Deputat: “Mövcud qanun kənd təsərrüfatında sığorta məsələlərində ciddi problemlər yaradırdı”
Diqlas”da yaşanan hadisədən sonra bu məsələ bir daha özünü aktual şəkildə gündəmə daşıdı
25 Aprel 2019 15:31 Sosial"Aqrar sığorta ilə bağlı yeni qanun layihəsinin müzakirəsi və qəbulu olduqca zəruri və vacibdir. Belə bir sənədin müzakirəsi və qəbuluna çoxdan ehtiyac duyulurdu". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Eldəniz Səlimovun sözlərinə görə, mövcud qanun işləmirdi və bu, kənd təsərrüfatında sığorta məsələlərində ciddi problemlər yaradırdı: "Bu baxımdan, yeni qanun layihəsinin müzakirələrə təqdim olunması çox əlamətdar və sevindirici haldır. Bu gün dünyada ən işlək mexanizmlərdən, sistemlərdən biri məhz sığorta sistemidir. İstər dövlət, istərsə də özəl sığorta qurumları çox intensiv və aktiv şəkildə fəaliyyət göstərirlər. Ancaq təəssüflər olsun ki, bizdə sığorta sistemi, sığorta bazarı (avtomobil sığortasını çıxmaqla) o qədər də ürəkaçan vəziyyətdə deyil. Ona görə bu sistemin, bu bazarın güclənməsinə, işləkliyinə ehtiyac var. "Diqlas"da yaşanan hadisədən sonra bu məsələ bir daha özünü aktual şəkildə gündəmə daşıdı. Dövlət başçısı özü də bu məsələnin vacibliyinə diqqət çəkdi, sığorta məsələsinin önəmliyini vurğuladı. Odur ki, belə olan şəraitdə aqrar sektorla bağlı sığorta məsələsinin də gündəmə gəlməsi, yeni qanun layihəsinin hazırlanması və müzakirələrə çıxarılması çox əhəmiyyətli və önəmli bir məsələdir. Bu qanun layihəsi müzakirələrdən keçirilib, qəbul olunacağı təqdirdə, mütləq şəkildə öz müsbət nəticələrini ortaya qoyacaq"