Elçin Hüseynbəyli yazır... Dostumun toyuqları, petardlar və harınlar

Sizi bilmirəm, amma mən baməzə, yəni zarafatcıl dostumun maraqlı əhvalatları üçün darıxmışam. Belə əhvlatlardan biri də yeni il ərəfəsi oldu. Bu dəfə hadisə başqalarının yox, elə dostumun özünün başına gəldi.

Elçin Hüseynbəyli

Dostumun toyuqları, petardlar və harınlar

Sizi bilmirəm, amma mən baməzə, yəni zarafatcıl dostumun maraqlı əhvalatları üçün darıxmışam. Belə əhvlatlardan biri də yeni il ərəfəsi oldu. Bu dəfə hadisə başqalarının yox, elə dostumun özünün başına gəldi.

Bir az uzaqdan başalayaraq deyim ki, dostum təsərrüfat sevən adamdır. Əvvəllər qapısında mal-qarası, bir sürü qoyun-quzusu, dəstə-dəstə toyuq-cücəsi vardı, çünki ətraf bombalamboş idi, amma adamlar yavaş-yavaş burda məskunlaşdıqdan sonra mal-heyvan otarmağa örüş qalmadı, qonşular da milçəyin əlindən zara gəlmişdilər, ona görə də heyvanları satdı, amma toyuq-cücələrinin sayını artırdı.

Yeni il ərəfəsi dostuma baş çəkməyə getdim, təbii ki, əhli-əyalımla birgə. Dostum heç ayaqqabımı çıxarmağa da qoymadı. "Gör sənə nə göstərəcəm e!" - sevinə-sevinə dedi və məni həyətinin aşağısına tərəf çəkdi.

Həyətin aşağı tərəfində yekə bir tikili vardı, ilk baxışdan tövləyə oxşayırdı: xırda pəncərələri və əyri damı. Amma içəri girəndə başqa mənzərənin şahidi oldum. Bura toyuq hiniydi, müasir dillə desək "toyuq evi". Toyuqlar taxçaların üstündə oturub xam xəyallara dalmışdılar, ayağı tüklü, mustanqlara oxşayan xoruzlar isə təşər-təşər gəzir və özündən razılıqla "hərəmxanalarına" nəzarət edirdilər.

-Bax, - dostum şövqlə dedi, - bu həndəvərdə belə toyuq hini yoxdu: işıqlı, yerləri də isti, allah qoysa, bayramdan sonra bir səbət götür gəl, yığ apar!

Düzü, dostumun bu sözləri məni çox sevindirdi, toyuqların əvəzinə də, xeyli xoş-hal oldum...

Nə başınızı ağrıdım. Yeni ilin elə ilk günü dostumgilə tələsdim. Mən də hamı kimi təzə kənd yumurtası sevənəm. Bir zamanlar bazardan aldığım və çoxdan unutduğum həsir zəbətimizi də hardansa tapıb çıxardıq. Ev əhli onun içinə ayından-oyundan qoydu, bir növ bayram payı düzəlti və mən şad-xürrəm dostumgilə gəldim.

Dostum, həmişəki kimi, məni mehribanlıqla qarşıladı, yeni ilin ilk gününü də yaxşıca qeyd elədik, amma evə qayıtmağa hazırlaşanda gördüm ki, dostumla arvadı nə barədəsə pıçıldaşır, belə başa düşdüm ki, onlar da bizə bayram payı qoymaq istəyir.

-Heç nə lazım deyil, -deyə uzaqdan səsləndim, - elə beş-altı yumurta hər şeyə dəyər.

Bu sözlərim dostuma birtəhər təsir eləd, Gördüm ki, rəngi-halı özündə deyil. O, qoluma girib məni toyiq hininə tərəf dartdı. Qapını açıb toyuqları mənə göstərdi.

Toyuqlar bir küncə sıxlıb qalmışdılar. Təşər-təşər gəzən xoruzlar da onların dalında goslənmişdilər, hərdən də oğrun-oğrun boylanırdılar.

-Nə məsələdir? Elə bil onlar nədənsə qorxublar?- deyə xəbər aldım.

-Bu zır-paket çıxardanların evini allah yıxsın. Yeni il axşamı nə qədər partlatdılarsa, sabah açılanda bu mənzərəni gördüm. Nə toyuqlar yumurtlayırlar, nə də qorxularından həyətə düşürlər.

Məsləni anladım. Ona görə də dostuma ürək-dirək verib dedim ki, düzələn işdi. Bir azdan qorxuları keçib gedər, toyuqlar da yumurtlayar, onda gəlib səbəti apararam.

Bu söhbətin üstündən bir həftə keçəndən sonra dostuma zəng eləyib, hal-əhval tutdum və arada toyuqları soruşdum. Dostum bikef-bikef mənə dedi ki, toyuqların qırışığı açılsa da, yumurtlamaq fikirlər yoxdur, qorxuram ki, yumurtadan kəsilələr. Onda körpələrə nə verəcəm, bilmirəm.

-Sən onları köhnə hinə apar, -dedim, -bəlkə qorxuları gedə.

-Yəni, deyirsən...

-Hə...

Səhərisi günü dostum özü zəng elədi və sevinə-sevinə dedi ki, yumurta dolu səbətimi istənilən zaman apara bilərəm. Üstündən də bir sual verdi:

-Görən, toyuqları təzə hinə qaytarsam necə olar?

-Sakın, bunları eləmə, -dedim, - toyuqlar köhnə hində olsaydılar, lap top atsalar da, yumurtlayardılar. Amma təzə hində onlar harınlamışdılar. Təzədən onları ora aparsan yumurtlamayacaqlar.

-Deyirsən, yəni?..

-Hə, onlar da adamlar kimidirlər, təzə günə çıxanda harınlayırlar, keçmişi unudurlar...

Dostum, tay heç nə demədi, eləcə susdu...

Yanvarın ilk günləri, 2018

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31