Döyüş təyyarə və helikopterləri Qələbə paradına hazırlıq məqsədilə Bakı səmasında uçuşlar keçirir
8 Dekabr 2020 12:13 SosialVətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradda iştirak edəcək Hərbi Hava Qüvvələrinin döyüş təyyarə və helikopterləri hazırlıq məqsədilə uçuşlar keçirir.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, Silahlı Qüvvələrin hərbi təyyarələri parada hazırlıq məqsədilə bu gün Bakı buxtası üzərində uçuşlar keçirib.
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir.
Qeyd edək ki, dekabrın 10-da Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət iştirak edəcək, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.
Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.