Yaxın qohumlar niyə məişət zorakılığına məruz qalırlar? -TƏFƏRRÜAT
Yaxın qohumlar niyə məişət zorakılığına məruz qalırlar?-TƏFƏRRÜAT
24 Yanvar 2020 13:31 SosialAilə üzvlərini fiziki, psixi, cinsi və iqtisadi zorakılıqlardan necə müdafiə etmək olar?
Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Ədliyyə Nazirliyinin məlumatına görə, 2019-cu ildə ölkədə zorakılığa məruz qalan 40 nəfərə mühafizə orderi verilib. Ötən il verilən mühafizə orderlərindən 2-si uzunmüddətli, 38-i isə qısamüddətli olub. Bildirilib ki, mühafizə orderi verilənlərin qadın, kişi sayına görə bölgüsü aparılmır. Qeyd edək ki, zorakılığa məruz qalanlara mühafizə orderlərinin verilməsinə 2013-cü ildən başlanılıb. Etiraf edilidir ki, məişət zorakılığna qarşı hüquqi müstəvidə mübarizə elə də ciddi effekt vermir. Odur ki, məişət zorakılığna qarşı kompleks tədbirlərin görülməsinə ehtiyac yaranır. Kompleks tədbirlər zəruri hüquqi bazanın, o cümlədən inzibati cəza və cinayət təqibinə imkan verən qanunvericilik aktlarının qəbulu, mexanizmlərin yaradılması, zorakılığın xəbərdar edilməsi, zorakılığın qarşısının alınması, qurbanların müdafiəsi və reabilitasiya kimi tədbirləri əhatə edir. Yaxın illərə qədər məişət zəminində baş verən zorakılıqlara qarşı mübarizə yanlız cinayət təqibini həyata keçirməklə kifayətlənirdi. Belə ki, məişətdə cinayət əsaslı zorakılıq olduqda cinayət qanunvericiliyinin müvafiq müddəaları tətbiq edilməklə cinayət təqibi həyata keçirilirdi. Lakin məişət zorakılığı təkcə kriminal xarakterli deyildir. Ona görə də məişət zorakılığına qarşı mübarizə yanlız cinayət qanunvericiliyi ilə aparıla bilməz. Məişət zorakılığına qarşı mübarizənin hərtərəfli və kompleks şəkildə həyata keçirilməsi, məişət zorakılığının profilaktikasının təmin edilməsi məqsədi ilə 2010-cu ilin 22 iyun tarixində "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu Qanun məişət zorakılığı zəminində baş verən zorakılığın qarşısının alınması mexanizmlərinin yaradılması və tənzimlənməsi məqsədini güdür. Qanunun əsas məqsədi ailə münasibətlərinin qorunması ilə bərabər həm də, zorakılıqdan zərər çəkən şəxslərin sosial mühafizəsini təmin etməkdir. Qeyd olunmalıdır ki, məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir.
Məişət zorakılığı nədir?
Ümumilikdə zorakılıq termini başqalarına münasibətdə müxtəlif məcburetmə formalarının tətbiq edilməsi kimi başa düşülür. Məişət zorakılığı isə yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə yaxın qohum olan ailə üzvlərinin, birgə yaşadığı hallarda digər qohumlarının, nigah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvadın və ya himayəçi təyin olunmuş fiziki şəxslərin və qanuni nigahda olmadan birgə yaşayan kişi və qadın, habelə onlarla birgə yaşayan yaxın qohumların birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır. Göründüyü kimi, "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanun yanlız qadınların deyil, digər ailə üzvlərini, o cümlədən uşaqları fiziki, psixi, cinsi və iqtisadi xarakterli zorakılıqlardan müdafiə edir. Qanuna əsasən, məişət zorakılığı barədə şikayətə 2 növ dövlət orqanı baxır. Cinayət təqibini həyata keçirən orqanlar - cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada- əgər şikayətdə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumat varsa. Yerli icra hakimiyyəti orqanları- əgər şikayətdə cinyət tərkibinin əlamətləri yoxdursa. Cinayət Məcəlləsində cinayət xarakterli məişət zorakılığı əməllərinin törədilməsi və ya hazırlanması ilə bağlı xüsusi maddələr yoxdur. Cinayət Məcəlləsinin bir sıra ümumi maddələri, o cümlədən məişət kriminalı ilə bağlı cəzaları müəyyən edir. Bu maddələrə 120-ci, 122-ci, 125-ci, 126-cı, 127-ci, 128-ci, 129-cu, 131-ci, 133-cü, 134-cü, 145-ci, 149-cu, 150-ci, 151-ci, 152-ci, 153-cü (şəxsiyyət əleyhinə olan cinayətlər) və s. maddələr aid edilir. Cinayət əməli sayılmayan məişət zorakılıqlarının qarşısının alınması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə 158-ci maddəsi əlavə edilmişdir. Həmin maddədə məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə görə məsuliyyət nəzərdə tutulur. Maddədə "məişət zorkılığından əziyyət çəkmiş şəxslərə görə" də cərimə müəyyən edilir.
Məişət zorakılığının formaları hansılardır?
Məişət zorakılığının əsasən fiziki, psixoloji, iqtisadi və cinsi formaları mövcuddur. Məişət zəminində fiziki zorakılıq - "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığa zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırmasınlar. Məişət zəminində psixi zorakılıq - bu Qanunun şamil etdiyi şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərdir. Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi - bu Qanunun şamil edildiyi şəxslərin birinin digərini onun mülkiyyətində və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaranmasına, belə asılılığı saxlamasına yönəlmiş hərəkətlərdir. Məişət zəminində cinsi zorakılıq - bu Qanunun şamil edildiyi şəxslərin birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsidir.
Mühafizə orderi nədir?
Mühafizə orderi- məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktıdır. Zərərçəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər. Qısamüddətli mühafizə orderi məişət zorakılığını törətmiş şəxsə zorakılığın təkrar törədilməsi, zərər çəkmiş şəxsin olduğu yer məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsini qadağan edə bilər. Qısamüddətli mühafizə orderi icra hakimiyyəti orqanları tərəfindən 30 gün müddətinədək verilir. Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxs və ya icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Uzunmüddıtli mühafizə orderi 30 gündən 180 gün müddətinə verilir. Sadalanan faktlar deməyə əsas verir ki, məişət zorakılığının qarşısının alınması üçün hüquqi, sosial və bir sıra qabaqlayıcı tədbirlərin həyata keçirilmsi vacibdir.
Zəka
Olaylar.az