Aİ-nin 2028–2034-cü illər büdcəsi ətrafında kəskin mübarizə başlayır – ÖZƏL
10:59 SiyasətOlaylar.az xəbər verir ki, Politico-nun diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Avropa İttifaqında 2028-2034-cü illəri əhatə edən yeni yeddiillik büdcə layihəsi ətrafında ciddi ixtilaflar yaranıb. Layihənin detallı müzakirəsinə hələ başlanmasa da, ölkələr xərclər, yeni vergilər və Ukraynanın maliyyələşdirilməsi ilə bağlı sərt bəyanatlar verirlər.
Avropa Şurasının sədri Antóniu Koştanın 21 noyabrda təqdim etdiyi yeni variant Avropa Komissiyasının ilkin təklifi ilə müqayisədə xərclərin 204 milyard avro və ya 10% azaldılmasını nəzərdə tutur. Regionların sosial-iqtisadi inkişafı, rəqabətqabiliyyətlilik, elmi tədqiqatlar və mülki müdafiə xərclərinin ixtisarı təklif olunur.
Diplomatların qiymətləndirməsinə əsasən, layihədən ən çox faydalana biləcək ölkə kənd təsərrüfatı subsidiyalarının saxlanmasını və ümumavropa rəqəmsal rüsumunun tətbiqini istəyən Fransadır. Buna baxmayaraq, Yelisey sarayı təklifi "dərindən məyusedici" adlandıraraq fermerlərin gəlirlərinə kifayət qədər zəmanət vermədiyini bildirib. Bu mövqe xərclərin azaldılmasının tərəfdarı olan ölkələrin narazılığına səbəb olub.
Google və Meta kimi nəhəng texnologiya şirkətlərinə rəqəmsal rüsum tətbiqi ideyası da mübahisə doğurur. İrlandiyanın Baş naziri Mixol Martin və İsveçin Avropa işləri üzrə naziri Yessika Rozenkrans bu təşəbbüsə qarşı çıxıb, diplomatlar isə bunun ABŞ-ın reaksiyasına görə "Pandora qutusunu aça biləcəyi" barədə xəbərdarlıq ediblər.
Ukrayna üçün 100 milyard avro vəsait saxlanılsa da, mövcud və gələcək kreditlər üzrə faizlərin bu məbləğdən ödənilməməsi nəzərdə tutulur ki, bu da borclara xidmət mənbələri ilə bağlı sualları açıq saxlayır.