Azərbaycanda boşanmalar hansı səbəblərdən baş verir? -PROBLEM
Azərbaycanda boşanmalar hansı səbəblərdən baş verir?
29 Aprel 2019 13:09 Sosial"Ərim mənə yaxşı baxmır", "qayınanam yola vermir", istədiyim kimi gəzə bilmirəm..."
Ailənin qurulması özü-özlüyündə həm də mənən bağlı olan insanların bir-birinə dəstək verərək yeni nəsil yetişdirilməsi kimi xarakterizə edilən bir prosesdir. Azərbaycan dilində "ailə" dedikdə məhz bu prinsipləri özündə ehtiva edən fikir nəzərdə tutulur. Cəmiyyət ya da sosium dediyimiz sosial müstəvi ailənin mahiyyətinin və funksiyanallığının fərqli ifadə olunmasına səbəb olur. Belə ki, əgər ailəni yalnız qohumluq əlaqəsi olan, bir-birinin qarşısında məsuliyyət daşıyan və ümumi büdcəyə malik bir qrup kimi təsvir etsək, onda iqtisadi maraqları olan korporativ təsisatlar da ailə sayılmalıdır. "Ailə bir dövlətdir, dövlət də ailə" deyimi bu iki məfhumun bir-birindən asılı və bir-birinə oxşar olduğunu gözəl tərzdə ifadə edir. Lakin bütün nəzəri və praktiki maarifləndirmə işlərinin aparılmasına baxmayaraq ailələrin dağılması faktı artmaqda davam edir.
Vəkil Rövşən Qasımov bildirib ki, Azərbaycanda boşanmaların sayının artması tendensiyası 2004-cü ildən başlayıb. Həmin il cəmi 7 minə yaxın boşanma faktı qeydə alınıb, 2005-ci ildə boşanan ailələrin sayı 9 minə yaxınlaşıb. 2010-cu ildə Azərbaycanda 9061, 2011-ci ildə 10 747, 2012-ci ildə 11087, 2013-cü ildə 11730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764 boşanma qeydə alınıb: "Hər bir ailə kiçik dövlətdir. Deməli, hər kiçik dövlətin də öz qanunları var. Təhsil, tərbiyə, əxlaq, mənəvi məsələlər, ailə dəyərlərinin qorunmaması, adət-ənənələrin itirilməsi, ailə qurarkən riskin düzgün qiymətləndirilməməsi, evlilik yaşının cavanlaşması, məqsədli izdivaclar, şan-şöhrət axtarışı, "yox" deyə bilməmək bacarıqsızlığı sonda ailələrin dağılmasına gətirib çıxarır. Bir neçə gün əvvəl İmişlidə baş verən hadisəylə bağlı fikir bildirmək istəyirəm. Gəlin toy günü qoşulub başqa bir insanla getdi. Ola bilər ki, güclü məhəbbət olsun. Amma görün mənəvi məsələlər nə dərəcədə aşağıdır ki, o qız öz valideynlərini düşünmədən hərəkət edib. O qız hər iki tərəfin toya hazırlığı, mərasim üçün sərf edilən vəsaiti, əziyyəti nəzərə alıbmı? Bu cür hallarda hislərlə yox, ağılla hərəkət etmək lazımdır. Mənəvi dəyərlər dəyişib, ağsaqqala-ağbirçəyə olan hörmət dəyişib, ata-anaya olan məhəbbət, qayğı dəyişib. Bu gün valideynlərini düşünmədən addım atan bir qız, gələcəkdə nəyi düşünəcək, övladına hansı tərbiyəni aşılayacaq?"
