“Uşaqlar 12 yaşına qədər seriala baxmamalıdır”

“Uşaqlar 12 yaşına qədər seriala baxmamalıdır”

"Son dövrlər uşaqlara qarşı artan şiddət və zorakılıq halları hamını kədərləndirir. Əvvəllər uşaqlarını rahatlıqla məktəbə, gəzintiyə yola salan valideynlər indi uşaqları zərərli insanlardan necə qorumaq barədə narahat olmağa başlayıb. Çünki küçələr, parklar, insanlar əvvəlki kimi təhlükəsiz deyil. Bir yerə getdiyiniz zaman uşağınızın daima yanında ola bilməzsiniz. Ona görə valideynlər bir müəllim kimi onlara yaxınlaşmalı və əsas mövzuları ilk dəfə məlumat məqsədi ilə uşağa çatdırmalıdırlar."

Bu fikirləri Olaylar.az psixoloq Sona Davudova bildirib.

Psixoloq qeyd edir ki, xüsusən ibtidai sinifdə təhsil alan (7-11 yaş dövrü) uşaqlar valideynlə münasibətdən asılı olmayaraq, dostlarından eşitdiklərinə inanmağa daha meyllidirlər: "Ona görə uşağınızla dostluğunuzu necə inkişaf etdirəcəyiniz barədə danışmaq, narahatlığını sizinlə bölüşmək üçün mühit təmin etmək, onunla danışmaq üçün vaxt ayırmaq, məktəbini və dünyasını başa düşməyə çalışmaq faydalı olar.

7-11 yaşlı uşaqlar üçün məktəb dövrü bir çox dəyişiklik gətirir. Məktəbdə həm qızlar, həm də oğlanlar öz yaşıdlarına daha çox vaxt ayırmağı və yoldaşları ilə oyun oynamağı üstün tuturlar. Unutmaq lazım deyil ki, 7-11 yaş qrupu uşaqların, çox şeyi bilmədikləri üçün maraqlarının artdığı dövrlərdən biridir. Uşaqlar üçün maraqlarını ifadə etməyin bir yolu başqaları ilə oynadıqları oyunlardır.

Xüsusən son zamanlar artan istismar halları valideynlərin ağlında "uşağa cinsi tərbiyə necə və kim tərəfindən verilməlidir" sualını yaradır. Bu vəziyyətdə, valideynlər uşaqların yad insanların zərərli toxunuşlarını başa düşmələri üçün məlumatlandırmalıdır."

Sona Davudova bildirir ki, ilk olaraq isə buna valideynlər özləri əməl etməlidir: "Övladlarınızın cinsi sahələrini və dodaqlarını öpərək sevməməlisiniz. Uşaqlarınıza bədənin xüsusi sahələrinin onlar üçün xüsusi olduğunu və istəmədikləri halda heç kimin onlara toxuna bilməyəcəyini izah etməlisiniz. Uşaqlarınızla çox yaxşı ünsiyyət qurmalı və övladlarınıza şərtsiz bir sevgi mesajı verməlisiniz. Uşaqlarınızın dostları və onların valideynləri ilə tanış olmalısınız. Bir fəaliyyət planlaşdırarkən uşaqlarınızı müşahidə etməli və bütün tədbirləri görməlisiniz. Uşaqların yaşına uyğun olaraq yad insanlarla ünsiyyət qurarkən nələrə diqqət etməli olduğunuzu izah etməlisiniz. Məsələn; "tanımadığın adam sənə konfet və şokolad kimi bir şey vermək istəyirsə və səni bir yerə aparmaq istəyirsə, yüksək səslə qışqır və yaxınlıqdakı insanlardan kömək istə, başına nə qədər pis bir hadisə gəlsə də səni günahlandıra bilmərəm, kimsə səni təhdid etsə mənə deyə bilərsən", deyə uşağın yaşına uyğun açıqlamalar verə bilərsiniz.

Bu dövr uşaqların yetkinlik dövründə qarşılaşacaqları ictimai münasibətlər barədə məlumatlandırma dövrü olmalıdır. Yetkinliyə qədər baş verə biləcək fiziki dəyişikliklər barədə məlumat vermək, onların təcrübələrinə və suallarına cavab vermək bu dəyişikliyə uyğunlaşmağı asanlaşdırıla bilər."

Psixoloq vurğulayır ki, bu bədən dəyişiklikləri hormonlarla əlaqədardır və şəxslərə görə fərqli vaxtlarda baş verə bilər. "Çünki öz bədənlərində olan dəyişiklikləri görən uşaqlar özlərini dostları ilə müqayisə edərək narahat ola bilərlər. Bu məlumatı qızlara ana və ya eyni cinsdən biri, oğlanlara isə ata və ya eyni cinsdən vermək düzgün olardı.

