Aqrar sığorta eksperti olmaq istəyənlər imtahan verəcəklər
19 Yanvar 2021 13:07 SosialAzərbaycanda aqrar sığorta eksperti fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün imtahan keçiriləcək. "Olaylar" xəbər verir ki, müstəqil ekspertlər institutunun yaradılması ölkədə tətbiq edilən aqrar sığorta mexanizminin çərçivəsində nəzərdə tutulub. Müstəqil ekspertlər aqrar sığorta zamanı risklərin və dəyən zərərin qiymətləndirilməsi xidməti göstərəcəklər. Müstəqil ekspert statusu almaq istəyən şəxslər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilən imtahandan keçməli, xüsusi təlimdə iştirak etməli və təlimin nəticələrinə görə növbəti imtahanı verərək Azərbaycan Mərkəzi Bankından sertifikat almaqla fəaliyyətə başlaya bilərlər. Dövlət İmtahan Mərkəzi (DİM) aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanını elan edib. Elana əsasən, imtahanlarda iştirak etmək istəyən namizədlərin qeydiyyatı yanvarın 18-dən fevralın 7-dək aparılacaqdır. İmtahanın I mərhələsi fevral ayının 18-də keçiriləcəkdir.
İmtahan iştirakçıların sayı, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq ya kağız daşıyıcılar vasitəsi ilə, ya xüsusi ayrılmış zallarda kompüter vasitəsi ilə elektron formada, ya da xüsusi yaradılmış proqram təminatı vasitəsilə proktorinq (proktorinq - distant video müşahidə və nəzarət qaydasında imtahanın təşkili formasıdır) qaydasında aparılacaqdır. İmtahan kompüter vasitəsi ilə elektron formada aparılacağı təqdirdə Bakı şəhəri üzrə DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında və regionlar üzrə isə DİM-regional bölmələrinin yerləşdiyi binalarda keçiriləcəkdir (DİM-in regional bölmələrinin ünvanlarını dim.gov.az saytından öyrənə bilərsiniz). İmtahan proktorinq qaydasında təşkil olunarsa, namizəd ev və ya ofis şəraitində fərdi kompüterindən (və ya notbukundan) istifadə edərək imtahan verəcək. Proqramın yüklənmə linki DİM-in saytında elan ediləcəkdir. İmtahan kağız daşıyıcılar vasitəsi ilə aparılacağı təqdirdə namizəd buraxılış vərəqində göstərilən vaxtda və yerdə imtahanda iştirak etməlidir.