Onun qənaətinə görə, boşananların böyük əksəriyyəti təhsilsiz, yaxud orta savadlı insanlardır. Bir insan savadlı, təhsillidirsə, o bütün addımlarını düşünərək atacaq:"6 aydır ailə quranın boşanma səbəbinə baxın: "Ərim mənə yaxşı baxmır, istədiklərimi almır", "qayınanam yola vermir", "maddi vəziyyət yaxşı deyil", istədiyim kimi gəzə bilmirəm" və s. Soruşanda ki, özün nələrə sahibsən, hansı təhsilə yiyələnmisən, susur. Təsəvvür edin, belə adamlar təhsilli, imkanlı insanla ailə qursa necə olacaq? Axı seçimi özün etmisən. İmkansız, təhsilsiz bir insanı özün seçib ailə qurmusan. Eşq, məhəbbət bir həftə, bəs sonra? Axı nəsə yemək, geyinmək, bunun üçün qazanmaq lazımdır. Bizim gənclərimizin bir çoxu dözümsüz və bacarıqsızdırlar, çıxış yolu tapmaq iqtidarında deyillər. Doğrudur, bir çox ailələrdə qızların ərə verilməsi məcburi qaydada olur, amma qızlar da var ki, özləri tez ailə qurmağa can atır. Mənim fikrimcə, burada internetin, Facebook sosial şəbəkəsinin mənfi rolu üstünlük təşkil edir. Qəbula gələn boşanmışlardan, yaxud ailəsində problem yaşayanlardan demək olar əksəriyyəti Facebook-da tanış olduğunu deyir. Axı sosial şəbəkədə 2-3 dəfə danışmaqla insanın xarakterinə, xasiyyətinə bələd olmaq mümkün deyil. Çox vaxt valideynlər də bu məsələyə biganə yanaşır. Fikirləşirlər ki, ailədə olan uşaqlardan heç olmasa biri ərə getsin və onların yükü azalsın. Sən övladı böyütməmisən ki, çox asanlıqla onu başından edəsən. Bu, bəlkə də ailələrin maddi, sosial vəziyyətindən asılıdır, amma çox vaxt təhsilsizlikdən, düşüncə tərzinin dayaz olmasından irəli gəlir. Elələri var bir aydan sonra səhv insan seçdiyinin fərqinə varır. Mən hesab edirəm ki, tələsib 1 ay tez ailə qurmaqdansa, 1 ay gözləyib doğru seçim etmək olardı. Əvvəllər bizdə gənclər ailə qurmağa hazırlaşanda qarşı tərəfin kökünü-nəslini öyrənərdi, nənəsi-babası kimdir, nüfuzları, hörmətləri hansı səviyyədədir. İndi bu kimi məsələlərə baxan yoxdur. Gənclər ailə qururlar heç onların ağsaqqallarının, ağbirçəklərinin xəbəri də olmur, çox vaxt toya da çağırmırlar. Bu baxımdan insanlar sanki qərar verməyə tələsirlər. Bir az qınaq, məsuliyyət, utanmaq yoxdur. İndi hər şey o qədər bəsitləşib ki, gənclər düşünür ki, evlənim, alınmaz ayrılaram. Bəzi gənclər işsiz, gücsüz ailə qurur, düşünmür ki, sabah övladı olanda onu necə saxlayacaq. Məhkəmələrdə işlərin çoxu boşanmalar, aliment çəkişməsidir. İşləməyən insandan nə aliment alacaqsan axı?".
Onun sözlərinə görə, bir çox gənclərin məsələləri əvvəlcədən təhlil etmək bacarığı yoxdur. Ona görə də ailələr belə problemlərlə üzləşir: "Mən düşünürəm ki, ailə qurarkən və boşanma zamanı tərəflərə verilən 1 ay müddəti artırılmalıdır. Baxırsan ayrılan cütlük müəyyən müddətdən sonra yenidən birləşir. Təklif edirəm ki, burada VVAQ şöbələrində gənclərin problemlərini araşdırmaq üçün müxtəlif nümayəndələr, təcrübəli insanlardan ibarət komissiya yaradılsın. Onlar həm nikah, həm də boşanma işlərində gənclərə dəstək olsunlar, yol göstərsinlər.Yaxud nikaha daxil olmağa hazırlaşan gəncləri ailə həyatına hazırlasınlar. Yəni gənclər öz səhvlərini dərk edərlər. Mən hesab edirəm ki, belə qurumlar, institutlar olmalıdır ki, ailə quranlardan sorğu etsinlər, hansı səbəbdən ailə qurmaq istədiklərini öyrənsinlər və s. İki gənc ailə qurmağa hazırlaşır, amma heç biri işləmir. Bunu onlara başa salmaq lazımdır ki, ailə qurandan sonra necə dolanacaqsız? Necə ki, bəziləri tibbi müayinədən keçəndən sonra ailə qurmaq istəmir, eləcə də bu kimi məsələlərə baxılmalıdır. Bizim gənclər bəzən elə tələsirlər ki, ailə qurmağa, onları anlamıram. Mən düşünürəm ki, gənc ailələrimizin tez dağılmasının qarşısını almaq üçün həyəcan təbili çalmalıyıq, bu cür qurumların yardılmasına çox böyük ehtiyac var". Vəkil qeyd edib ki, boşanmanın səbəbləri kimi çox vaxt maddi vəziyyət, ya da insanların xarakter uyğunsuzluğu, və ya kənar müdaxilələr göstərilir: "Lakin praktikadan görünür ki, dağılan bir çox ailələrin nə pul, nə maddi vəziyyətlə problemləri olmayıb. Bəs onların ayrılığına səbəb nədir? Cəmiyyətdə normal və sağlam ailənin olması üçün tərəflər arasında mütləq kompromis olmalıdır. Əgər qarşılıqlı anlam yoxdursa, onda hər şey uçuruma gətirib çıxarır. İlk növbədə ortaya çıxan faktorlardan biri ərlə arvad arasında intim uyğunsuzluqdur. Növbəti amil kənar müdaxilələrdir. Üçüncü yerdə maddi durum gəlir. İndi ailə təkcə sevgi ilə qurulmur, həm də bir çoxları ailəsinin təkcə sevgi ilə qoruya biləcəyinə arxalana bilmir. Maddi sıxıntı sonda böyük münaqişələrə gətirib çıxarır".
Zəka