BİR AİLƏDƏN İKİ ŞƏHİD: Düşməndən atasının qisasını alan oğul

Bir ana tanıyıram - əri şəhid, oğlu şəhid...

Mənfur müharibə lap gənc yaşlarında onu xanımlıq taxtından endirdi. Bəxtəvər həyatı yarımçıq qaldı. Sevimli həyat yoldaşı, ona sevincli günlər yaşadan, nazı ilə oynayan ilk məhəbbəti şəhadətə qovuşdu. İki körpəsi ilə baş-başa qaldı. Sevdiyinin yadigarlarını - qızı ilə oğlunu təkbaşına min bir əziyyətlə böyütdü. Gün gəldi atasız böyüyən bu uşaqlar ailə həyatı qurdular. Ancaq taleyi paramparça olmuş qadın ixtiyar yaşına çatanda müharibə oğlunu da əlindən aldı.

Esmira xanım bakılıydı. Səkkizinci sinfi qurtarandan sonra Zəngilandan gəlib Bakı Rabitə Texnikumuna daxil olan Bahadurla elə texnukumda tanış olurlar. 1962-ci ildə anadan olan Esmira texnikuma daxil olanda Bahadur sonuncu - dördüncü kursda oxuyurmuş.

Əhmədov Bahadur Qabil oğlu 30.10.1958-ci ildə Zəngilan şəhərində anadan olub. 

Texnikumu bitirdikdən sonra 93 nömrəli ATS-də işləməyə başlayır. 1982-ci ildə evlənirlər. 1983-cü ildə Emil, 1986-cı ildə Elnarə dünyaya gəlir. 

Bahadur o vaxtkı SSRİ Silahlı Qüvvələrində əsgərliyini başa vurub geri dönsə də, taleyini yenidən hərbi ilə bağlayır. Onun xidmət etdiyi ordu birləşməsi 1987-ci ildə Polşaya dislokasiya edildiyindən gənc ailə Polşadakı hərbi şəhərciyə yerləşdirilir. Esmira xanımın xoşbəxt günləri bundan sonra başlayır. SSRİ sərhədlərindən kənarda qulluq edən zabitlərə çox yaxşı əmək haqqı verirdilər. Bütün təminatları ödənilirdi. Bahadura leytenant rütbəsi verilmişdi. 

1990-cı ildə doğma ölkəsində vəziyyət gərginləşir. Tərkibində xidmət etdiyi silahlı qüvvələr Bakıda Yanvar qırğınını törədir. Bahadur rus ordusunda xidmətdən imtina edib Azərbaycana qayıdır. Qısa müddət sonra Milli Orduda xidmətə başlayır. Onu qərargah rəisi təyin edərək kapitan rütbəsi verirlər. 1-ci Qarabağ savaşında qəhrəmanlıqla döyüşür. Doğma yurdu Zəngilan uğrunda gedən döyüşlərdə itkin düşür. Döyüş yoldaşlarından biri Bahadurun onun yanında şəhid olduğunu bildirsə də, meyidi bu günə qədər tapılmayıb. 

Esmiranın ağır, məşəqqətli günləri də bundan sonra başlayır. Hamının həsəd apardığı ilahi gözəlliyi Bakıda iki körpəsi ilə təkbaşına qaldığı təkotaqlı mənzilin divarları arasında solur. Sağlamlığını da bu acılı illərin ağırlığı əlindən alır. Hər çətinliyə rəğmən, Esmira xanım iki şəhid övladını böyüdür, oğlunu evləndirir, qızını köçürür. Yenicə rahat nəfəs almağa başlayırdı...

Emil 26.11.1983-cü ildə Bakıda dünyaya gəlmişdi. Yasamaldakı 20 nömrəli orta məktəbi bitirdikdən sonra 8-ci mikrorayondakı aşpazlıq məktəbini bitirir. 18 yaşı tamam olan kimi əsgəri xidmətə yollanır.

İl yarımlıq xidmətini Gəncə şəhərindəki hərbi hissələrdən birində başa vurur və çox keçmədən yenidən hərbi xidmətə qayıdır. Əvvəlcə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (TTM) tankçı peşəsi üzrə serjantlıq (çavuş) kursunda oxuyur.

Üç il çavuş kimi xidmət etdikdən sonra komandanlıq onun nümunəvi xidmətini nəzərə alaraq, müqavilə müddətini artırmaq qərarına gəlir. Emili TTM-də gizirlik kursuna göndərirlər. Kursu bitirən gizir Emil Əhmədov tank komandiri təyin edilir. 2016-cı il aprel döyüşləri və Tovuz istiqamətindəki hücumlar zamanı düşmənin mənfur niyyətlərinin baş tutmamasında onun da rolu olub. Bu döyüşlərdə xüsusi şücaət göstərib. Dəfələrlə komandanlıq tərəfindən medallar və digər rəğbətləndirmələrlə təltif olunub. 2-ci Qarabağ savaşında onun tankı düşmənin başına od ələyib. Anası ilə telefon danışıqlarının birində atasının vətənində olduğunu bildirib. Anası ilə sonuncu telefon əlaqəsindən bir neçə saat sonra isə Şuşaya hücum əməliyyatı zamanı şəhid olub.

Emil ailəli idi. 15 və 13 yaşlarında iki oğlu var - Bahadur və Tofiq. Bahadur Emilin atasının, Tofiq isə Esmira xanımın atasının adıdır. Ailə Xırdalanda kiçik bir mənzildə kirayədə qaldığından Emilin nəşi mənim qonşuluğumda yaşayan xalasının evindən götürüldü.

Xalasının yoldaşı sabiq polis polkovnik-leytenantı Namiq Əliyev bütün əziyyətləri öz boynuna götürdü. Hətta Emilin general Polad Həşimovun dəfn olunduğu Fəxri Xiyabanda dəfn olunacağını eşidəndə, onun necə hönkürtü ilə ağlayıb təşəkkür etdiyinin şahidiyəm.

Bax belə...İKİ şəhid verən, taleyi heç gülməyən bu qadın ağlasın, ya fəxr etsin? Demək çətindir. O isə bütün suallara soyuqqanlı çavab verir. Sanki, "bütün bunların nə mənası var, siz ki, oğlumu mənə qaytara bilməyəcəksiniz" demək istəyir.

Biz qalib gəldik. Hansı məşəqqətlərlə torpaqlarımızdan çıxarılmışdıqsa, min qat əvəzin çıxıb yurd yerlərimizi azad elədik. Amma neyləmək olar, azadlıq qansız-qadasız olmur. 

Hərb tarixinə şanlı səhifələr yazan ordumuzla, öz qanları ilə tarix yazan şəhidlərimizlə daim fəxr edəcəyik! 

Daim Esmira xanım kimi anaların yanında olmaqla onların dərdlərini yüngülləşdirmək isə hər bir Azərbaycan vətəndaşının boynunun borcu olmalıdır!

Zahir Məlikli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31