Komitə qanunsuz tikinti-quraşdırma işlərinin qarşısını aldı
19 Yanvar 2021 12:26 SosialAbşeron rayonu, Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsində - Heydər Əliyev parkının yaxınlığında piyada səkisi üzərində ticarət köşkünün quraşdırılması ilə bağlı yerli sakinlərin şikayəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil olmuşdur. Komitənin mütəxəssisləri tərəfindən dərhal yerində baxış keçirilərək müəyyən olunmuşdur ki, ticarət köşkü qeyd edilən ünvanda səki üzərində şəhərsalma qanunvericiliyinə və normalarına riayət edilmədən, zəruri razılaşdırılma və icazə prosedurları həyata keçirilmədən quraşdırımış, bununla da piyadaların gediş-gəlişinə maneə yaradılmışdır. Komitədən "Olaylar"a verilən məlumata görə, bununla əlaqədar qurum tərəfindən Abşeron rayon İcra Hakimiyyətinə müraciət edilmiş və Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları"nın tələblərinə uyğun olaraq qanunsuz tikinti-quraşdırma işləri dayandırılmış, konstruksiyanın piyada səkisi üzərindən götürülməsi təmin edilmişdir.
Komitə tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi alınmadan hər hansı tikinti-quraşdırma işlərinin aparılması qadağandır və bu sahədə müəyyən olunmuş tələbləri pozan şəxslərə qarşı qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi təmin ediləcəkdir.