Ali Məhkəmə sədrindən hakimlərə xəbərdarlıq- TƏFƏRRÜAT
Ali Məhkəmə sədrindən hakimlərə xəbərdarlıq
17 Aprel 2019 14:29 SosialRamiz Rzayev: "Hər bir hakim dəyişikliklərə özündən başlamalıdır"
Aprelin 17-də Ali Məhkəmədə 2018-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.
Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Fərmanı məhkəmə-hüquq sisteminin yeni strateji yol xəritəsi olduğunu diqqətə çatdıran Ali Məhkəmənin sədri Ramiz Rzayev qeyd edib ki, Fərmanda məhkəmə-hüquq sisteminin bütün fəaliyyət istiqamətləri müəyyən edilir: "Ədalət məhkəməsinin keyfiyyətinin artırılmasına nail olunacaq, müəyyən edilən nöqsanlar aradan qaldırılacaq". Ali Məhkəmə sədrinin sözlərinə görə, Fərmanda nəzərdə tutulan göstərişlərin vaxtında yerinə yetirilməsi üçün hər bir hakiminin üzərinə böyük məsuliyyət düşür: "Vatəndaşların məhəkəmələrə inamını təmin etməli, süründürməçilik halları aradan qaldırılmalıdır. araşdırmalar göstərir ki, bu sahədə hələ də vətəndaşları narahat edən nöqsanlar var. Buna görə hər bir hakim dəyişikliklərə özündən başlamalıdır". R.Rzayev bildirib ki, Fərmanda bütün məhkəmələrin sədrlərinə və hakimlərinə məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etmələri tövsiyə edilir.
Ali Məhkəmənin sədri qeyd edib ki, 2018-ci ildə Azərbaycanda birinci instansiya məhkəmələri tərəfindən14 931 nəfər barəsində 12 539 cinayət işinə baxılıb. Onlardan 10 172 iş üzrə 12 433 nəfər barəsində ittiham, 89 iş üzrə 106 nəfər barəsində bəraət hökmü çıxarılıb: "1724 iş üzrə 1842 nəfər barəsində işin icraatına xitam verilib, 37 iş üzrə 39 nəfər barəsində tibbi xarakterli qərar çıxarılıb, qeyd edilən 12 539 işlərdən 11 421 işə ümumi, 1118 işə isə hərbi məhkəmələr tərəfindən baxılıb". Ali Məhkəmənin sədri edib ki, respublikanın birinci instansiya məhkəmələri tərəfindən 2018-ci ildə ümumi məhkum edilənlərin sayı 2017-ci ilə nisbətən 1300 nəfər, yəni 9,5 faiz azalıb, bəraət alan şəxslərin sayı dəyişmədən eyni qalıb.
Həmçinin 2018-ci ildə Azərbaycanda birinci instansiya məhkəmələri tərəfindən 246.920 işə, o cümlədən 224 584 mülki, 5029 iqtisadi, 17 307 inzibati mübahisələrə dair işlərə baxılıb. 2017-ci illə müqayisədə 2018-ci ildə baxılan işlərin ümumi sayı 30,5 faiz azalıb. R.Rzayev bildirib ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan vətəndaşlarının müraciətinə əsasən ləğv olunan işlərin sayında 2017-ci illə müqayisədə 2018-ci ildə azalma müşahidə olunub.Ali Məhkəmənin sədri əlavə edib ki, Ali Məhkəmənin mülki, cinayət və hərbi kollegiyalarında 2018-ci ildə baxılmış işlər 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə azalıb, inzibati-iqtisadi kollegiyada isə artıb: "Mülki kollegiyada 6,5 faiz, cinayət kollegiyasında 3,1 faiz, hərbi kollegiyada 8,9 faiz azalma, inzibati-iqtisadi kollegiyada 4 faiz artma müşahidə olunub".
Ölkədə cəza siyasətinin yüngülləşdirilməsi məsələsinə toxunan R.Rzayev bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ildə Azərbaycanda cəzaların humanistləşdirilməsi, Cinayət Məcəlləsinə 300-dən çox dəyişiklik məhkəmələr tərəfindən 6 mindən çox məhkum barəsində tətbiq edilib. Onlardan 1700-dən çox məhkum cəzadan tamamilə azad edilib, 2500-dən çox məhkumun cəza müddəti azaldılıb.Onun sözlərinə görə, bundan başqa, 390-dan çox məhkumun cəzaçəkmə müəssisənin növü dəyişdirilərək yüngülləşdirilib.
Ramiz Rzayev onu da bildirib ki, açıq məhkəmə iclaslarında jurnalistlərin fəaliyyətinə mane olmaq və onların məhkəmə zalına buraxılmaması düzgün deyil. Onun sözlərinə görə, istənilən vətəndaş, o cümlədən jurnalistlər açıq məhkəmə iclasında iştirak edə bilər: "Azərbaycanda yalnız iki halda qapalı keçirilən məhkəmə iclası var. Onlardan biri dövlət sirri, digəri isə ailə məsələləri ilə bağlı keçirilən iclaslardır. Qalan bütün hallarda məhkəmələr hər bir vətəndaş, o cümlədən vəzifə borcunu yerinə yetirən jurnalistlər üçün açıq olmalıdır".
Alim