Qida təhlükəsizliyinin təmin olunması sahibkarın öz istehlakçısı qarşısında sosial öhdəliyidir
Qida təhlükəsizliyinin təmin olunması sahibkarın öz istehlakçısı qarşısında sosial öhdəliyidir
24 Aprel 2019 15:13 SosialElxan Mikayılov: "Dövlət bu prosesdə vasitəçidir"
Əhalinin qida təhlükəsizliyinin təmin olunması, insanların sağlam, orqanizm üçün zərərli maddələrdən uzaq tutulması da günümüzdə dövlətin qarşısında dayanan mühüm vəzifələr sırasındadır. Elə bu səbəbdəndir ki, son illər qida təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirilməyə başlanılıb. Bir neçə il əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı mübafiq sənəd əsasında Qida Təhlükəsizliyi Agentliyinin yaradılması da məhz bu məqsədə zidmət edirdi. Etiraf edək ki sözügedən Agentlik yarandığı gündən bu istiqamətdə mövcud olan boşluqların aradan qaldırılması istiqamətində kifayət qədər işlər görüb. Eyni zamanda maarifləndirici tədbirlər həyata keçirilib. Nəzərə alsaq ki, gündəlik istifadə etdiyimiz qida məhsullarının böyük əksəriyyəti istehsal müəssisələri tərəfindən istehsal olunur, o zaman sahibkarlarla bu istiqamətdə işin aparılması mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Bu mənada Qida Təhlükəsizliyi Agentliyinin ötən müddət ərzində sahibkarlarla apardığı iş də təqdirəlayiq hesab edilə bilər. Ancaq onu da təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hələ də bəzi sahibkarlar qida təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirmir, rəhbərlik etdikləri müəssisələrdə istehsal olunan məhsulların istehsal emalı, istərsə də qablaşdırılması və tədarükü zamanı xırda sanitary gigyenik qaydalara belə əməl edilmir. Qida Təhlükəsizliyi Agentliyi də haqlı olaraq bu kimi müəssisələrə qarşı müəyyən tədbirlər görür, bir çox hallarda onların sanitary gigiyenik qaydalara zidd şəkildə istehsal etdikləri məhsullar bazarlardan çıxarılır.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov deyir ki, yeni qida təhlükəsizliyi sistemində dövlətin, sahibkarların və istehlakçıların rolu və məsuliyyətləri xüsusi qeyd olunmalıdır. Onun sözlərinə görə, dövlət qida təhlükəsizliyinin təmin olunması üçün sahibkarların üzərlərinə düşən öhdəliklərini yerinə yetirməsinə və istehlakçıların hüquqlarının qorunmasına nəzarəti və tənzimləməni həyata keçirən tərəfdir: "Bu məqsədlə dövlət sahibkarların öz rollarını və məsuliyyətlərini düzgün başa düşməsinə və yerinə yetirməsinə, istehlakçıların isə qida təhlükəsizliyinin təmin olunmasında fəal iştirakına, istehlakçı-sahibkar əks əlaqə mexanizminin formalaşmasına və bununla da qida zənciri boyunca qida təhlükəsizliyinin təmin olmasına nail olmaq istiqamətində tədbirlər həyata keçirir. Sahibkarlar isə istehlakçıları təhlükəsiz qida ilə təmin etmək qida biznesi ilə məşğul olan sahibkarların öhdəliyidir. Bu məqsədlə sahibkarlar öz obyektində daxili qida təhlükəsizliyi idarəetmə sistemini qurmalı və ən effektiv formada həyata keçirilməsinin təmin etməli, öz istehlakçılarına qarşı daha məsuliyyətli olmalı və daxili nəzarət sistemi vasətiəsilə qida təhlükəsizliyi ilə bağlı hər hansı problem yarandığı halda buna çevik reaksiya verə bilmək qabiliyyətinə malik olmalıdır". Elxan Mikayılov deyib ki, istehlakçılar da öz növbəsində qida təhlükəsizliyinin təmin olunmasında ən effektiv təsirə malik olan ictimai nəzarəti həyata keçirən tərəfdirlər: "İstehlakçılar qida təhlükəsizliyi ilə bağlı yetərli informasiyaya malik olduqda, öz istehlaklarına qarşı tələbkar olduqda və malik olduqları hüquqlarından istifadə etdikdə, bu sahibkarları istehlakçıların qaçılmaz təhlükəsiz qida tələbinə riayət etməyə vadar edir. Bununla yanaşı istehlakçılar təhlükəsiz və sağlam qidalanma haqqında kifayət qədər məlumata malik olmalı, qida məhsulunun saxlama və yenidən istifadəsi üçün istehsalçının göstərişlərini yerinə yetirməlidirlər. Qida təhlükəsizliyinə müasir baxış bundan ibarətdir ki, qida təhlükəsizliyinin təmin olunması sahibkarın öz istehlakçısı qarşısında sosial öhdəliyidir. Dövlət bu prosesdə vasitəçidir. Deməli bu halda ölkədə qida təhlükəsizliyinə əsas cavabdeh olan tərəf sahibkardır. Bu ölkəmizdə qida təhlükəsizliyinə tamam yeni yanaşma tələb edir".
Süleyman