Daxili əmək bazarının qorunması diqqətdə saxlanır
25 Noyabr 2020 11:29 SosialƏmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədə işin əlaqələndirilməsi məqsədi ilə yaradılmış, bir sıra dövlət qurumlarının təmsil olunduğu Komissiyanın iclasında 2020-ci il üçün təsdiq olunmuş əmək miqrasiyası kvotasına dəyişiklik və 2021-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər müzakirə olunub. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən "Olaylar"a bildirilib ki, komissiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin ölkənin əmək bazarında da müsbət meyillərin davamlı xarakter almasına, məşğulluq imkanlarının artmasına şərait yaratdığını vurğulayıb. O, dayanıqlı inkişaf proseslərinin mövcud olduğu ölkəmizin xarici əməkçi miqrantlar üçün cəlbedici olduğunu deyib. Nazir bildirib ki, Azərbaycanda miqrasiya siyasətinin vacib prinsipləri ölkənin sosial-iqtisadi maraqlarının qorunması, eyni zamanda miqrantların, o cümlədən də əməkçi miqrantların həyatı və fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasıdır. Əcnəbi işçilərə iş icazələrinin verilməsi üçün hər il əmək miqrasiyası kvotası təsdiq edilir. Kvotanın müəyyən olunması üçün təkliflər hazırlanarkən respublikadakı demoqrafik inkişaf, əmək bazarında mövcud vəziyyət, ölkənin əmək ehtiyatları və işəgötürənlərin işçi qüvvəsinə tələbləri ciddi şəkildə nəzərə alınır. Daxili əmək bazarının qorunması, yerli əmək ehtiyatlarından səmərəli istifadənin təmin olunması, mövcud vakansiyaların ilk növbədə yerli işçi qüvvəsinin məşğulluğu üçün istifadə edilməsi prinsipləri diqqətdə saxlanır.