Məktəblərdə, bağçalarda dəhlizlərə kameraya qoyulmalıdır. Məktəblərdə uşaqların ətraf mühitin təhlükələri barədə məlumatlılığını artırmaq üçün təlimlər təşkil edilməlidir. Xüsusilə travma alan uşaqlar ciddi psixoloji müalicə almalıdırlar.

Övladlarımızı zərərli insanlardan qorumaq dediyimiz zaman "dörd divarın arasında" qalmamağına diqqət etməliyik. Uşaqların ictimai fəaliyyətini məhdudlaşdırmadan tədbirlər görməliyik. Çünki uşağın sosial fəaliyyətini məhdudlaşdıran zaman daha bir ciddi problemlə üzləşirik. Bir orta məktəb şagirdi düşünün, uşaq dərs müddətindən çoxunu ekran qarşısında keçirir. Yəni, əsasən televiziya və ekran qarşısında "təhsil" alır. Körpəlikdən bəri televizora həddən artıq meylli uşaqlarda sosial münasibətlər inkişaf edə bilməz. Gec danışma baş verə bilər, uşaqlar ünsiyyətdə çətinlik çəkə bilər, diqqət problemləri yarana bilər. Başqa sözlə, körpəlik və uşaqlıq dövründə televiziyaya həddindən artıq məruz qalmaq uşağa zərər verir."

Xüsusən də serialların televiziya yayımları arasında mənfi mənada daha çox rol oynadığını qeyd edən Sona Davudova bildirir ki, ilk növbədə serialların kimlər üçün olduğunu bilməliyik: "Serial uşaqlar üçün hazırlanan məhsul deyil. Ailələri çaşdıran məsələ, +7-i ekranda görməsidir, bunun 7 il yaş qrupunda olan uşaqlar üçün uyğun olduğunu söyləyir. Bu düzgün deyil. +7, ya da ailənizlə seyr olunmaq, bu serialın tam olaraq uşağa uyğun olmasını ifadə etmir. Çünki bu seriyaların meyarları uşaq meyarı deyil. Ümumiyyətlə, uşaqlar 12 yaşına qədər seriala baxmamalıdırlar. Əvvəlcə bugünkü televeziya seriallarında baxaq, nə var? Zorakılığa, xəyanətə, cinayətə əsaslanan ssenari, mürəkkəb münasibətlər və mənfi obrazların sanki "qəhrəman" olaraq təqdim olunması. Bu cür anlayışları uşağın gündəliyinə erkən daxil etmək uşağın dünyasını qarışdırmaq deməkdir. Axı bu bizim reallığımız deyil və uşaqlar orada gördüklərinə, gerçək həyatda eyni şeyi görmüş kimi yanaşır. Lakin tam olaraq gerçəkliyi ayırd etməyə qadir deyillər. Uşağın şüuraltı inanc və düşüncələrinə mənfi mənada təsir edən səhnələr, fikirlər uşağın sevgi, ailə və münasibət anlayışı tamamilə dəyişə bilir."

Psixoloq qeyd edir ki, ikinci qrup şiddət seriallarıdır ki, zorakılıq, silah səhnələri uşağa mənfi bir model ola bilər:  "Uşağınızın öldürülən birini görməsini istəyirsinizmi? Heç kim istəmir. Ancaq real həyatda televiziya istəmədiyiniz şeyləri göstərir və həssaslığımızı itiririk. Təsəvvür edin ki, bütün bu seriallarda şəxsi münasibətlər atışma, kəsmə, adam öldürmə, zorakılıq, döyüş, silahlanma yolu ilə gedir. Çünki işin həlli yolu zorakılığa əsaslanır. Uşaq oradakı mənfi obraza maraq göstərməyə başlayır və onun kimi olmağa, danışıq nümunələrindən istifadə etməyə və geyindiyi paltarları geyinməyə çalışır. Unutmamalıyıq ki, uşaq bunu görəndə gerçək kimi qəbul edir.

Bu gün ən böyük zərər ekrandan gəlir. Televiziya, seriallar, cizgi filmləri, oyunlar, videolar kimi şeylərdən irəli gəlir. Buna görə valideyn ondan uşağımın televiziya ilə münasibətinin necə olduğunu özünə sual verməli və serialları uşaqların gündəmindən çıxarmalıdırlar. Əgər gündəmlə əlaqəli bir şey varsa, yoldaşları bu gündəliyi danışırsa, uşağın özünü yetərsiz hiss etməməsi üçün maraqlandığı bir hissəni uşağınızla birlikdə izləyə bilərsiniz."

Sonda psixoloq Sona Davidova bildirir ki,  bu gün ekran uşaqlar üçün çox az faydalı məzmun təqdim edir: "Uşaqlar üçün yaxşı deyə biləcəyimiz məhsulların sayı o qədər azdır ki, cizgi filmləri baxımından da düzgün bir nümunə demək olarki yoxdur. Buna görə uşağın ekrana münasibətini tənzimləyən valideyni bu gün yetərli bir valideyn adlandırardım."

Nigar Adil

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31