Nazirlik zona müşavirəsi keçirəcək

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 2016-ci ilin iyun ayının 17-də Tovuz rayonunda (Tovuz, Şəmkir, Ağstafa, Qazax və Gədəbəy rayonları üzrə), iyun ayının 18-də isə Göygöl rayonunda (Göygöl, Samux, Kəlbəcər, Goranboy və Daşkəsən rayonları üzrə) heyvandarlıqla məşğul olan fermerlər, süni mayalanma və baytarlıq mütəxəssislərinin iştirakı ilə zona müşavirələri keçiriləcək. Nazirlikdən verilən məlumata görə, zona müşavirələrinin gündəliyinə zona baytarlıq laboratoriyalarının əhatə etdiyi rayonlar üzrə heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili mövzusunda məruzələr, habelə "Heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili və mövcud olan heyvan cinslərinin məhsuldarlığının yüksəldilməsi yolları", "Yem istehsalında yeni texnologiyaların tətbiqi", "Respublikanın müxtəlif bölgələri üzrə heyvanlarda rast gəlinən infeksion və invazion xəstəliklər və onlara qarşı mübarizə tədbirləri" kimi mövzularda təqdimatlar daxildir. Təqdimatlar Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik, Heyvandarlıq və Baytarlıq Elmi-Tədqiqat İnstitutlarının və Respublika Süni Mayalama Mərkəzinin əməkdaşları tərəfindən ediləcəkdir. Müşavirələrdə yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə fəaliyyətlərin genişləndirilməsi, istifadə olunan genetik materialın müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri müzakirə ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00