Xarici diplomatlarla aqrar islahatlar mövzusunda görüş keçirilib
Xarici diplomatlarla aqrar islahatlar mövzusunda görüş keçirilib
24 Aprel 2019 12:37 SosialAzərbaycan Respublikası Prezidenti Administrasiyasının dəstəyi, Xarici İşlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə xarici ölkələrin Azərbaycanda akrreditə olunmuş səfirliklərinin rəhbərləri ilə "Azərbaycan Respublikasında aqrar islahatlar" mövzusunda görüş keçirilib. KTN-dən "Olaylar"a bildirilib ki, görüşdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, görüşün keçirilməsində məqsəd Azərbaycanın aqrar sektorunda aparılan islahatlar barədə məlumat verməklə yanaşı, ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə etməkdir. Nazir kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatının ən sürətli inkişaf edən sahələrindən biri olduğunu deyib: "Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətində üç əsas prinsipə əsaslanır. Bunlar fermerlərlə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsipləridir. Nazirlik təməl prinsiplərinə söykənərək funksional fəaliyyətini müasir tələblərə uyğun təşkil etmək üçün beş strateji istiqaməti əsas götürüb. Bu istiqamətləri aqrar təhlil, aqrar həllər, aqrar bilik və bacarıqlar, aqrar dəstək və aqrar ticarət kimi təsnif edə bilərik. Aqrar sahədə təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, proqram və layihələrin hazırlanması, sahənin strateji planlaşdırılması və innovativ inkişafı vəzifələrinin icrasını təmin etmək məqsədilə Nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Aqrar Tədqiqatlar Mərkəzi yaradılıb. Eyni zamanda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlamışıq. Bu sistem bütün aqrar xidmətlərin elektron hökumət üzərindən həyata keçirilməsinə imkan verəcək və fermerlərə əlavə üstünlüklər yaradacaq. Son üç ay ərzində artıq 50 mindən artıq fermer yeni sistemdə qeydiyyatdan keçib".