XİN: Azərbaycanın ECOSOC-ya üzv seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun yüksək olmasının göstəricisidir
16 İyun 2016 15:08 Sosial"BMT-nin İqtisadi və Sosial Şurası kimi mötəbər quruma Azərbaycanın belə yüksək səslə üzv seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun və sosial-iqtisadi sahədə son onillikdə əldə etdiyi nailiyyətlərə beynəlxalq ictimaiyyətin verdiyi yüksək qiymətin göstəricisidir".
"Report" xəbər verir ki, Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzv seçilməsi münasibətilə Xarici İşlər Nazirliyinin yaydığı bəyənatda belə deyilir.
Bəyanatda qeyd olunub ki, Azərbaycan 2011-ci ildə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illərdə üzvlüyünə öz namizədliyini irəli sürüb: "ECOSOC BMT-nin əsas orqanlarından biri olub, BMT-nin 14 ixtisaslaşmış təşkilatının, onların funksional komissiyalarının və 5 regional komissiyanın iqtisadi və sosial sahələrdə işini əlaqələndirir.
BMT-nin fəaliyyətində inkişaf məsələsinin əhəmiyyətinin getdikcə artması, o cümlədən 2015-ci ildə qəbul edilmiş Davamlı İnkişaf Məqsədləri ECOSOC-un BMT sistemində və ümumiyyətlə beynəlxalq münasibətlərdə rolu və nüfuzunu daha da yüksəltmişdir.
ECOSOC üzvlüyünə seçkilər BMT Təhlükəsizlik Şurasından sonra ən rəqabətli seçkilər hesab olunur. Azərbaycan Respublikası indiyədək bir dəfə - 2003-2005-ci illərdə ECOSOC-un üzvü olub.
ECOSOC-un 54 üzvü var. Şura üzvlüyünə seçkilər BMT-nin Baş Assambleyasında regional qruplar üzrə üç il müddətinə gizli səsvermə ilə seçilir. Hər il 18 yeni üzv seçilir. Seçilmək üçün üzv dövlətlərin ən azı 2/3-nin, yəni, 129 dövlətin səsi tələb olunur.
2011-ci ildən etibarən ölkəmizin bu quruma namizədliyinə dəstəyin əldə edilməsi üçün fəal diplomatik iş aparılmışdır.
14 iyun 2016-cı il tarixində BMT-nin Baş Assambleyasında keçirilmiş seçkilərdə səsvermədə iştirak etmiş 184 üzv dövlətdən 176-sının səsini əldə etmiş ölkəmiz Şuranın üzvü seçilmişdir. Azərbaycan 2017-ci ilin yanvar ayının 1-dən 2019-cu il dekabr ayının 31-ədək ECOSOC-un üzvü olacaq.
Azərbaycan Respublikası Şuraya üzvlüyü zamanı BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq, beynəlxalq sülh və inkişafa öz töhfəsini verəcəkdir".