Koronavirusun yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının mühafizəsi istiqamətində bütün lazımi tədbirlər görülür -TƏHLİL

Çindən başlayaraq bütün dünyaya sürətlə yayılmaqda olan koronavirusu artıq ölkəmizin sərhədlərinə də yaxınlaşıb. Xüsusilə cənub qonşumuz İran İslam Respublikasında bu virus ciddi fəsadlar törətməkdədir. Yayılan məlumatlarda qeyd edilir ki, virus bu ölkədə onlarla insanın həyatına son qoyub. Hətta İranın bir neçə yüksək rütbəli rəsmilərinin də virusa yoluxduğu bildirilir. Eyni zamanda digər bir qonşumuz Gürcüstanda da virusun yayılma ehtimalı hər ötən gün artmaqdadır. Ölkəmizin həm Gürcüstan, həm də İranla yaxın qonşuluqda yerləşməsi, eləcə də hər iki ölkə ilə müxtəlif sahələrdə əlaqələrin mövcudluğu sözügedın təhlükəyə qarşı Azərbaycanda ciddi tədbirlərin görülməsini zəruri edib. Elə bu zərurəti nəzərə alan Azərbaycan hakimiyyəti, hökumət koronavirusa qarşı mübarizə istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirib. Artıq bir müddətdir ki, bu məqsədlə Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb. Məhz operativ qərargahın məqsədyönlü fəaliyyəti nəticəsində ölkənin həm cənub, həm də qərb sərhədində səyyar çadırlar quraşdırılıb və sərhəd buraxılış məntəqəsindən Azərbaycana keçən istər yerli, istərsə də xarici vətəndaşlar ciddi şəkildə tibbi yoxlamadan keçir, zərurət olduğu halda onlar karabtın altına alınır.  Bir sözlə  Azərbaycanda koronavirus infeksiyası ilə bağlı vəziyyət ciddi nəzarət altındadır. Sözügedın təhlükəni önləmək, virusun Azərbaycanda yayılmasının qarşısını almaq məqsədilə dövlət başçısının xüsusi həssaslığı var və müntəzəm olaraq Cənab Prezident mövcud vəziyyət barədə müvafiq qurumlardan məlumat alaraq zəruru addımlar atır. Elə bir nüçə gün əvvəl bu istiqamətdə lazımi tədbirlərin daha sürətlə həyata keçirilməsi üçün əlavə 10 milyon manat vəsaitin ayrılması da bunun əyani sübutudur.

Hələ sözügedən virus Çində baş qaldırdığı gündən etibarən Azərbaycan dövləti və onun prezidenti bu məsələyə xüsusi həssaslıq və diqqətlə yanaşaraq bu ölkədə yaşayan və təhsil alan azərbaycanlıların Çindən çıxarılaraq Azərbaycana gətirilməsi istiqamətində zəruri addımlar atdı. Çində təhsil alan bir qrup azərbaycanlı tələbə qardaş Türkiyəyə məxsus təyyarə ilə vətənə gətirildi. Eyni zamanda bu ölkədəki diplomatik nümayəndəliyimiz müvafiq tapşırıq əsasında bu ölkədə qalan digər azərbaycanlı tələbələrin də Azərbaycana gətirilməsi prosesini həyata keçirdi.  Hazırda qeyd etdiyimiz kimi cənub qonşumuzda bu virus geniş yayılmağa başladığından İranda qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün xüsusi tədbirlər həyata keçirilir. Onların həm quru sərhəddən, həm də hava nəqliyyatı vasitəsilə Azərbaycana gətirilməsi təmin edilir. Məhz həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycanda sözügedən virusun yayılması ehtimalı kifayət qədər azdır. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də ötən gün respublikanın Goranboy, Şəmkir və Qazax rayonlarına səfəri zamanı keçirdiyi görüşlərdə bunu ifadə edib. Dövlət başçısı bildirib ki,  bu günə olan məlumata görə, Azərbaycanda xəstəliyin yayılması ehtimalı o qədər də yüksək olmasa da, gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıb: "Azərbaycan hökuməti Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır, xəstəliyi aşkar etmək üçün testlərin ölkəyə gətirilməsi ilə bağlı müvafiq işlər aparılır".

Burada bir məqamı qeyd etmıək yerinə düşər ki, koronavirusun cənub qonşumuz İranda geniş yayılması xəbəri gündəmə gələndən Azərbaycanda bəzi işbazlar bu acınacaqlı vəziyyətdən belə yararlanmaq, bundan öz məqsədləri, maddi maraqları üçün istifadə etməyə cəhd göstərdilır. Paytaxt və respublikanın bölgələrində fəaliyyət göstərən qoruyucu maskaların anidən yoxa çıxması və ya onların qiymətindən dəfələrlə baha alıcıya təklif edilməsi cəmiyyətdə müəyyən mənada ciddi təşviş və narahatçılıq yaratdı. Cəmiyyəti narahat edən hər bir məsələyə, xırda problemə belə həssas yanaşan, onun qısa zamanda yoluna qoyulması istiqamətində ortaya iradə qoyan Cənab Prezidenti İlham Əliyev ötən gün regionlara səfəri zamanı sözügedən məsələyə də toxundu və həmin möhtəkirlərə, fürsətcillərə öz xəbərdarlığını etdi. Dövlət başçısı bildirdi ki, Azərbaycanda kifayət qədər maska var: "Bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyənlərə qarşı ciddi cəza tədbirləri tətbiq ediləcək. Koronavirusun yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının mühafizəsi istiqamətində bütün lazımi tədbirləri görülür. Ölkədə əhalinin narahatlığı üçün heç bir ciddi əsas yoxdur"

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31