Quduzluq ölümlə nəticələnən yoluxucu xəstəlikdir- Təhlil

Quduzluq ölümlə nəticələnən yoluxucu xəstəlikdir

Heyvanlar arasında quduzluq xəstəliyinin müalicəsi yoxdur

Aprel ayının 16-da 2015-ci il təvəllüdlü Hüseyn Məmişovun it dişləməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi yenidən sahibsiz itlər və onların insanlar üçün törətdiyi mənfi fəsadlar məsələsi gündəmə gəlib. Rəsmi məlumata görə, 2019 -cu ilin ilk üç ayı ərzində respublika ərazisində heyvan dişləməsi və cırmaqlaması ilə bağlı 5 minə yaxın şəxsdə bu cür hal qeydə alınıb. 2018-ci il ərzində isə bundan  20 mindən artıq şəxs zərər çəkib. Göründüyü kimi, it dişləməsi ilə bağlı statistik rəqəmlər vəziyyətin heç də ürəkaçan olmadığnı deməyə əsas verir. Bəs, belə hallardan necə qorunmalı və it dişləməsi hallarının nəticələrini necə aradan qaldırmaq olar?   Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) bildirilib ki, bu ilin ilk günlərindən etibarən ölkə ərazisində epizootik tədbirlər planına uyğun olaraq sahibli itlərin  quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinə start verilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bu dövr ərzində quduzluq xəstəliyinə qarşı 207850 baş itdə (o cümlədən 377 baş sahibsiz it) peyvəndləmə tədbiri aparıb. Hal-hazırda sahibli itlərin quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərini ardıcıl davam etdirilir. Qeyd edək ki, quduzluq bütün növ heyvan və insanların mərkəzi sinir sisteminin ağır zədələnməsi ilə səciyyələnən iti gedişli, xüsusi təhlükəli, virus mənşəli xəstəlikdir. Quduzluq xəstəliyinin törədicisi orqanizmə ən çox dişləmə vasitəsilə daxil olur və yara nə qədər böyük və baş beyinə yaxındısa, yoluxma ehtimalı da o qədər tez baş verir. Xəstəliyin inkubasiya dövrü orta hesabla 3 həftədən 3 aya, bəzən isə 8 gündən 3 ilə qədər davam edə bilər. Xəstəliyin coşğunluq formasında xəstəlik 12 saatdan 3 günə qədər davam edir. Bu dövrdə it öz sahibinə daha çox mehribanlıq göstərir, bəzən isə hissiyyatsız olur, qaranlıq küncdə uzun müddət sakit durur, artıq bu dövrdə itin ağız suyunda virus əmələ gəlmiş olur. Sonra tədricən narahatlıq başlayır. İt səbəbsiz olaraq bir yerdən digər yerə qaçır, toxunma və səsdən qorxur. Tədricən udma aktı çətinləşir, ağızdan selik axır, sidik və nəcis ixracı çətinləşir. Bundan sonra itdə oyanıqlıq müşahidə olunur. İt müxtəlif yad cisimləri gəmirir və udur. Bəzən yoluxmuş heyvanlar səbəbsiz uzun məsafələrə qaçır, bu zaman heç bir maneəyə məhəl qoymur. İt həddən artıq aqressivləşir, hər şeyə hücum edir. O hürmədən insan və heyvanlara hücum edərək onları dişləyir. Qəfəsdə olan zaman dəmir və taxtaları gəmirir, dişlərinin qırılması və dilinin zədələnməsini hiss etmir. Sonra sinir tutmaları yaranır, gövdə üzərində müxtəlif qrup əzələlərin iflici inkişaf edir. Bu dövrdə çəpgözlülük, alt çənənin aşağı sallanması, dilin xaricə çıxması müşahidə edilir. İtlərdə çeynəmə və udma aktı tamamilə pozulur, hürmə xırıltılı olur. Bu mərhələ 3-4 gün davam edir, sonra paralitik mərhələyə keçir. Bu dövrdə iflic artır, heyvan tez- tez komatoz vəziyyətə düşür və tələf olur. Əvvəllər xəstəlik vəhşi heyvanlarda daha çox müşahidə edildiyinə görə buna "meşə quduzluğu" adı verilib. Sonralar xəstəlik şəhərlərdə də qeyd olunmuş və müharibə ilə əlaqədar olaraq yeni quduzluq sahələri yaranıb. Heyvanlar xəstəliyi insana və ev heyvanlarına keçirir. Xəstəliyə daha çox it ailəsinə mənsub olan vəhşi heyvanlar (tülkü, canavar, çaqqal) yarasalar, gəmiricilər və pişiklər həssaslıq göstərir.

