Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları- Əhalinin kommunal problemlərinin həllinə yol açdı
Müstəqil Azərbaycan Respublikasının bu günkü iqtisadi inkişafı, əldə etdiyi nailiyyətlər. uğurlarda 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi” ilə yanaşı Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının da xüsusi payı, çəkisi var. Açıq şəkildə qeyd etmək lazımdır ki, hər ikisi bir-birinə bağlı olan sənədlərdir. Əgər 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmasa və Azərbaycana neftdən gəlirlər gəlməsəydi, bəlkə də Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramını da qəbul etməyə zərurət yaranmazdı.
12 Fevral 2018 16:54 SosialMüstəqil Azərbaycan Respublikasının bu günkü iqtisadi inkişafı, əldə etdiyi nailiyyətlər. uğurlarda 1994-cü ilin sentyabrında imzalanmış "Əsrin müqaviləsi" ilə yanaşı Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının da xüsusi payı, çəkisi var. Açıq şəkildə qeyd etmək lazımdır ki, hər ikisi bir-birinə bağlı olan sənədlərdir. Əgər 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanmasa və Azərbaycana neftdən gəlirlər gəlməsəydi, bəlkə də Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramını da qəbul etməyə zərurət yaranmazdı. Məhz "Əsrin müqaviləsi"nin imzalanması və neftdən gələn gəlirlər Azərbaycan hakimiyyətini ölkədə qeyri-neft sektorunu inkişaf etdirməyə, neft gəlirlərindən səmərəli istifadəyə imkan yaratdı. Beləliklə, 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Regionların 2004-2008-ci illər sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı təsdiq edildi.
İlk Dövlət Proqramının qəbul edildiyi vaxtdan indiyə qədər 3 dəfə belə proqramlar qəbul edilib və hər bir proqram da uğurla icra edilib. Bunu həm Dövlət Proqramları çərçivəsində görülən işlər, əldə edilən nəticələr, həm də onların yekunlarına dair keçirilən toplantılar və açıqlanan statistik göstəricilər təsdiq edir. Məlumat üçün qeyd edək ki, yaxın vaxtlarda daha bir, sayca dördüncü Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı qəbul ediləcək. Bunun anonsunu bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Regionların 2014-2018-ci illər üzrə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı verdi.
Qeyd edək ki, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Dövlət Proqramlarının icrası zamanı əsas diqqət yetirilən məsələlərdən biri də əhalinin kommunal problemlərinin həlli, elektrik enerjisi, təbii qaz, içməli suya olan tələbatının ödənilməsi idi. İndiyə qədər həyata keçirilən hər üç proqramda qeyd edilən məsələlərlə bağlı çoxsaylı tədbirlər nəzrədə tutulmuşdu və həmin tədbirlərin icrası nəticəsində əhalinin həm təbii qaz, həm elektrik enerjisi, həm də içməli su ilə təminatı məsələsində kifayət qədər işlər görülüb, uğurlu nəticələr əldə olunub.
