Narkomaniyanın bəşəriyyət üçün təhlükəliliyi daha da artır- Təhlil

Narkomaniyanın bəşəriyyət üçün təhlükəliliyi daha da artır

Günümüzdə bəşəriyyəti təhdid edən ən ciddi problemlərdən biri də narkomaniyadır. Narkomaniyaya qarşı beynəlxalq səviyyədə səmərəli mübarizə aparılsa da, lakin əldə edilən nəticələr heç də qaneedici deyil. Bunun da əsas səbəblərindən biri mübarizə tədbirlərinə adekvat olaraq narkotacirlərin əlavə fəaliyyət istiqamətləri, yeni-yeni metodlar seçməsidir.

Əvvəlki illərdə olduğu kimi narkotik vasitələr arasında tiryəkin qlobal miqyasda ən böyük zərərverici olduğu bildirilir. Belə ki, narkotik vasitələrin qəbul edilməsi ilə əlaqəli ölüm hallarının 76 faizi tiryək istifadəsinin payına düşür. Bu istiqamətdə ən böyük təhlükə yaşayan kütləni inyeksiya yolu ilə narkotik vasitə qəbul edən insanlar təşkil edir. BMT tərəfindən təqdim olunmuş rəqəmlərə əsasən 2016-ci ildə sözügedən insanların sayı təxminən 10.6 milyon nəfərdən ibarət olmuşdur ki, onların da yarısı Hepatit C, 1/8 isə QİCS ilə xəstədir.

2017-ci ilə olan statistik məlumata əsasən, 2016-cı il ilə müqayisədə qlobal miqyasda tiryək istehsalı 65 faiz artaraq 10,500 tona çatıb. Bu rəqəm BMT tərəfindən tiryək istehsalının monitorinqi aparılan vaxt çərçivəsində qeydə alınmış rekord göstəricidir.

Təkcə Əfqanıstanda tiryək istehsalı 9000 tona bərabər olub ki, bu da ondan əvvəlki il ilə müqayisədə 87 faiz artım anlamına gəlir. Bu artımın əsas səbəbi siyasi qeyri-sabitlik, alternativ inkişaf imkanlarının məhdudluğu, eləcə də hökumət tərəfindən ölkənin müxtəlif ərazilərinə nəzarətin zəifliyi olub. 2015-2016 illər ərzində qlobal miqyasda tiryəkin aşkarlanması nisbəti 50 faiz artıb və 2016-cı ildə 90 tona yaxın tiryək müsadirə edilib.

Kokain istehsalı da 2013-2016-cı illərdə əhəmiyyətli dərəcədə artaraq 2016-cı ildə 1410 tona çatıb. Kolumbiya kokainin əsas qlobal istehsalçısı olaraq qalıb.

2017-ci il ərzində narkotiklərə qarşı mübarizədə ən mühüm məsələlərdən biri resept vasitəsilə yazılmış narkotik tərkibli dərman preparatlarının qeyri-tibbi məqsədlərlə istifadə edilməsi olub. Tramadol, fentanil kimi narkotik tərkibli vasitələrin yüksək dozada istifadəsi ilə bağlı ölüm hallarının əhəmiyyətli artımı xüsusilə ABŞ və Avropa ölkələrində qeydə alınıb. Kannabislər 192 milyon insan tərəfindən ən azı 1 dəfə istifadə edilmiş narkotik vasitə olaraq ən geniş yayılmış narkotik maddə olaraq qalmaqdadır.

Sintetik narkotik vasitələrin istifadəsində də artım tendensiyası müşahidə olunur. 2016-cı il ərzində 72 adda yeni sintetik vasitə istehsal edilərək dövriyyəyə buraxılıb ki, bunların hamısı beynəlxalq nəzarətdən kənar olduğu üçün sosial və təhlükəsizlik problemləri yaratmaqdadır. Ümumilikdə beynəlxalq nəzarət siyahılarında olan narkotik vasitələrə oxşar tərkibli sintetik narkotiklərin istehsalında xüsusi rolu Cənub-Şərqi Asiya ölkələri oynayır. Son dəyərləndirmələrə görə sintetik əsasda istehsal edilən narkotik vasitələrin növləri beynəlxalq nəzarət altında olan vasitələrdən dəfələrlə çoxdur. Bu isə gələcəkdə qlobal miqyasda narkotiklərə qarşı mübarizədə yeni problemlərin ortaya çıxma ehtimallarını yüksəldir.

