Millət vəkili: “Mən xalqın yanında deyiləm, xalqdan yanayam”
Millətimizin qaz limitinə görə sıxıntı içində olan, ödəmədə çətinlik çəkən insanlarının problemini dilə gətirmişik, yəni xeyrinə danışmışıq
24 Aprel 2019 14:24 Sosial"Millətimizin qaz limitinə görə sıxıntı içində olan, ödəmədə çətinlik çəkən insanlarının problemini dilə gətirmişik, yəni xeyrinə danışmışıq. Tələb etmişik ki, mövcud limit ən azı iki dəfə artırılsın ki, insanların ödəmə imkanı olsun. Limitin qalxmasını tələb edənlər söyməyə başlayıblar ki, niyə limiti qaldırırsınız?" "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Fazil Mustafa qeyd edib ki, deyək ki, heç qərəzli deyillər, sadəcə başa düşməyiblər. O halda sual doğur ki, başa düşməyəndə adam susar da, bizimkilər nədən yazı yazır: "Azərbaycan cəmiyyətini bürümüş cahilliyin, savadsızlığın ən bariz şəkildə göründüyü yer virtual məkandır. Ali məktəbə oxumaq üçün deyil, diplom üçün daxil olanları anlamaq olar, buraya ki, daxil olanlara diplom vermirlər? Biz siyasətdə də, elmdə də, ictimai sferada da düşündüklərimizi, xalqın faydasına olduğuna inandığımız tezisləri xalqa rağmən söyləmişik və söyləməyə də davam edəcəyik. Bəyənib-bəyənməmək qətiyyən bizi maraqlandırmır, illər öncəki, cəbhəçilik dövründən, hərəkatçılıq dövründən qalma məcaraçılıqla xalqın başını aldatmağı düşünmürük, real durumu izah edirik, cəmiyyətin əsas probleminin məhz dini, siyasi, elmi cəhalət olduğunu görürük və maarifçilik işinin də ağırlığını bu cinaha yönəldirik. Tez-tez məlum ideoloji yobazlaşmadan qurtula bilməyənlər şəxsimə məntiqsiz bir sual da ünvanlayırlar ki, bəs niyə xalqın yanında deyilsiniz? Afərin, mənim siyasət anlayışımı doğru çözmüsünüz. Məhz fərqimiz də buradadır. Mən xalqın yanında deyiləm, xalqdan yanayam. Bu yobazlar isə xalqın yanında olsalar da, xalqdan yana deyillər. Xalqın yanında olmaq, xalqın xoşuna gəlmək üçün onun eşitmək istədiyini saxtakarcasına təkrarlamaqdır. Xalqdan yana olmaq isə, xalqın xoşuna gəlməsə belə, onun mövcudluğu, gələcəyi, tərəqqisi üçün faydalı olanları dilə gətirməkdir, bu istiqamətdə çalışmaqdır. Ən böyük təsəlli də bu olmalıdır məncə: Xaliqin bilməyi yetərlidir. Balıqsa özü bilər...."