırmağa kömək olub.Səidə müəllimə həm də cəfakeş dost, tələbkar müəllim və gözəl anadır!
45 il öncə Naxçıvan şəhər 6 nömrəli məktəbdən məzun olan 10A sinif şagirdləri Səidə Quliyevanı səmimi qəlbdən təbrik edir, ona uzun ömür, can sağlığı, keçdiyi şərəfli həyat yolunda müvəffəqiyyətlər arzulayırlar.