Əhalinin kommunal problemlərinin həlli istiqamətində təbii qazla təminat məsələsi də xüsusi yer tutur. Əgər sözügedən Dövlət Proqramı qəbul edilənə qədər nəinki ucqar dağ rayonları, hətta paytaxta bir qədər yaxın rayonlar, rayon mərkəzləri, iri şəhərlərin belə təbii qazla təminatında ciddi problemlər mövcud idisə, hazırda belə bir problemin olduğunu söyləyə bilmərik. Dövlət Proqramlarının uğurla icra edildiyi ötən 14 il ərzində nəinki rayon və şəhər mərkəzləri, hətta ən ucqar kənd və qəsəbələr belə təbii qazla təmin olunub. Bunun üçün yeni qaz xətləri çəkilib, abonentlərin mənzillərinə təbii qazın verilməsi təmin edilib. Əgər statistik göstəricilərə nəzər yetirsək görərik ki, Regionların sosial-iqtiadi inkişafına dair Dövlət Proqramlarının icra edildiyi ötən 14 il ərzində ölkədə qazlaşdırma 90 faizdən artıq həyata keçirilib. Ancaq əldə edilən nəticələr heç də qaneedici deyil. Çünki mövcud potensial indiki göstəricidən də artıq nəticələr əldə etməyə imkan verir. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı ölkə üzrə qazlaşdırılmanın mövcud göstəricisinin artırılması tapşırığını verdi. Dövlət başçısı bildirdi ki, qazlaşdırma bu ilin sonuna qədər 95 faizə çatdırılmalıdır: "Bu, çox yüksək göstəricidir. Hesab edirəm ki, bu göstəriciyə görə də biz dünya miqyasında qabaqcıl yerlərdəyik. Relyefimizi nəzərə alsaq, bir daha görərik ki, bu, nə qədər mürəkkəb işdir. Ona görə bu gün dəqazlaşdırmanın səviyyəsi - 93 faiz yaxşı göstəricidir. Ancaq bilməliyik, hələ də bir çox kəndlər var ki, oraya qaz xətləri çəkilməyib. Dövlət büdcəsində bu məqsədlər üçün bu il Azərbaycan Dövlət Neft Şirkətinə 100 milyon manata yaxın vəsait nəzərdə tutulur. Azərbaycan Dövlət Neft Şirkəti bu işləri qısa müddət ərzində görməlidir və qazlaşdırma 95 faizəçatmalıdır. Ondan sonra, gələn il isə baxacağıq ki, ucqar dağ kəndlərinə qaz xətlərinin çəkilişi ilə bağlı hansı addımlar atılmalıdır".
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı və müvafiq dövlət qurumları qarşısında qoyduğu vəzifələr, tapşırıqlara dair ayrı-ayrı qurumlarda toplantılar, konfrans və müşavirələr keçirilərək qarşıdakı vəzifələr müəyyənləşdirilir, verilən tapşırıq və tövsiyələr təhlil olunur. Elə Azəriqaz İstehsalat Birliyində də Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin qazlaşdırılması ilə bağlı verdiyi tapşırıqların icrası məqsədilə qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib. SOCAR rəhbərliyinin iştirakı ilə keçirilən müşavirədə Azəriqaz İstehsalat Birliyi tərəfindən indiyədək görülmüş işlərə nəzər yetirilib, prioritet istiqamətlər müəyyənləşdirilib, Birliyin fəaliyyəti ətraflı təhlil olunub.
Məlumat üçün qeyd edək ki, müşavirədə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, Azərbaycan dövləti və yüz faizli dövlət şirkəti olan SOCAR ölkə əhalisinin qaz təminatını, yerli istehlakçıların tələbatını mütləq prioritet hesab edir. Odur ki, "Azəriqaz"ın məsuliyyət yükü bu məsələdə hamıdan çoxdur. Son illər respublikanın qaz təsərrüfatının, qazpaylayıcı şəbəkənin inkişafı istiqamətində ciddi tədbirlər görülsə də, aparılan işlərin effektivliyi bu gün bir daha təhlil edilməli, müştəri məmnunluğuna tam nail olunmalıdır.
Müşavirədə qeyd olunub ki, respublika ərazisində qazlaşdırma sahəsində aparılan geniş miqyaslı işlər nəticəsində ölkəmizdə əhalinin qazla təchiz edilməsi 93 faizə çatdırılıb. Bir çox xarici ölkələrdə qazlaşdırma kommersiya əsasında keçirilir və onun xərcləri istehlakçıların üzərinə düşür. Lakin Azərbaycanın dövlət başçısının iradəsi ilə qazlaşdırma xərcləri dövlət vəsaiti hesabına həyata keçirilir. Bu mənada qaz təchizatı ölkəmizdə sosial öhdəliklərdən biridir. Rövnəq Abdullayev çıxışında "Azəriqaz" İstehsalat Birliyinin dövlətin tapşırıqları və ona ayrılan vəsaitlərin müqabilində nəzərdə tutulan işləri maksimum mümkün səmərə ilə yerinə yetirməli olduğunu bildirib. Ölkə başçısının Dövlət Neft Şirkətinə bu il üçün 100 milyon manat vəsait ayıraraq, qazlaşdırma səviyyəsinin 93 faizdən 95 faizə çatdırılması haqqında verdiyi tapşırığın vaxtında və yüksək keyfiyyətlə icra olunması cari ilin ən əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirilib. Abşeron yarımadasında qaz infrastrukturunun köhnəlməsi ilə əlaqdar yaranan qaz itkilərinin azaldılması istiqamətində "Azəriqaz" tərəfindən radikal addımların atılmasının zərurəti qeyd olunub, cari ildə itki səviyyəsinin 7,9%-a qədər endirilməsi başlıca hədəf kimi vurğulanıb.
