“Bulanıq suda balıq tutmaq” sevdası baş tutmadı- Təhlil
26 Aprel 2019 13:54 SosialCəmiyyətin emosiyalarına hesablanmış dezinformasiya özünü doğrultmadı
Azərbaycanın tariхi, mədəniyyəti, ictimai-siyasi həyatı, abidə və qoruqları daim yerli və əcnəbi turistlərin maraq dairəsində olub. Çünki, min illər ərzində doğma diyarımızda dünyanın mədəniyyət хəzinəsinə daхil olmuş zəngin mədəni irs yaradılıb. Belə mədəni irslərdən biri də dolanbadolanc küçələrini gəzib-dolaşmaqla bitməyən, artıq qoruğa çevrilən "İçərişəhər"dir. Tarixi mənbələrdən əldə olunan məlumata görə, İçərişəhərin tariхi 1192-ci ildə Şamaхıda baş verən zəlzələnin tariхi ilə bağlıdır. Bu zəlzələdən sonra Aхsitan Şirvanın paytaхtını, əhalisini bütünlüklə İçərişəhərə köçürüb, bununla da orada yeni tikililər yaranmaəa başlayıb. Bu gün İçərişəhərin mövcudluğuna görə, orada tikilən qalalara, Şirvanşahlar Sarayı, Qız Qalasına görə Aхsitana minnətdar olmalıyıq. Tariхimizi, yaşadan möhtəşəm gözəlliyə malik olan, Bakının ecazkar mənzərəsi bizə məhz Aхsitandan miras qalıb. Sonradan isə İbn Davudun vasitəsi ilə tariхimizin incilərindən olan "Qız Qalası"ı tikilib. İçərişəhərin tariхini hətta eramızdan əvvəlki dövlərlərə də aid etmək olar. Arхeoloji qazıntılar zamanı həmçinin yeraltı oyuqlar, yeraltı tunellər, qədim hamamlar, eyni zamanda dini ocaqlar aşkara çıхarılıb. Orada ikiqat divarların çəkilməsi, tikilinin müdafiə хarakteri daşıdığından хəbər verir. İçərişəhər qala divarlarının mövcudluğu, bu ərazilərdə tacirlərin oturması, bazarların və ora ilə birbaşa əlaqədar karvansaraların yaradılması, məscidlərin, dini ocaqların olması, habelə idarəedici qüvvələrin, yəni "hakimi mütləq"lərin qərargahlarının olması tariхimizin sübutu deməkdir. O da faktdır ki, bu günə qədər İçərişəhərdəki tarixi abidələr nəinki qorumub saxlanıb, hətta təmir və bərpa işləri aparılaraq əvvəlki görkəminə qaytarılıb. Hətta sözügedən ərazi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu statusu verilib. Bu günlərdə isə bilərəkdən, yaxud bilməyərəkdən İçərişəhərin qala divarlarının sökülərək yerində restoran tikilməsilə bağlı məlumat yayılıb. Dərhal "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Kiçik Qala küçəsində Qala divarlarına zərər yetirən tikinti işlərinin aparılması haqqında yayılan məlumatlara aydınlıq gətirib. İdarədən verilən açıqlamada qeyd olunub ki, ötən ilin sonundan etibarən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca uzun illər həmin ərazidə yerləşən və abidələrə heç bir zərər yetirməyən kafe-terrasların genişləndirilməsi layihəsi həyata keçirilir. Əlavə edilib ki, layihə işləri qətiyyən tikinti mahiyyəti kəsb etməyərək, sadəcə, şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli şüşəli, qapalı və üzərində açıq yaz-yay kafe-terraslarının yaradılmasını nəzərdə tutur: "Bu üslubda təmir-bərpa işləri Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, nə İçərişəhərin, nə də Qala divarının dayanıqlığına və görünüşünə xələl gətirir. İstənilən miqyasda konstruksiya işləri həm daxili, həm zahiri baxımdan İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız İdarə tərəfindən təsdiqləndikdən sonra həyata keçirilir". Lakin bununla kifayətlənməyən maraqlı qüvvələr 9 il əvvəl İçərişəhərdə görülən işləri əks etdirən fotoşəkillər yayaraq cəmiyyəti çaşdırmaq məqsədi güdüblər. Yayılan həqiqətəuyğun olmayan məlumata aydınlıq gətirmək məqsədilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi media işçiləri üçün İçərişəhərdə görülən abadlıq işləri ilə bağlı ekskursiya təşkil edib. Media tur zamanı məlum olub ki, hər il yenilənən bərpa və konservasiya proqramına əsasən Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirilir. Ekskursiya qoşa qala qapısının yaxınlığında yerləşən qala divarının önündə də davam edib. Burada köhnə restoranlar sökülərək, əvəzində yenilərini tikmək üçün bir platforma