Azərbaycanda dini təhsilin yad təsirlərdən uzaqlaşması üçün mükəmməl addım

"Hazırki vəziyyətdə Azərbaycan Respublikasında məhz dini etiqadlar, vicdan azadlığı, dini təhsil və yaxud dini milli mənsubiyyətimizə görə Azərbaycan hakimiyyətinin və cənab prezidentimizin atdığı bu addımlar təqdirəlayiqdir".
Bunu Olaylar.az-a açıqlamasında ilahiyyatçı Təyyar Hüseynli deyib.
"Buna bir neçə tərəfdən açıqlama vermək istəyərdim. Birinci növbədə, dini təhsildə vahid mərkəzləşmiş formada ali akademik və azərbaycançılıq, milli-dini məfkurənin vəhdəti üslubunda bir elm mərkəzi, bir sözlə, Azərbaycanın ali dini təhsil modeli yaranmalı idi. Bu birmənalı şəkildə bunun ilə də nəticələnməli idi. Çünki, Azərbaycanda dini təhsili fərqli-fərqli istiqamətlərə yönəldici qüvvələr var idi.  Bu gün isə Azərbaycanda vahid bir mərkəz, vahid akademik ali dini təhsilin yaradılması cənab prezidentimizin də məhz özünün şəxsən təşəbbüsü ilə ali dini təhsil ocağının açılışında iştirakı Azərbaycanın dini təhsil tarixində sözün əsl mənasında təqdirəlaiq və lazımi addım idi. Mən bunu alqışlayıram. Ali dini təhsilli ilahiyyatçı kimi belə bir fikir bildirə bilərəm ki, öz təhsil aldığım Bakı İslam Universitetinin və digər ali dini təhsil ocaqlarının birləşdirilib, vahid dini ali təhsil ocağının fəaliyyətə başlaması, Azərbaycanda dini təhsilin uğuru, milli yönündə iqtidara alınması və tamamilə bu təhsildə yad təsirlərdən uzaqlaşması üçün mükəmməl bir addımdır.
Azərbaycanda dini etiqad və vicdan azadlığı dedikdə, milli dini ocaqlara ölkə başçısının münasibətindən söhbət gedir. Misal üçün ideoloji məkanlar lazımdır ki, insanlar rahat, sərbəst ibadət edə bilsinlər. Baxaq görək nə qədər dini ocaqlar tikilib və yaxud da bərpa olunub? İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunan torpaqlarda, xüsusilə məscidlərə önəm verilməsi, Qafqazda analoqu olmayan Heydər məscidinin tikilməsi, insanların azad və rahat ibadət edə bilməsi üçündür. 
Müsəlman ölkələrində və Azərbaycanda orucluq ayıdır. Hər kəs məsləkindən asılı olmayaraq oruc tutur, məscidlərdə ibadət edir. Azərbaycan dövlət televiziya kanallarında dini mövqedən verilişlər, layihələr vardır. Bir sözlə, mən bütün bu atılan addımları alqışlayıram. 
Ola bilər kimlərsə narazı olsun və yaxud bəzi başa düşmədikləri xırda mövzuları şişirdib dini mühitdə ajotaj yaratsınlar. Bu təbii ki, hər kəsin bildiyi xarici xain qüvvələr və dövlətinə xainlik etmiş vətən xainləridir. Azərbaycan Respublikası bu barədə ayıq-sayıqdır və zamanı gəldikdə xəyanət edən şəxsi cəzalandırır.  
Xoşbəxt gələcəkli bir Azərbaycandan danışdıqda mənəvi sektorda da ali dini təhsilin nə qədər əhəmiyyətli olduğunu hər kəs bilir. Vicdanlı, vətəninə və xalqına sədaqətli ilahiyyatçıların və din xadimlərinin fəaliyyəti üçün cənab prezident tərəfindən atılan addımlar yerində və zamanındadır".

Nəsimi Ələsgərli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31