Uşaqların Yeni il şənliyində xoşagəlməz olay, proqram yarımçıq kəsildi
Yanvarın 3-də Əl Oyunları Sarayında uşaqlar üçün təşkil edilən "Yeni il şənliyi" proqramında xoşagəlməz olaylar yaşanıb. Proqramda iştirakçı olan valideynlərdən birinin “OLAYLAR” -a verdiyi məlumata görə, proqram zamanı balacalar üçün nümayiş etdirilən şou yarımçıq kəsilib.
4 Yanvar 2018 12:36 SosialYanvarın 3-də Əl Oyunları Sarayında uşaqlar üçün təşkil edilən "Yeni il şənliyi" proqramında xoşagəlməz olaylar yaşanıb. Proqramda iştirakçı olan valideynlərdən birinin "OLAYLAR" -a verdiyi məlumata görə, proqram zamanı balacalar üçün nümayiş etdirilən şou yarımçıq kəsilib. Valideynlər bunun səbəbini soruşduqda isə təşkilatçılar və özəl mühafizə xidmətinin əməkdaşları tərəfindən onlara qarşı kobudluq nümayiş etdirilib: "Valideynlərin etirazlarına kobudluqla reaksiya verildi. "Bilmirəm, mənlik deyil, zalı tərk edin!" kimi cavablarla insanları başdan elədilər. Bu vəziyyətdə DİN-in polis əməkdaşları mədəni davransa da, hansısa özəl mühafizə xidməti əməkdaşları isə insanlara qarşı kobud davranışları ilə canfəşanlıq edirdilər. İnsanların təşkilatçılara etirazlarına belə həmin özəl mühafizə xidməti əməkdaşları kobudluqla müdaxilə edir, zalı təcili boşaltmağa çalışırdılar". Mənbə onu da bildirib ki, ən maraqlı məqam uşaqlar üçün təşkil olunan şənlikdə gənc müğənninin sevgi, məhəbbətlə bağlı mahnılar ifa etməsi olub: "İnsanların, Həmkarlar Təşkilatlarının biletlərə verdikləri pul bir yana, balacaların xatirəsində belə davranışlarla yadda qalmaq heç kimə başucalığı gətirmir. Diqqət çəkən digər məqam da odur ki, proqramda rəsmi dövlət bayramımız olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü mövzusuna toxunulmadı".