AKİA-nın Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsi yenidən qurulur

AKİA-nın Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsi yenidən qurulur

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsinin yenidən qurulmasına başlayıb. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, AKİA-nın həyata keçirdiyi Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi çərçivəsində məntəqə üçün ofis binası və yardımçı binalar tikiləcək, ətraf ərazi abadlaşdırılacaq. Dayaq məntəqəsinin yenidən qurulmasına səbəb elmi-təcrübi fəaliyyətlə yanaşı, fermerlərə xidmət keyfiyyətini yüksəltməkdir. "Şəki Dayaq Məntəqəsi hər il orta hesabla orijinal və yüksək reproduksiyalı 100-150 ton toxum istehsal edir. Ətraf mühitin sterss amillərinə davamlı, yerli şəraitə adaptasiya olunmuş bu məhsuldar sortlar Respublikanın dağətəyi ərazilərində, müxtəlif dəmyə şəraitində fəaliyyət göstərən toxumçuluq təsərrüfatlarını yüksək reproduksiyalı toxumla təmin edir", - deyə AKİA sədri Mirzə Əliyev dayaq məntəqəsinin təməlqoyma mərasimində vurğulayıb. Agentlik sədri bildirib ki, məntəqə bölgə fermerləri üçün əvəzolunmaz nümayiş sahəsidir: "Fermerlər məntəqədə müxtəlif sortlarla əyani tanış olmaqla bərabər, sortların bioloji xüsusiyyətlərini görə, eyni ətraf mühit amillərinə məruz qaldıqları halda müqayisə edə bilirlər. Xəstəliklərin öyrənilməsi ilə bağlı aparılan tədqiqat işləri zona üçün xarakterik xəstəlik və zərərvericilərə görə ətraf mühitin qiymətləndirilməsi, yaradılan və istehsal olunan sortların bu xəstəliklərə qarşı davamlı seçilməsi, lazımi aqrotexniki və kimyəvi mübarizə tədbirlərinin vaxtında planlaşdırılması və həyata keçirilməsini təmin edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31