Aşkarlanan digər yeni bir tendensiya isə bəzi ölkələrdə gündəlik həyatda istifadə edilən bəzi bitkilərin digər ölkələrdə narkotik vasitə kimi istifadə edilməsi olub. Bu xüsusda, Cənub-Şərqi Asiya ölkələrində yetişdirilən və məişətdə kiçik yaraların müalicəsində istifadə edilən kratom adlı ağacın yarpaqlarını nümunə göstərmək olar. Qeyd olunan bitkinin digər vasitələrlə qarışdırılmasından əldə edilən yeni narkotik vasitələrdən daha çox ABŞ-da istifadə edilir. 2016-cı ildə 500 tona yaxın kratom müsadirə edilmişdir ki, bu rəqəm 2015-ci il ilə müqayisədə 3 dəfə artım deməkdir.

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi də narkotacirlərin imkanlarını genişləndirib. Xüsusilə internetin beynəlxalq və milli nəzarətdən kənar qalan hissəsi hesab edilən "darknet"-də narkotik vasitələrin satışı ilə məşğul olan bir sıra platformalar (AlphaBay, Hansa və s.) mövcuddur ki, həmin platformalar vasitəsilə narkotik vasitə istifadəçiləri istədikləri növ narkotik vasitəni asanlıqla əldə edə bilirlər. Təqribi qiymətləndirmələrə görə 2017-ci il ərzində "darknet" vasitəsilə narkotik vasitələrin qanunsuz dövriyyəsi 170-300 milyon ABŞ dolları arasında olub.

Narkotik vasitələrdən istifadə ilə bağlı yaş və gender kateqoriyalarına gəldikdə isə, müşahidələrə əsasən, 2017-ci il ərzində narkotik vasitələrdən istifadə 12-17 yaş arasında başlayır, 18-25 yaş arasında isə aludəçiliyə çevrilir. Gender bölgüsünə gəldikdə isə qadınların narkotik vasitələrdən istifadə halları kişilərə nisbətdə daha az olsa da, məhkumluq şəraitində yaşayan insanlar arasında aparılmış təhlilə əsasən, bu cür şəraitlərdə qadınların narkotik vasitələrdən istifadəsi hallarına daha çox rast gəlinib.

Beynəlxalq təşkilatlar çərçivəsində narkotiklər probleminə qarşı mübarizəyə yanaşmada mövcud olan köklü fikir ayrılıqları ötən il ərzində də davam edib. Belə ki, bu istiqamətdə əsas fikir ayrılıqlarından biri narkotiklərlə bağlı törədilən cinayət hallarına münasibətdə bəzi ölkələr tərəfindən tətbiq olunan ölüm hökmünə moratorium qoyulması məsələsidir. Qərb dövlətləri və beynəlxalq QHT-lər hazırda bu məsələ ilə bağlı ölüm hökmü tətbiq edən 33 ölkəyə davamlı çağırışlar etmişlər. Statistikaya əsasən 2015-2018-ci illər ərzində narkotiklərlə əlaqəli cinayət işlərinə görə 1320 nəfərə münasibətdə ölüm hökmü icra edilib.

Qeyd edək ki, 2016-ci il ərzində 15-64 yaşında olan təxminən 275 milyon insan (dünya əhalisinin 5.6%-i) tərəfindən ən azı 1 dəfə narkotik vasitə qəbul edilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına istinadən 2015-ci ildə narkotik vasitələrin qəbul edilməsi nəticəsində 450 min insan vəfat edib. Bunlardan 167 750 min nəfərinin ölüm səbəbi bilavasitə psixoloji pozğunluqlar olub (əsasən yüksək dozaların qəbul edilməsinə görə). Digər hallar isə dolayı səbəblərdən, o cümlədən Hepatit C və QİÇS ilə bağlı olub.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31