“Azərbaycan ən gözəlidir, azərbaycanlılar ən yaxşısıdır”
8 Dekabr 2020 11:46 Sosialİkinci Qarabağ müharibəsində canını Vətən üçün fəda edən qəhrəmanlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nurlan Mustafayevdir.
1990-cı ildə dünyaya göz açan Nurlanın hələ uşaq vaxtlarından hərbiyə böyük marağı olub. 8-ci sinifi bitirdikdən sonra C.Naxçıvanski adına Hərbi Məktəbə yollanıb. Daha sonra, təhsilini H.Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirib.
Nurlan ali təhsilini Almaniyada alaraq buraxılışın "Ən yaxşı əcnəbi kursant"ı, "Atıcılıq üzrə qızıl medal"la təhsilini başa vurub. Kəşfiyyatçı kapitan 4 xarici dil bilirdi.
Almaniyada təhsilini bitirdikdən sonra Nurlan Azərbaycana dönərək Xüsusi Təyinatlı Qüvvələrə daxil olur. Nurlan Ruminiya, Gürcüstan kimi ölkələrdə müxtəlif təlim və kurslarda iştirak edib. Türkiyədə keçirilən "Efes 2018" hərbi təlimlərində 23 ölkə arasında Nurlanın üzv olduğu Azərbaycan xüsusi təyinatlıları birinci yerə layiq görülüblər.
"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan ordusunun 100 illiyi" yubiley medalları ilə təltif olunub.
27 Sentyabrda Vətən savaşının ilk günündən düşmənlə üz-üzə qəhrəmanlıqla döyüşüb. Kapitan Nurlan Mustafayev oktyabrın 11-də Hadrut uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Şəhidin anası Rahilə Ramazanova deyir:
Tez-tez xarici ölkələrdə təlimlərdə olurdu. Evə gələn kimi oralar necə idi sualını verəndə cavabı həmişə "Azərbycan ən gözəlidir, azərbaycanlılar ən yaxşısıdır" olardı.
Şəhid oğlunun xatirələrindən danışan ana deyib:
Nurlan meyvəni çox sevərdi. Almaniyada olarkən ayırdığı 4 armudu bölərək müxtəlif ölkələrdən olan otaq yoldaşları ilə bölüşüb. Otaq yoldaşlarının "bizə niyə armud verirsən, o sənindi, özün yeməlisən" sualına Nurlan cavanda " Biz azərbaycanlılar yediyimizi bölüşməyi sevən millətik, siz də yesəz mən şad olaram cavabını verib". Sabahkı gün otaq yoldaşlarından biri 4 dörd dönər alıb evə qayıdıb. Nurlan dedi ki, " mən bildim ki, bizdən öyrənməli çox şeylər var" .
Nurlan mart ayında ailə həyatı qurub. Çox yaxın zamanda bütöv Azərbaycanda dünyaya göz açan şəhid övladı atasını şəkillərdən tanıyacaq, atasının yazdığı yeni və şanlı tarixi oxuyacaq.
Gülər Seymurqızı
Olaylar.az