Kişilərin saqqal problemi-sözün keçməsi üçün saqqal mütləq deyilmiş...

Tarixi, fəlsəfəsi, formaları...

Əksər kişilər ən azı qadınlar qədər öz xarici görünüşlərinə diqqət yetirməyi sevir. Səhər evdən çıxan qadın saçını xüsusi diqqətlə darayır, makyaj edir, özünə yaraşan paltarı geyirsə, kişilər də onlardan geri qalmır, onlar da saçlarını darayır, əgər bığ-saqqalı varsa, onu səliqəyə salır, təmiz ütülü paltarlar geyir. Bir çox kişilər hətta xüsusi olaraq öz imiclərini yaradır, tez-tez stillərini dəyişirlər. Bu dəfəki araşdırmamda sizlərə kişilərin imicinin əsas bir hissəsinə çevrilən saqqal barədə məlumat verməyi qərara aldım.
Saqqal - cinsi yetkinlik dövründə tük folekullarının aktiv olduğu sahələrdə alt çənədə, üst dodaqda, yanaqlarda və boyunda yetişir. Darvin hesab edirdi ki, saqqal kişilərin qadınları cəlb etməsi üçün gərəklidir. Bir qayda olaraq, yetkinlik yaşına çatan kişilərdə inkişaf edən saqqala bəzən qadınlarda da rast gələ bilərik. Bu haqda növbəti abzaslarda oxuya biləcəksiz.
Saqqal kişilərdə tarix boyu müxtəlif formalarda qiymətləndirilib. Müdriklik, cəsarət, cəmiyyətdə yüksək status, seksuallıq və yaraşıqlılıq və əksinə, pintilik.İnsan yaranandan kişilər saqqallı olub. Amma araşdırmanı neondertal kişidən başlaya bilməyəcəyəm. Təxminən 40 min il əvvəl Avropa ərazisində yaşayan kişilər saqqallarına xüsusi şəkil verib, onu rəngləməyə başlayıblar. Saqqal kişilərin üzünü bəzəyən bir vasitəyə çevrilib. Buna kimi isə artıq qədim assuriyalıların qayçı və maqqaşlar vasitəsi ilə saqqallarını səliqəyə salması barədə tarixdə məlumatlar var.

Qədim Misirdə isə kişilərə saqqal saxlamaq qadağan edilmişdi. Bu qadağa ancaq firon üçün keçərli deyildi. Fironun saqqal saxlamağı onun dünya üzərində hökmranlığını simvolizə edirdi. Ancaq onun saqqalı taxma idi. Fironun başına geydiyi parik kimi saqqalı da xüsusi yundan hazırlanır, qızıl saplarla bəzənir və çənəsinin altından bağlanırdı.
Misirlilərin qonşusu qədim yəhudilər isə saqqal saxlamaqla bağlı heç bir qadağa almamışdılar. Əksinə, inanclı yəhudilərin hamısı saqqallarına xüsusi diqqətlə yanaşırdılar. Onlar hətta müqəddəs ayələr yazılan kiçik papirus parçalarını xüsusi dəriyə büküb səliqə ilə saqqallarına bərkidərdilər.
Pamir ətəklərində, Saxarada yaşayan kişilər üçün isə illərlə qırxmadıqları saqqallarını təraş etmək böyük bir çətinlik hesab edilə bilərdi. Uzun saqqal sahibi olan orta yaşlı kişilər artıq özlərini daha yüksəkdə sayırdılar. Saqqal onlar üçün kişilik qürurunu və sahib olduqları var-dövləti əks etdirirdi.
Makedoniyalı İsgəndər öz əsgərlərinə saqqallarını kəsib, üzlərini təmiz təraş etməyi əmr etmişdi. Döyüş zamanı düşmən əsgərinin onun əsgərlərinin saqqalından tutub dartmasına, yerə yıxmasına imkan verməmək üçün. Ancaq İsgəndərin bu qərarı çoxları tərəfindən etirazla qarşılanmışdı. Buna öz etirazını bildirənlərdən biri də Aristotel olub.
Romada isə saqqalın qırxılması müasirliyi, kişi səliqəsini və aristokratlığını və barbarlardan fərqliliyi simvolizə edirdi. Eramızdan əvvəl 299-cu ildə ilk dəfə Sçipion adlı biri saqqalını qırxmaqla tarixə düşüb. Roma küçələrində saqqallı birini gördükdə onun yerli olmadığı bilinirdi. Ancaq bu adətə imperator Adrian üzündəki çapıqları gizlətmək üçün buraxdığı yunan dəbli saqqalı ilə son verdi. İmperator Konstantinin dövründə isə saqqallı heykəllər yonulmağa başladı.
Qədim yunanlar saqqalı qorxmazlıq və kişilik rəmzi kimi qəbul edirdi. Hətta kişilər ona xüsusi qulluq göstərir, isti maşalar ilə bururdular. Üzü təmiz olan kişilərə isə pis baxırdılar. Üzünü təraş edən kişiləri zərif qadına bənzədirdilər.
Bir çox ölkədə saqqalın forması kişinin hərbi vəziyyətinə görə düzəldilirdi. Məsələn Yaponiyada aşağı rütbəli hərbçinin qısa saqqalından fərqli olaraq yüksək rütbəli ordu başçısının saçı və saqqalı qurşağa kimi onun bədənini örtə bilirdi.
Hindistanda saqqal qürur və müdriklik rəmzi kimi qəbul edilirdi. Saqqalın uzunluğu nə qədər çox olardısa, sahibi bir o qədər hörmətli sayılardı. Saqqalı xına və basma ilə rəngləyər, müxtəlif yağlar ilə yağlayardılar. Ölkənin şərqində əgər bir kişi haqsız hərəkət və ya cinayət törədirdisə, ictimaiyyət önündə onun saqqalını kəsirdilər. Saqqal o qədər qiymətli sayılırdı ki, sahibi onu ödəyə bilmədiyi borcunun qarşılığında girov qoya bilirdi.

