Ədliyyə Nazirliyində ictimai müzakirə keçirilib
Ədliyyə Nazirliyində ictimai müzakirə keçirilib
9 Aprel 2019 15:33 Sosialİctimaiyyət tərəfindən böyük maraqla və rəğbətlə qarşılanan ədliyyə və məhkəmə sisteminin gələcək inkişafı üçün "yol xəritəsi" olan "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanla qarşıda duran vəzifələrin icrasına Ədliyyə Nazirliyində geniş ictimai müzakirə keçirilib. "Olaylar" xəbər verir ki, Nazirliyin və Mətbuat Şurasının rəhbər şəxslərinin, ədliyyə naziri yanında İctimai Komitə üzvlərinin və digər vətəndaş cəmiyyəti, eləcə də media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə məhkəmə-hüquq sistemində aparılan islahatlar və bu islahatların dərinləşməsində Fərmanın müstəsna əhəmiyyəti, qanunvericilik və institusional yeniliklər, alternativ mexanizmlərin təşviqi, mediasiya prosesinin tətbiqi ilə bağlı yeni qəbul olunmuş "Mediasiya haqqında" Qanunun mahiyyəti barədə faydalı fikir mübadiləsi aparılıb.
Ədliyyə Nazirliyinin aidiyyəti struktur qurumlarının rəhbərləri çıxışlar edərək ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq son illər həyata keçirilən tədbirlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmələrə əlçatanlığın asanlaşdırılması, infrastrukturun müasirləşdirilməsi, məhkəmə qərarlarının icrasının yaxşılaşdırılması, "Elektron məhkəmə" və "Elektron icra" informasiya sistemlərinin tətbiqi, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib, dövlət başçısının Fərmanının bu sahədə islahatların yeni mərhələdə, müasir çağırışlara uyğun və sistemli davam etdirilməsini şərtləndirdiyini vurğulayıblar. Mətbuat Şurasının və vətəndaş cəmiyyətinin təmsilçiləri imzalanan Fərmanın ölkə Prezidentinin məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olduğunu qeyd edərək, bu mühüm sənədin vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin daha etibarlı təmin olunmasına, ədalət mühakiməsinə ictimai etimadın yüksəlməsinə xidmət etdiyini söyləyiblər.
Eyni zamanda, mübahisələrin məhkəmədən kənar həlli üsullarından olan mediasiyanın ölkəmizdə tətbiqi ilə bağlı qəbul olunmuş "Mediasiya haqqında" yeni Qanunun əhəmiyyətindən danışılıb, bu institutun mülki işlər və iqtisadi, ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəməyə getmədən tərəflərin qarşılıqlı razılığı ilə həllində rolu qeyd olunub, onun tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıdığı vurğulanıb. Qeyd olunub ki, mediasiyanın düzgün və səmərəli tətbiqi həm də məhkəmələrdə iş yükünün xeyli azalmasına səbəb olacaq.