Qazimiz: “Əvvəl dedilər, ölüb, sonra dedilər, ə, nə sırtıq adamsan sən...”
7 Dekabr 2020 12:43 SosialMüsahibimiz ikinci Qarabağ savaşının iştirakçısı, qazi Famil Eyvazovdur.
- Famil, necəsən? Özünü necə hiss edirsən?
- Yaxşıyam. Hazırda özümü çox yaxşı hiss edirəm. Həm sağlamlıq cəhətdən, həm də mənəvi tərəfdən. Tarixə şahidlik etmişəm, rolum olub. Bir əsgər özünü bu halda necə hiss edə bilərsə, mən də elə...
- Döyüşlərə ilk gündən qatıldın? Yadımdadır ki, sentyabrın ortalarında hələ bu söhbətlər gedirdi, sən isə gedəcəyini deyirdin.
- Hə. Elə də oldu. Mən onsuz da gedəcəkdim. Milli Orduda xidmət eləmişəm. Müharibə başlayandan 2 gün sonra getdim, təlim keçdilər, sonra da döyüşlərə qatıldım. Ta ki yaralanana qədər.
- Necə oldu, Famil? Necə yaralandın? Bir az danışa bilərsənmi?
- Biz ən birinci Füzuliyə getdik. Ən qızğın döyüşlər də elə orada getdi. Füzulidən sonra Hadrut, sonra da Xankəndi. Elə Xankəndidə yaralandım. Yaxınlığımıza minomyot düşdü, zərbəsinə dağdan yumalandım.
- Xatırlayırsanmı sonrasını?
- Onu xatırlayıram ki, ayılanda döyüş dayanmışdı, bizi axtarırdılar. Beynimə qan yığılıb, ayağıma qəlpə girib, barmaqlarımda da qırıq var... Ümumi çox əzilmişdim.
Gördüm, səs gəlir, dedilər, Eyvazovdu, Famildi. Kimsə dedi ki, deyəsən, ölüb. Səsim yaxşı çıxmırdı. Güclə dedim ki, ölməmişəm. Güldülər. Gəlib qucaqlayıb "sən nə sırtıq adamsan" deyib, götürdülər ordan. (gülür) Sonrası da məlum.
- Famil, biz səninlə həm də uşaqlıq dostuyuq. Uşaqlıqda silah-silah oyunu oynayırdıq, mən orda da səni vurduğumu sübut edə bilmirdim...
- (gülür) Hə... Biz bir yerdə oynadığımız uşaqlar özləri oyun çıxardı. Sən məni məhlədə öldürə bilmirdin, ermənilər də Qarabağda öldürəmmədi. (yenə gülür)
- Oranın ab-havasından danış e, qardaş.
- Onu izah eləmək çətin məsələdir. Nə istedadım çatır, nə də hisslərim. Sadəcə, dəhşət. Baxdığımız kinolardan daha artığı, daha təhlükəlisi. Hər dəfə güllə, silahlar, atışma, bombalar, minomyot... Nələr-nələr.
- Psixoloji olaraq necə, özünü yaxşı hiss edirsənmi?
- Onu dəqiq bilmirəm. Amma deyəsən, hə. Hər şeyi gözə almışdım. Hər şeyin ola biləcəyini, görə biləcəyimi də bilirdim. Elə də dəyişiklik yoxdu. Orada olanda şok effekti olurdu.
- Yadında qalan ən dəhşətli hadisələrdən hansını heç vaxt unutmayacaqsan?
- Heç birini. Orda alınan hər nəfəs ölümdür. Atılan minomyotdan şəhid düşən əsgər yoldaşlarını görmək, zərbədən dəhşətli hala düşmələri... Hər birimizin sinəsində gilizin içində adımız soyadımız var idi ki, birdən tanınmaz hala düşərik... Bir əsgər dostumun qolunu ağacdan özüm götürdüm... Bunlar mənim nə həyatımdan, nə ağlımdan, nə də yuxularımdan çıxar. Elə özüm yaralananda da yanımda şəhid olan əsgər yoldaşım. Mən bir möcüzə nəticəsində sağ qaldım. Əslində, minomyotun zərbəsi məni öldürməli idi, amma möcüzə oldu. Mən yıxıldım, yaralandım, o, dəhşətli şəkildə şəhid düşdü... Allah hamısına rəhmət eləsin...
- Amin. Bizim, sənin Qarabağı görməyə yaşımız çatmadı. İlk dəfə ayaq basdığın o yerlərdə nə hiss elədin? Dedinmi bura vətəndir?
- Dediyim kimi, birinci Füzuliyə girdik. Orada dağılmış evləri görəndə elə bildim ki, Qarabağ buradı, vətən buradı. Vandallar daşı daş üstə qoymamışdı. Hər yan, hər ev dağılmış vəziyyətdə. Məscidlər, abidələr, tarixi yerlərimiz nə gündə. Əksəriyyətini artıq hamı görüb.
- Bəs Hadrut?
- Ora babat idi. Yəni, döyüşdən əvvəl. Sonra dağılma oldu təbii şəkildə. Döyüş bitəndən sonra Hadrutun içində də maraqlı oldu. Biz bir evə girdik, 2 gün sonra xəbərimiz oldu ki, bir az aralıda evdə 2 erməni əsgəri gizlənib. 2 gündür ac-susuz qorxularından dayanıblar orda. Orda onsuz da onların çoxunu elə tapdıq. Döyüşdən sonra bəzi şeylər edib, işarə edirdik, qorxularından yerlərini bildirirdilər.
- Əsir götürdükləriniz oldu?
- Hə. Bir erməni əsgərini götürmüşdük.
- Öldürdünüz?
- Yox. Təslim olmuşdu. Mülki əhalini görəndə də heç nə etmədik.
- Başqa nələr gördün?
- Başqa nələr gördün deyəndə, hər şey. Bildiyimiz yaşayış olan yer idi. Telefon mağazasına girdik. Əməlli ayfonlar zad. (Gülür). Amma təbii ki, qənimətləri təhvil verirdik. Pullar, qızıllar və digər şeylər.
- Famil, ümumilikdə hər şeydən razısanmı? Hər hansısa bir məsələdə peşmanlıq hissi varmı, olubmu heç?
- Peşmanlıq yox, amma pis oldum. Tez yaralandığıma, sonunadək iştirak edə bilmədiyimə görə. Amma buna da şükür. İstəyimizə nail olduq. Qanımız, canımız bahasına. Allah bütün şəhid olan əsgərlərə rəhmət eləsin, sağlamlığını itirənlərə şəfa versin. Hər şey yaxşıdır, ümid edirəm, bundan sonra daha da yaxşı olacaq.
- Biz də sənə bu şərəfli yoldan keçdiyin, bizim üçün etdiklərin üçün təşəkkür edirik. Sizsiz olmazdı.
- Çox sağ ol. Çox sağ olun. Hər şey vətən üçün...(qaynarinfo)