Avropada isə 14-15 ci əsrlərdə təraş olmaq dəbə mindi. İdeal kişi sifəti hər yaşda təmiz olmalıdır devizi Qərbi Avropa kişisinin qanununa çevrildi. Saqqaldan sonra 1680-ci illərdə bığ da tarixə qovuşdu. İndi ancaq İspaniyada və şərqdə saqqallı, bığlı kişilərə rast gəlmək olardı. Şərq kişiləri tarix boyunca saqqala xəyanət edə bilməyib. Saqqal və bığ onlar üçün kişilik rəmzi sayılıb. Hətta qarşı tərəfi sözünün düzlüyünə inandırmaq üçün şərq kişisi öz saqqal və bığına and içib.
Saqqal və bığ 1848-ci ildən Avropa kişisi üçün yenidən dəbə mindi.
İvan Qroznının zamanında ruslar qalın, şələ saqqal saxlayardılar. 1-ci Pyotr isə hakimiyyətə gələndə bu adəti dəyişdirdi. Artıq rus kişiləri də Avropa dəbi ilə saqqal saxlamalı idilər. Çar hətta iclaslarda onun əmrindən çıxan boyarların saqqalını özü qayçılayırdı.

Saqqal və din

Pravoslavlarda İsa peyğəmbər demək olar ki, əksər şəkillərdə və heykəllərdə saqqallı təsvir edilir. Kilsələrdəki divar rəsmlərində İsa ilə yanaşı İbrahim və Musa peyğəmbərlər də saqqallı təsvir edilir. Bəlkə elə buna görə də xristianlıqda bütün din xadimləri saqqal saxlayır. Ümumiyyətlə, pravoslavlarda bütün inanclı kişilərə saqqal saxlamaq tövsiyyə edilir. Ən uzun saqqalı isə Suriya və Hindistandakı xristian dini təlimatçıları saxlayır. Pravoslavlardan fərqli olaraq katoliklərdə kilsə xadimlərinin saqqal saxlamağı məcburi deyil.İudaizmdə saqqal qırxmaq haram sayılır. Ona görə yəhudi dindarları həmişə saqqallı olur. Dindar olmayan yəhudi vətəndaşları isə yaxınlarının ölümünə görə saqqal saxlamaq qaydasına riayət edir. Yəhudilər saqqalı həm də etnik və dini göstəriciləri kimi qəbul edirlər.
İslam dinində isə saqqal saxlamaq vacib buyurulan və tövsiyə olunan məsələlərdən biridir. Bu haqda dində çoxlu hədislər də var. Müsəlmanlar saqqalı təraş etməyin haram olmasının səbəblərindən birini Allahın peyğəmbərə əmri ilə bağlayırlar və buna əməl edirlər, cünki Allah yalnız vacib və zəruri işlərin icrası haqda əmr göndərib.

İslamda saqqalın ən uzun miqdarı bir yumruqdur. Bundan artıq saxlamaq dini mənbələrdə haram buyrulub.

İslam alimləri saqqalın dişləri və tüpürcək vəzilərini qoruduğunu bildirirlər. Bəzi alimlər isə üz qırxan ülgüclərin xəstəliklərin daşıyıcıları olduqlarını və onların təraş zamanı insanı yoluxdurmasına səbəb olduğundan təraşın zərərli olduğunu bildirirlər.

