Azərbaycanlı milyarder Fərhad Əhmədovun şirkətinə qarşı şok iddia – FOTOLAR
15 Fevral 2018 09:12 SosialBizim Yol-a müraciət edən İsmayıllı rayonunun Kürtmaşı kənd sakini Zeynalova Sevil Əlihüseyn qızı "AzNar" QSC-nin təsərrüfat üzrə müdiri Xalid Quliyevdən şikayətçidir. O iddia edib ki, Zeynalovlar ailəsinə məxsus torpaq sahəsi "AzNar" tərəfindən zəbt olunub.

Şikayətçi bildirib ki, İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 07 dekabr tarixli 62 nömrəli qərarı ilə 2,33 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilib. Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən torpağın mülkiyyətçisi Zeynalov Qərib Əmir oğludur: "Həyat yoldaşım vəfat edib. O sağ olanda aktı Xalid Quliyevə verib. Nə məqsədlə verdiyini biz bilmirik. Heç bir il olmaz ki həyat yoldaşım vəfat edib. Biz ondan dəfələrlə torpağın sənədini tələb etsək də, vermir. Hara şikayət edirsiniz edin deyir. Biz kənd təsərrüfatı ilə məşğuluq. O torpaq bizə veriləndən orda taxıl əkib-becərmişik. Bizim çörək pulumuzu torpaqdan qazanırıq. İndi isə bizim torpağımızda "AzNar" QSC üçün üzüm plantasiyası əkib. Biz öz torpağımızdan istifadə edə bilmirik. Akta əsasən mərhum həyat yoldaşımdan başqa torpaq sahəsində ailə üzvlərimiz olan 5 nəfərin payı var. Odur ki həmin torpaq sahəsinin satılması üçün ailə üzvlərinin də razılığı, imzası olmalıdır. Amma nə mənim, nə də övladlarımın razılığı olmayıb. Biz "AzNar" QSC-nin rəsmisindən torpağa mülkiyyət hüququna dair dövlət aktını tələb edirik".
Şikayətçi bildirib ki, o, bu tələblə bağlı dəfələrlə "AzNar" QSC-nin rəhbəri, Göyçaylı, Azərbaycanlı milyarder Fərhad Əhmədova müraciət etsə də, müraciətlər nəticəsiz qalıb.

Zeynalova Sevil Əlihüseyn qızının şikayəti ilə bağlı "AzNar" QSC-nin təsərrüfat üzrə müdiri Xalid Quliyev bizimyol.net-ə bildirib ki, məsələnin hüquqi həlli yolu məhkəmədən keçir: "Həyat yoldaşının sağlığında torpaq sahəsi dəyişdirilib. Dəyişdirilmə 4 il əvvəl olub. Bundan Sevil Zeynalovanın da, övladlarının da xəbəri olub. Övladları Rusiyada yaşadığı üçün torpağın satılması ilə bağlı razılaşma əldə edə bilmədik. Amma torpağın bizim istifadəmizə verilməsi üçün mərhum Qərib Zeynalov bizə etibarnamə verib. Biz də Zeynalovlar ailəsinin torpaq sahəsinə yaxın ərazidə ona torpaq sahəsi alıb vermişik. Onlar dəyişdiyimiz torpaq sahəsində orda 5 ildir taxıl əkir, biz də üzüm əkmişik. Onlar, yəni mərhum həyat yoldaşı, Sevil xanımın özü və övladı bizim üzüm sahəsində işləyiblər. İndi də Sevil xanım deyir ki torpaq sahəsinin sənədlərini qaytaraq. Mən də ona demişəm ki, torpaq sahəsinin dəyişdirilməsi prosesi həyata keçirilib, dəyişdirilmiş torpaq sahəsində illərdir siz də əkirsiniz, biz də. Məsələnin hüquqi həlli yolu məhkəmədən keçir".