Tədbirdə geniş məruzə ilə çıxış edən "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Əkbər Hacıyev məlumat verib ki, 2010-2017-ci illərdə Azərbaycan Respublikası ərazisində yaşayış məntəqələrinin geniş miqyaslı yeni qazlaşdırılma tədbirləri nəticəsində respublikanın 1`416 yaşayış məntəqəsi təbii qazla təmin edilib. O qeyd edib ki, 2009-cu ilin iyul ayına qədər mövcud qaz şəbəkəsinin uzunluğu 10`536 km təşkil edirdisə, Birliyin fəaliyyət göstərdiyi 8 ilə yaxın vaxt ərzində isə 48`558 km yeni qaz kəmərləri çəkilmiş, 9`101 km müxtəlif diametrli qaz xətləri yenidən qurulmuş, 29 ədəd qazpaylayıcı stansiya və qaztənzimləyici məntəqə quraşdırılıb.
Ümumiyyətlə, Azərbaycan Respublikası Prezidentinin vətəndaşların sosial rifahının yaxşılaşdırılması və işsizliyin aradan qaldırılması üzrə müvafiq tapşırıq və tövsiyyələrinə uyğun olaraq bü günə qədər "Azəriqaz" İstehsalat Birliyi tərəfindən xidməti müqavilə əsasında 7 minə yaxın vətəndaş işlə təmin olunub. Hazırda "Azəriqaz" tərəfindən kadr strukturları və ümumi idarəetmə sahəsində aparılan islahatlar bundan sonra təmir-bərpa işlərinin daha sürətli və effektli keçirilməsini proqnozlaşdırmağa əsas verir. Əkbər Hacıyev ASAN Kommunal mərkəzinin "Azəriqaz"la əməkdaşlığı barədə məlumat verərək, qeyd edib ki, bu əməkdaşlıq kommunal xidmət səviyyəsi və müştəri məmnunluğunun əhəmiyyətli dərəcədə artması üçün münbit zəmin yaradır.
Onu da qeyd etmək lazımdır ki, artıq "Azəriqaz" İstehsalat Birliyi dövlət başçısının Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində konkret addımlar atılır. Belə ki, ölkə Başçısının ucqar kənd və qəsəbələrin qazlaşdırılması barədə tapşırığına uyğun olaraq SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Lahıc kəndinin qısa zamanda təbii qazla təmin olunması üçün qazlaşdırma işlərinə başlanılıb. Layihəyə uyğun olaraq kənddə yerləşən 510 evin qazlaşdırılması üçün 19 300 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borulardan ibarət daşıyıcı qaz kəmərlərinin, 20 800 metr uzunluğunda müxtəlif diametrli metal borularla paylayıcı qaz xətlərinin, eyni zamanda məxbəxdə yerləşən qaz cihazına qədər 7900 metr mənzildaxili qaz borularının çəkilməsi, hər bir mənzilin qaz sayğacı və fərdi tənzimləyici ilə təmin olunması nəzərdə tutulur. Cari ilin yanvar ayının əvvəlindən işlərə başlanılıb, ancaq dağlıq relyef olduğundan texnikanın işləyə bilməməsi, qaz borularını işçilərin əlləri ilə həmin ərazilərə daşıması, havanın şaxtalı,qarlı olması və qaz kəmərlərinin keçəcəyi qayalıq ərazilərin çapılması kimi çətinliklərə baxmayaraq qazlaşdırma işlərinin bu ilin may ayının sonlarına kimi başa çatdırılması planlaşdırılıb.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir