ƏLƏSGƏR MÜƏLLİMİN İŞIĞI
ƏLƏSGƏR MƏMMƏDOV – 100 Oxu-nun “Qələm” surəsində belə bir Tanrı andı səslənir: “And olsun, qələmə, yazdıqlarına…”. Bu, peyğəmbərliyi təsdiq edən anddır. Qələmə və yazıya verilən Tanrı andı. Qələm və yazı əhli alimlərə aid peyğəmbərimizin də öz kəlamı var, deyir: “Alimlərə hörmət qoyun, onlar peyğəmbərlərin varisləridir”.
19 Dekabr 2019 21:22 SosialƏLƏSGƏR MƏMMƏDOV - 100
Oxu-nun "Qələm" surəsində belə bir Tanrı andı səslənir: "And olsun, qələmə, yazdıqlarına...". Bu, peyğəmbərliyi təsdiq edən anddır. Qələmə və yazıya verilən Tanrı andı. Qələm və yazı əhli alimlərə aid peyğəmbərimizin də öz kəlamı var, deyir: "Alimlərə hörmət qoyun, onlar peyğəmbərlərin varisləridir".
Təbii ki, "peyğəmbər varisləri" sənətinə sədaqətlə bağlanan elm fədailəridir. Belə fədailərdən biri Azərbaycan ərəbşünaslıq elminin banisi, patriarxı və fəal iştirakçısı olmuş Ələsgər Məmmədovdur ki, bənzərsiz şəxsiyyəti, maraqlı dərsləri və çoxsaylı dərslikləri ilə yaddaşımın ən məhrəm guşələrinin birində qərar tutub. İndi həmin o guşədən boylanan Ələsgər müəllimin işıqlı siması xatirələrimə bir istilik gətirir. O, həm xarizmatik elm və təhsil lideri, həm də fədaisi kimi şərqşünaslarımız arasında böyük nüfuz sahibi idi. Bununla belə, hədsiz təvazö sahibi olması, xidmətlərinin ictimaiyyət tərəfindən etirafı məsələsində iddiasızlığı da vardı ki, elə bilirəm, şəxsiyyətinə bəslənən sevgini şərtləndirən çoxsaylı səbəblərdən biri də onun bu sadəliyi idi.
Onun haqqında vaxtilə ərəb mətbuatı da yazırdı. Xatirimdədir, ötən əsrin 70-cillərinin ortalarında Bağdadda çıxan "Əs-səqafə əl-cədidə" ("Yeni mədəniyyət") jurnalında "Görkəmli sovet ərəbşünası doktor Ələsgər" başlıqlı geniş bir məqalə getmişdi. Məqalədə professorun elmi yaradıcılığı və pedaqoji fəaliyyəti əhatəli şəkildə işıqlandırılır, ölkəmizin ərəbşünaslıq elmində göstərdiyi xidmətlərdən danışılırdı. O zaman müəllimimə böyük sevgi ilə həmin yazının xülasəsini yazıb "Ədəbiyyat və incəsənət" qəzetində həvəslə dərc etdirmişdim.
Ələsgər müəllim haqqında yazanlar onun taleyindən keçmiş bir məsələni xüsusilə vurğulayırlar. Bu, onun məşhur Nürenberq prosesində aparıcı mütərcimlər siyahısında tarixə düşməsilə bağlıdır. Müharibə filmlərindən yaxşı tanınan Reyxstaq rəhbərlərinə qurulan məhkəmədə bir azərbaycanlının iştirakı jurnalistlər, kütləvi oxucu auditoriyası üçün maraqlı olduğundan Ələsgər müəllimi həmin məhkəmədə iştirakına dair ara-sıra suala tuturdular. Professor gəncliyində yer alan bu epizodun qabardılmasından o qədər də xoşlanmazdı. Zarafata salıb gülə-gülə deyərdi: "Əşi, bir işdi olub da, gedib haradasa tərcüməçilik eləmişəm, indi buna görə bütün elədiklərim, zəhmətlərim qala bir kənara, elə gərək faşistlərə qurulan məhkəmədə iştirakımdan danışalar?" Təbiəti etibarilə şöhrətpərəst olmayan Ələsgər müəllim tarix kitablarında onun adı keçən həmin işini son dərəcə epizodik, özü üçün elə bir əhəmiyyət kəsb etməyən tale anlarından saymağında haqlı idi. Ancaq bunu da yerinə düşər əlavə edim ki, alman dilinin mükəmməl bilicisinin 1947-ci ildən ömrünün sonuna kimi ərəb dilinə aid otuzdan artıq orijinal, bənzərsiz dərslik və dərs vəsaiti yazması alim istedadına gözəl bir ştirx də sayıla bilər.
Ələsgər müəllim dünya həyatının son illərində də, fiziki imkanlarının olduqca məhdud olduğu bir vaxtında da böyük zəhmətə qatlaşaraq çoxillik müəllimlik və müəlliflik təcrübəsinin məhsulu kimi bir neçə yeni kitabını ərsəyə gətirmişdi. Azərbaycanda xarici dillərin tədrisi üçün istifadə olunan ədəbiyyat içində Ə.Məmmədovun müəllifi olduğu dərsliklər öz sanbalı ilə həmişə diqqəti çəkib. Bu mənada Ələsgər müəlllimlə bağlı əlamətdar bir məqam eyni zamanda ondan ibarətdir ki, dünyasının dəyişdiyi gündən zaman ötdükcə, illərin üstünə illər gəldikcə adı yaddaşlara bir az da dərindən iz salır. Belə ki, Azərbaycan və rus dillilər üçün vaxtilə yazdığı dərsliklərini hazırda ölkəmizdən kənarda da çap edib faydalanırlar. Bunun başlıca səbəbi mürəkkəb qrammatik quruluşlu bir dilin tədrisinə Ələsgər müəllimin gətirdiyi yeniliklə bağlıdır. Müsəlman Şərqində Quran dili kimi sayğı göstərilən ərəb dili bir qayda olaraq ənənəvi-primitiv təqlidçilik prinsipinin üstünlük təşkil etdiyi üsullarla, dini mətnlərə və s.-yə istinadən öyrənilir. Ələsgər müəllim bu dilin tədrisini Avropa üslubuna uyğunlaşdıraraq əsasən intellektə müraciət üsulu üzərində qurmağa nail olub. Və müqayisə apararaq deyim ki, əgər Türkiyədə ərəbcəni 10-15 ilə mükəmməl öyrənmək mümkündürsə, Bakıda Ələsgər müəllimin üslubu ilə bu, 4-5 il müddətinə başa gələ bilir.
Azərbaycanın sovet dövründə xarici aləmlə çox zəif olan təmaslarını sürdürən qurumlardan biri dövlət radiosunda xarici ölkələrə verilişlər üzrə bir neçə şöbə idi. Ərəbdilli verilişlər redaksiyasını Ələsgər müəllim yaratmışdı və onun ilk redaktoru da özü olmuşdu. Tamamilə onun yetirmələrindən ibarət olan həmin redaksiyada mən də bir müddət diktor işləmişdim.
Radioda çalışdığım vaxt idi. Moskvadan ölkənin xariclə əlaqəli işləyən iqtisadi qurumlarının birindən Liviyada mütərcim kimi işləmək üçün dəvət almışdım. Ötən əsrin 82-ci ilinin may ayı idi. Xaticə uzun müddətli ezamiyyətə hazırlaşırdım. Valideynlərim evimizdə bu münasibətlə kiçicik bir vida ziyafəti düzənləmişdilər. Yeri gəlmişkən, Ələsgər müəllim Qasım Qasımzadə ilə ilk gənclik illərindən yaxın münasibətdə idilər. Qonaqlardan biri də onun yaxın dostu, həm də qonşumuz akademik Kamal Talıbzadə idi. Ələsgər müəllimə üz tutub mənim ərəbcəni necə bilməyimi ondan soruşanda professor ona qayıtdı ki, neçə ildir Rusiyada (Sovet İttifaqını nəzərdə tuturdu) yaşayırsan? Kamal müəllim öz yaşını dedi. Ələsgər müəllim: "Deməli, 60 ildir Rusiyada yaşayırsan... İndi de görüm, televiziyada, ya radioda rus dili üzrə diktor işləyə bilərsən?" - soruşdu. Kamal müəllim: "Xeyir, əlbəttə, bacarmaram" - deyə cavab verdi. Ələsgər müəllim mənə işarə edərək dedi: "Bax bu oğlan radionun ərəb dili diktorudur". Hamının üzünə bir təbəssüm qondu...
Şübhəsiz ki, Azərbaycan şərqşünaslarının bütün uğurlarında Ələsgər Məmmədovun xidmətlərinin payı var. 90-cı illərin əvvəllərində Quran-ı Kərimin ana dilimizdə açıqlaması əsərim böyük tirajla çapdan çıxmışdı. Bir nüsxəsini aparıb ona verəndə çox sevinmişdi. Öz əməyinin məhsuluna sevinirmiş kimi fərəhlə duyğulanmışdı. Oxu-nun orijinalında elə sözlər var ki, bunların məna qatlarına varanda ayələrdəki hikmətlərin təfsirlərində müəyyən yeniliklərə imkanlar açılır. İndi mənə xatırlamaq xoşdur ki, gəldiyim bəzi leksik qənaətlərimi möhkəmləndirmək üçün bir dəfə Ələsgər müəllimə müraciət etdim, onun ustad dəstəyi məni ilahiyyat mövzusunda maraqlı bir araşdırmaya da sövq etdi.
Ara-sıra, bayramdan bayrama ona baş çəkirdim. Şirin söhbətlərindən, zarafatlarından, duzlu yumorundan doymaq olmurdu. Ələsgər müəllimli məhrəm xatirələrimi indi yaxınlarımla, dostlarımla paylaşanda üzlərini sanki nurlanan görürəm. İnanıram ki, bu, Ələsgər müəllimin öz işığıdır.
Nəriman Qasımoğlu