Profilaktik məqsədlə hər il planlı qaydada it və pişiklərə antirabik vaksinlə peyvənd aparılmalıdır. Ölkəmizdə hər il quduzluq xəstəliyinə qarşı qeydiyyatda olan 3 aylıqdan yuxarı itlərə "biokan" adlı vaksin tətbiq edilir. Peyvənddən 3-4 həftə keçmiş immunitet yaranır və aylarla davam edir. Spesifik hiperimmun serum və qlobulinlə peyvənddən sonra immunitet 1-2 gündən sonra yaranır və 1 aya qədər davam edir. Meşə təsərrüfatı, ovçular cəmiyyəti və qoruq olan təsərrüfatlarda heyvanlar arasında quduzluq müşahidə etdikdə təcili olaraq baytarlıq işçilərinə məlumat verilir və ölmüş heyvan cəsədləri baytarlıq laboratoriyasına göndərilir. Heyvanlar arasında quduzluq xəstəliyinin müalicəsi mövcud deyildir. Xəstəliyə yoluxmuş heyvanlar zərərsizləşdirilir.

Mübarizə tədbirlərindən biri də əhali arasında maarifləndirmə işlərinin aparılmasıdır. İnsanlar isə quduzluğa yoluxmuş heyvanın hücumu nəticəsində yoluxa bilərlər. Quduzluq xəstəliyi insanlarda hidrofobiya və sinir pozğunluqları ilə müşayiət olunur. Xəstə heyvanın hücumundan sonra xəstəliyin qarşısını almaq üçün dərhal həkimə müraciət etmək zəruridir. Quduzluq nəticəsində təsərrüfatlara böyük zərər dəyir və insanların yoluxma qorxusu olduğu üçün xəstəliyin ləğv edilməsinin böyük sosial əhəmiyyəti vardır. Dövlət Baytarlıq Xidməti xəstəliyin təhlükəliliyini nəzərə alaraq heyvan sahiblərindən ehtiyatlı olmağı, hər hansı bir heyvan tərəfindən narahatlıq, dişləmə və ya cırmaqlanma baş verdiyi halda dərhal ərazinin baytar həkimə müraciət etməyi tövsiyə edir. Eləcə də insanları  ehtiyatlı olmağa, hər hansı bir heyvan tərəfindən dişləmə və ya cırmaqlanma baş verdiyi halda dərhal səhiyyə ocaqlarına müraciət etməyə və antirabik vaksinini vaxtında vurdurmağa çağırır.

Səhiyyə Nazirliyi də də öz növbəsində heyvan dişləmələri ilə bağlı əhaliyə müraciət edib. Nazirlik bildirib ki, heyvanlar tərəfindən cırmaqlama, zədə, dişləmə quduzluq kimi, ağır infeksion xəstəliklə nəticələnə bilər. Quduzluq xəstəliyi zoonoz mənşəli, ölümlə nəticələnən yoluxucu xəstəlikdir. Bu xəstəliklə bütün istiqanlı heyvanlar, xüsusən canavar, tülkü, it, pişik və s. yoluxur. Xəstəlik insana dişləmə, cırmaqlanma və heyvanın ağız suyu vasitəsilə keçə bilər. Quduzluq xəstəliyinin törədiciləri süzülən viruslardır. Xəstəliyin törədiciləri əksərən baş və onurğa beyin sinirlərində və tüpürcəkdə tapılır. Quduz heyvan tərəfindən dişlənən və ya onların tüpürcəyi insanın dərisində təsadüf edilən sıyrılmış, zədələnmiş yerə düşən zaman xəstəlik baş verə bilər. Xəstəlik 100% ölümlə nəticələnir".  Nazirlik bəyan edib ki, quduzluğun epidemioloji xüsusiyyətləri aşağıdakılardır: insanların yoluxmasında əsas mənbə itlərdir;xəstələnənlərin əsas tərkib hissəsi yaş etibarilə fəaliyyətdə olan insanlar və uşaqlar olur; xəstə olanlarda zədələnmənin lokalizasiyasının orqanizmin təhlükəli hissəsində olması üstünlük təşkil edir: baş, əl və əl barmaqları nahiyəsi; insanların aerofobiyaya yoluxması və tələf olmasının səbəbi quduzluğa yoluxmuş heyvanların mövcudluğu və zərərçəkmiş şəxsin vaxtında tibb müəssisəsinə antirabik kömək almaq üçün müraciət etməməsidir, yaxud olduqca gec müraciət etməsidir. xəstəliyin inkubasiya dövrü 14 gündən 3 aya qədərdir. Səhiyyə Nazirliyi mövzunun aktuallığını nəzərə alaraq vətəndaşları ehtiyatlı olmağı, hər hansı bir heyvan tərəfindən dişləmə, tüpürcəklənmə və ya cırmaqlanma baş verdiyi halda dərhal həkimə müraciət etməyi və antirabik vaksinini vaxtında vurdurmağı tövsiyə edir.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31