"Dini-ideoloji təhlükəsizlik və media" mövzusunda konfrans keçirlib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Dini-ideoloji təhlükəsizlik və media" mövzusunda konfrans keçirlib
16 Aprel 2019 15:40 SosialDini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Dini-ideoloji təhlükəsizlik və media" mövzusunda konfrans keçirlib. Konfransı giriş sözü ilə açan Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov mövzunun günümüz üçün kifayət qədər aktual olduğunu söyləyib. Komitə rəsmisi bildirib ki, dini təhlükəsizliyin qorunmasında, ona yad ünsürlərin təsir göstərə bilməməsində medianın rolu danılmazdır və mətbuatın bu sahədə maarifləndirmə işləri həyata keçirməsi təqdirediləndir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Azərbaycan islam ölkəsidir. Ölkə əhalisinin 96 faizini müsəlmanlar təşkil edir. Medianın dini təhlükəsizliyin təminatındakı rolunu yüksək qiymətləndirən komitə sədri deyib ki, Azərbaycan mediası öz səhifələrində ekstremistlərə, dini qarşıdurma yaratmaq istəıyənlərə yer vermir, bu təhlükəsizliyi qoruyur. Mübariz Qurbanlı bildirib ki, ona görə də media ilə sıx əməkdaşlıq etmək lazımdır. Komitə sədri onu da diqqətə çatdırıb ki, Azərbaycan xalqını birləşdirən bir ideya var ki, o da Azərbaycançılıq ideologiyasıdır.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov son illərdə Nardaranda, Gəncədə baş verən hadisələrə diqqət çəkib və bildirib ki, zaman-zaman müəyyən qruplar Azərbaycanda dini zəmində qarşıdurma yaratmağa çalışıblar. Lakin dövlətin, hüquq-mühafizə orqanlarının səyi nəticəsində bu təhlükənin qarşısı alınıb. MŞ sədri onu da qeyd edib ki, media dini təhlükəsizliyin təminatına öz töhfəsini verir.
Prezident Adminstrasiyasının Millətlərarası Münasibətlər, Multikulturalizm və Dini Məsələlər şöbəsinin baş məsləhətçisi Əliheydər Zülfüqarov deyib. media nümayəndələrinin din sahəsində məlumatlı olması bu mövzuda yayılan məlumatların daha sanballı olmasına kömək edir: "Dini icmaların fəaliyyətinə dövlət tərəfindən bütün zəruri dəstək verilir. Ölkəmizdə heç bir dinə digərindən çox üstünlük verilmir və bu da beynəlxalq normaların tələblərinə tam cavab verir. Azərbaycan multikultralizm siyasəti ilə bağlı yüksələn xətt üzrə gördüyü işlər onu digər ölkələrdən fərqləndirir. Ölkədə bu istiqamətdə hüquq-mühafizə orqanların üzərinə düşən məsuliyyət çox böyükdür və onlar bunun öhtəsindən layiqincə gəlirlər. Mediadan da mümkün qədər yaxşı istifadə edilir".
Ə. Zülfüqarov deyib ki, sosial şəbəkələr insanların beynini yönləndirmək üçün çox güclü vasitədir: "Ona görə də radikal, xurafata meyilli qrupların sosial şəbəkələrdə insanların fikirlərini bulandırmaq cəhdlərinin qarşısı alınmalıdır. Biz bu kimi məqamların qarşısını almaq üçün çalışmalıyıq. Azərbaycanın bütün bölgələrində Dini Komitə bu kimi neqativ halların qarşısının alınması istiqamətində çoxsaylı tədbir görüb və görməyə davam edir".
PA nümayəndəsi deyib ki, radikal qrupların sosial şəbəkələrdə insanların fikirlərini bulandırmaq cəhdlərinin qarşısı alınmalıdır: ""Dini sferanın şəffaflığı, ictimaiyyətin bütün nümayəndələrinin eyni mövqedən çıxış etməsi önəmlidir. Başqa ölkələrdən gələn nümayəndələrə belə ölkədəki dini münasibətlər nümunə kimi göstərilə bilir".
Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Qəmər Cavadlı isə qeyd edib ki, din milli ideologiyanın tərkib hissəsidir. Onun sözlərinə görə, bütün cəmiyyətlərdə, eyni zamanda Azərbaycanda kütlə şüurunu idarə edən bütün qüvvələr KIV-in əlində cəmlənib. Qorxulu amansız tədbirlər də onları əli ilə həyata keçirilir.
O bildirib ki, bu gün din və media arasında boşluqlar mövcuddur: "Dini bilikləri ehtiva edən fənlər humanitar ixtisaslarda tədris olunsun. Bütün cahiliyyət dini maarifsizlikdən irəli gəlir. Din ideologiya deyil, dünyəvi cəmiyyətdə ideologiya səviyyəsinə qaldırıla bilməz. Din milli ideologiyanın tərkib hissəsidir".
Daha sonra çıxış edən AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov mövzunun aktuallığından danışıblar. Sonda BDU-nun Jurnlaistika fakultəsinin dekanı Vüqar Əliyev təqdimatla çıxış edib.
Süleyman