Erməninin evindən görün nə çıxdı - ŞOK VİDEO

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli Azərbaycan ictimaiyyəti üçün mühüm və dövləti əhəmiyyətli məlumat açıqlayıb.

Olaylar.az  AMEA-nın saytına istinadən bildirir ki, Nəcəf Müseyiblinin bildirdiyinə görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən torpaqlarımızla birlikdə qədim abidələrimiz də işğaldan azad olunub.

Otuz ilə yaxın bir müddətdə Ermənistan işğal altındakı ərazilərimizdəki tarixi abidələrdə beynəlxalq konvensiyalara zidd olaraq qanunsuz arxeoloji tədqiqatlar aparmış və bu işə bəzi Avropa alimlərini də cəlb etmişdir.

Bununla əlaqədar olaraq artıq Azərbaycan Respublikası Prokurorluğunda cinayət işi açılmış və müvafiq tədbirlər həyata keçirilir.

Professor Nəcəf Müseyiblinin sözlərinə görə, bir neçə gün əvvəl Azərbaycan hərbçiləri Xocavənd rayonunun işğaldan azad edilmiş Azıx kəndindəki evlərdən birinə baxış zamanı üzərində "Azıx" yazılmış və içərisində arxeoloji materialların olduğu qutular aşkar etmələri barədə Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat verdilər.

Bununla əlaqədar olaraq İnstitut tərəfindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və AMEA-nın rəhbərliyi məlumatlandırılmışdır.

Yerində baxış zamanı müəyyən olunub ki, bu qutularda işğal müddətində dünya əhəmiyyətli abidə, paleolit dövrünə aid ibtidai insan düşərgəsi olan Azıx mağarasında Ermənistan və digər ölkələrin alimlərinin apardıqları qanunsuz arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş tapıntılar qablaşdırılmışdır.

Bunların əksəriyyəti qədim fauna qalıqlarıdır. 90-a yaxın plastik qutulardakı bu tapıntılar dünən axşam Bakıya gətirilərək İnstitutun Arxeoloji Fondunda yerləşdirilmişdir.
Maraqlıdır ki, qutuların birində işğalçıların qanunsuz ekspedisiyasının bəzi çöl-tədqiqat sənədləri aşkar olunub. Görünür, işğalçılar bu tapıntıları özləri ilə birgə Azərbaycan Respublikasından çıxarmağa imkan tapmayıblar. Amma qanunsuz qazıntıların bütün tapıntılarının hamısının burada olub-olmadığı da məlum deyil.
Professor Nəcəf Müseyiblinin bildirdiyinə görə bütün bu tapıntılar Arxeologiya və Etnoqrafiya İnstitutunda araşdırılacaq, təhlil ediləcək, bu barədə Azərbaycan Respublikası Prokurorluğuna və geniş ictimaiyyətə ətraflı məlumat veriləcəkdir. Alimlərimiz bu işdə əməyi olan hərbçilərimizə və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə dərin təşəkkürlərini bildirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31