İstehlak üçün yararsız mineral sular məhv edilib
14 Yanvar 2021 15:44 SosialAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir. Xarici ölkələrdən Azərbaycana idxal edilən yeyinti məhsulları AQTA tərəfindən risk əsaslı ekspertizaya cəlb edilir.
Bunu Olaylar.az AQTA-ya istinadən xəbər verir. Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində 12 yanvar tarixində "Tiflis Bazar" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Gürcüstan Respublikasından ölkəmizə idxal olunan "Gudauri" əmtəə nişanlı mineral suyundan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinə edilib. Aparılan müayinələr nəticəsində mineral suda mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarının normadan çox olduğu, məhsulların qüvvədə olan texniki normativ sənədlərin tələblərinə cavab vermədiyi müəyyən olunub.
Bununla bağlı olaraq istifadəyə yararsız "Gudauri" əmtəə nişanlı 0.25 litrlik qablaşdırmada ümumi sayı 570 ədəd, 1.5 litrlik qablaşdırmada ümumi sayı 192 ədəd mineral su məhsulu partiyası "Təhlükəli Tullantılar" poliqonunda Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Gülər Seymurqızı