Aqrar sığorta ilə bağlı yeni qanun layihəsi hazırlanıb
Aqrar sığorta ilə bağlı yeni qanun layihəsi hazırlanıb
25 Aprel 2019 15:35 Sosial"Aqrar sığorta haqqında" yeni qanun layihəsi hazırlanıb. Bu barədə millət vəkili, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib. Komitə sədri qeyd edib ki, qanun layihəsi aprelin 26-da MM-in Aqrar siyasət, həmçinin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq: "Qeyd edim ki, hələ təxminən 18 il öncə, ikinci çağırış parlament dövründə belə bir qanun qəbul etmişdik. Ancaq çox təəssüflər olsun ki, ötən illər ərzində obyektiv və subyektiv səbəblər üzündən bu qanun işləmədi, aidiyyatı qurumlar bu qanunun işləkliyini, icrasını təmin edə bilmədilər. Hansı ki, belə bir qanunun icrası və işləkliyi çox vacib idi, bu, aqrar sektorun, kənd təsərrüfatının inkişafına töhfələr verə, sığorta məsələləri tənzimlənə bilərdi. Lakin dediyim kimi, bunlar olmadı. Odur ki, Kənd Təsərrüfatı Nazirliyi bu yöndə yeni qanun layihəsi hazırladı və Prezident Administrasiyasının müvafiq şöbəsinə təqdim etdi. Artıq nəticədə də aqrar sığorta ilə bağlı yeni qanun layihəsi müzakirələrə təqdim edildi: "Hesab edirəm ki, belə bir qanun layihəsinə, xüsusilə də, sığorta məsələlərinin çox aktiv şəkildə gündəmə gəldiyi bir dövrdə belə bir sənədin müzakirələrdən keçirilərək, qəbuluna ciddi ehtiyac var. Sabah, aprelin 26-da bizim komitədə, eləcə də, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bu sənəd birinci oxunuşda geniş müzakirələrdən keçirilərək, növbəti plenar iclasın gündəliyinə təqdim, tövsiyə olunacaq. Bu baxımdan, belə hesab edirəm ki, bu qanun layihəsinin müzakirəsi və qəbulu sahibkarlar və fermerlər üçün çox əhəmiyyətli olacaq, bütövlükdə ölkədə aqrar sektorun, kənd təsərrüfatının inkişafına öz müsbət töhfəsini verə biləcək".