Övladlığa götürülən uşaqlar üçün müavinət təyin olunacaq

"Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanuna əsasən gələn ilin əvvəlindən  yeni aylıq müavinət növü təsis olunacaq.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Olaylar"a bildirilib ki, müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşaqları övladlığa götürən şəxslərə hər uşaq üçün təyin ediləcək. Dövlət başçısının 24 noyabr 2020-ci il tarixli Fərmanında bu müavinətin məbləği övladlığa götürülən hər uşaq üçün aylıq 160 manat, övladlığa götürülən sağlamlıq imkanları məhdud hər uşaq üçün aylıq 480 manat məbləğində müəyyən olunub.

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" və "Təhsil haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanunlar isə bu qanunlar qüvvəyə mindiyi vaxtdan övladlığa götürülmüş uşaqların ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqlarının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsini nəzərdə tutur. Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən isə bu dəyişiklik qüvvəyə mindiyi vaxtdan sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən valideynlərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31