hazırlanıb. Beton platforma qala divarlarından aralı düzəldilib ki, divara maneə törətməsin. Bəzi ittihamların olmasına baxmayaraq burada divara müdaxilə olunmayıb. Aydın olub ki, əvvəllər restoranlar qala divarına söykənirdi, indi isə ondan tam aralıdır. Konstruksiya işlərində əsas məqsəd, divara söykənən tikililərin divardan ayırmaq, yerində daha müasir tikilər inşa etməkdir. Yeri gəlmişkən qeyd edək ki, abadlıq işləri nəinki adı çəkilən yerlərdə eyni zamanda, son illər ərzində Qız qalası, Şirvanşahlar Saray Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi kimi yerlərdə uğurla tamamlanıb. Hətta mövcud abidələrin tarixi görkəminə xələl gəlməsinin qarşısını almaq məqsədilə xarici ölkələrdən bu işlərə mütəxəssislər dəvət edilib. Belə halda 9 il əvvəlki şəkli paylaşaraq yersiz ittihamlar irəli sürmək sözün həqiqi mənasında xalqı çaşdırmaqdan başqa bir şey deyil. Heç şübhəsiz ki, qala divarlarının dağıdılması barədə dezinformasiya yayanlar antimilli qüvvələrin sifarişini yerinə yetiriblər. Belə məlum olur ki, xarici havadarlarının sifarişlərini icra edən daxili düşmənlər məkirli məqsədlərinə çatmaq üçün hətta milli-mənəvi dəyərləri, tarixi ənənələri ayaq altına atmağa hazırdırlar. Bunun üçün isə deyəsən fürsət ələ düşüb. Azərbaycan Avropa İttifaqı ilə saziş imzalanması ərəfəsində milli dəyərlərlə bağlı məsələləri ortaya atmaq "bulanıq suda balıq tutmaq" siyasətinin göstəricisidir.
Əslən içəri şəhərdən olan millət vəkili Kamilə Əliyevaqeyd edib ki, İçərişəhər nəinki mənim, bizim, bütövlükdə bakılıların, Bakı əhalisinin, Azərbaycan xalqının fəxri, onun tarixi, keçmişi, mədəniyyətidir. Millət vəkili bildirib ki, Bakının gözəlləşməsi, şəhərin abadlaşması hər zaman diqqət mərkəzində olub: "İstər ikinci müstəqil dövlətimizin qurucusu və banisi, sabiq dövlət başçısı, mərhum Heydər Əliyevin həm birinci, həm ikinci hakimiyyətləri dövründə, istərsə də ölkə prezidenti cənab İlham Əliyevin 16 illik hakimiyyəti dövründə Bakının abadlığına, gözəlliyinə, tarixiliklə, qədimiliklə müasirliyin vəhdətinin qorunub-saxlanılmasına çalışılıb. Eyni zamanda, Bakının göz bəbəyi olan İçərişəhərin tarixi bir abidə, muzey kimi qorunub-saxlanılması diqqət mərkəzində olub. Bu məsələdə ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xidmətləri danılmazdır və müstəsnadır. Bildiyiniz kimi, 90-cı illərdə bəzi səbəblərdən İçərişəhərin tarixiliyinə, qədimiliyinə xələl gətirən bəzi hallar yaşanmışdı. Amma zamanında bu məsələyə müdaxilə edilmiş və İçərişəhərdə tikinti işlərinin aparılması dayandırılmışdı. Hətta 2004-2011-ci illər arasında cənab prezidentin İçərişəhərlə bağlı ard-arda bir neçə sərəncam və fərmanı olmuşdu. Yəni İçərişəhər hər zaman diqqət mərkəzində saxlanılıb. Hər zaman belə hesab etmişəm, bu gün də hesab edirəm ki, İçərişəhərin tarixiliyinə, qədimiliyinə əl vurulmamalıdır, toxunulmamalıdır. Çünki İçərişəhərin hər bir daşı-kəsəyi tarixdir. Bir çox ölkələrdə paytaxtlarla bağlı yeni şəhər və köhnə şəhər sözləri işlədilir. Məsələn, Çexiyanın, Baltikyanı ölkələrin paytaxtlarında köhnə və yeni şəhər deyilən yerlər var. İçərişəhər də məhz bizim qədim, köhnə şəhərimiz, milli-tarixi abidəmiz, muzeyimizdir. Ona görə orada hansısa tikinti işlərinin aparılmasının əleyhinəyəm, bunu hər zaman demişəm. Bununla belə, elə məqamlar, elə yerlər ola bilər ki, onlara əl gəzdirilə bilər, amma yenə də tarixiliyə, qədimiliyə xələl gətirməmək şərtilə. Bakının digər könhə məhəllələrində aparılan işləri hər zaman dəstəkləmişəm, alqışlamışam. Çünki həmin məhəllərdə yaşayış binları, evlər, mənzillər insan yaşayışı üçün çox çətin idi, çoxu darısqal, nəm və sairə. Hətta bunların sökülməsinə qarşı çıxanları da hec cür və heç zaman anlamamışam. Nəyə etiraz ediblər, edirlər, heç özləri də bilmirlər. Amma İçərişəhərimiz istisnadır. Ora tarixdir və tarixilik də olduğu kimi qalmalıdır".
Zəka