Saqqal onlara yaraşır

Biz babalarımızı əksər hallarda saqqallı vəziyyətdə görmüşük. Bundan əlavə sovet dövründən özümüzə doğma bildiyimiz Şaxta babamızı ağ, uzun saqqalı, müasir dövrdə isə Santa Klausu qısa, qıvrım ağ saqqalsız təsəvvür edə bilmərik.

Qoca Xəttabıçın hər dəfə saqqalından tük çıxarıb pioner Kostılkovın arzusunu yerinə yetirməsini görüb ürəyinizdən "kaş mənim də belə saqqallı cinim olaydı" arzusunu keçirməmisiniz?

Ən çox isə biz onu tanıyır, onu xatırlayırıq. Ağ əbalı, əli qopuzlu, ağ saqqallı müdrik dədəmiz olan Dədə Qorqud. Bəlkə də elə buna görə, qədim türk rəvayətləri ağ saqqallı dədə gəldi və rəvayət eylədi deyə başlayır.
Ancaq saqqalı özünə yaraşmayan personajımız da var. Novruz bayramının qəhrəmanlarından biri Kosa. Hər il Novruz gələndə ona "ay uyruğu, uyruğu, saqqalı it quyruğu" deyə müraciət eləmək uşaqların adətinə çevrilir.

Tarixin saqqallı tanınmışları

Dünyanı öz işğalları, əsərləri, ixtiraları ilə titrədən Atilla, Çingiz xan, Əmir Teymur, Nadir şah, Karl Marks, Fridrix Engels, Lenin, Tolstoy, Hüqo, Lui Paster, Darvin, Cüzeppe Verdi, Jül Vern, Çexov, Freyd və onlarla tanınmış insan saqqal saxlamağa üstünlük verib.

Saqqalınızı necə şəkilləndirirsiz?

Kirli və ya qaba saqqal- bir neçə gün qırxmadığınız saqqalı elekrtikli təraş alətiniz ilə bir qədər azaldıb səliqəyə salmaqla əldə olunacaq şəkildə olur.

Molla saqqalı - bu saqqal üstdən və çənə altından təraş edilir, ay şəkilli olur.

Gəmiçi saqqalı- gicgahlardan çənənin altına kimi incə xətlə gələrək bığ ilə və alt dodağın altında birləşir.

Top saqqal- çənəni əhatə edib bığ ilə birləşən formadadır. Bu cür saqqal gündəlik diqqət tələb edir.

Smokin saqqalı - bığ uclarının dodaq altı və çənə tükləri ilə birləşır və qulaqlara tərəf ucları sivriləşdirilir.

Keşiş saqqalı - gicgahlardan yanağa doğru bığ və dodaq altını əhatə edən formada olur.

Çənə saqqalı- sadəcə, çənəni əhatə edir.

Napoleon saqqalı - dodağın altında və çənədə saxlanılır. Bığın ucları isə yuxarıya doğru təraş edilir.

İspan saqqalı - xətt şəklində gicgahdan çənə altına doğru uzadılır.

Saqqallı qadınlar

Anadan olduqda bədənində çox az sayda tük olan bir qadın Anya Jones yaşa dolduqca bəziləri üçün dünyanın ən gözəl və bəziləri üçünsə ən çirkin saqqallı qadınına çevrildi. 1865-ci ildə Virciniyanın Marion şəhərində anadan olan Anya Jones 19 yaşında artıq saç və saqqalının uzunluğu ilə hamını heyrətə salmışdı. 9 aylıq körpə ikən ilk dəfə üzünə saqqal çıxmağa başlamışdı. Anya ailəsinin maddi çətinliyinə görə üzərinə dikəlmiş qorxu, ikrah, maraq dolu baxışları nəzərə almadan şouda iştirak edib əmək haqqı alırdı. Ancaq bu halı ilə də o, bəyənildi və 15 yaşında sirkdə işləyən Richard Elliotla evləndi. 5 il evli qalan Anyanın evliliyi əri onunla vaxt keçdikcə soyuq davrandığı üçün başa çatdı. İkinci evliliyi isə onu razı sala bildi. 1902-ci ildə vəfat edən ən gözəl saqqallı qadın Anya saqqalı kəsilmədən dəfn edildi.

Budapeştli Sidoniya isə 19 yaşına kimi adi həyat keçirirdi. Oğlunu dünyaya gətirdikdən 12 gün sonra onun saqqalı çıxmağa başlayır. O, dünyada ilk saqqallı ana kimi tanınır.

1881-ci ildə övladını dünyaya gətirdikdən sonra saqqalı bitən digər qadın isə Emili oldu. Maraqlıdır ki, saqqallı qadınların əksis.azəriyyəti özlərinə ancaq sirkdə iş tapa bilib.

Sevinc Qocayeva  Kulis.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31