O şəhid oldu ki, Vətən yaşasın
16 İyun 2016 14:45 SosialAprel döyüşlərində qəhrəmanlıq göstərən əskər və zabitlərimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Çünki onlar canlarını bizlərdən, Vətəndən ötrü fəda ediblər. Etiraf edək ki, Azərbaycan xalqı torpaq uğrunda canlarından keşmiş soydaşlarımızın xatirəsini daim uca tutur. Xüsusən, gənclərimiz şəhid qəhrəmanları özlərinə örnək hesab edirlər. Belə qəhrəmanlardan biri də aprel döyüşlərində şücayət göstərmiş Nazim Zəkiyevdir. Səkinə bibi deyir ki, Nadir Zəkarayev 1994-ü ildə öz toyundan sonra dədə-baba yurduna, sevimli Şahxanımını gətirdi. Sonra üç övladı dünyaya gəldi: əvvəlcə qızı Ceyran, 1997-ci ilin avqust ayının 31-də ikincisı Nazim doğuldu, sonra kiçiyi Namiq dünyaya gəldi. Uşaqların ayağı düşərli oldu. Şamaxının ən gözəl məhəllələrindən birində torpaq alıb, ev də tikdi. Fəhləliklə balalarını dolandırdı. Oğlu Nazimin 6 yaşı olanda həyətində uşaqlara kiçik toy çaldırdı. Toy nə toy. Şirvan toyu ola, sinəsində saz, dilində söz oynayan aşıqlar ola. Zəkarayevlərin həyətindəki toyun səsi məhəllənin hər yerinə yayıldı. Aşıqlar meydan suladılar. "Şirvan şikəstəsi", "Döymə şikəstə", "Zarıncı şikəstə"... aşıqlar şirin avazları ilə gələnin-gedənin könlünü aldılar, Şirvan bayatıları səfə düzüldü. Şirvan toylarında şikəstələr oxunmasa, o məclis sayılmaz. "Şirvan şikəstəsi" Yer üzündən küsənlərin haqqa harayıdır, şikayətidir. Yolu gör hardan gəlir, yaşını saymaq olmur. Nə bu gündü, nə dünəndi... Əbədiyyətdi... Hər zaman olub, hər zaman eşitmişəm, 9 ay ana bətnində, beşiyimin başında nənəmin və anamın laylalarında, atamın kefinin saz vaxtında zəngulə vurub sevincinə ovqat qatdığı vaxtlarda... Təkçə mən yox ki, ulu nənələrim, babalarım da, elə Nəsimi babam da... Hamısı bu havadan havalanıblar. Şirvanlılar Şirvanın firavan və ağır günlərində başlarına gələnlərə, "içərisindən qəm ilməli əriş-arxac dağlar keçdiyi" vaxtlarda belə, etiraz etməyi baçarıblar - "Şirvan şikəstəsi", "Döymə Kərəmi", balaban, sazla... Nazim də müharibə dövrümüzün uşağı idi. Dost-aşna arasında söhbəti-sözü vətənlə başlayıb, müharibə, dava ilə qurtarırdı. Böyük villaları yox idi, mal-qara sürülərindən məhrum idilər, qapılarında bahalı maşın dayanmırdı ki, onların fikrini çəkəydi. Fikri-zikri TORPAQ idi, VƏTƏN idi. Bir də oxuyub, təhsil almaq... Bir də ki, son payızı yaman gözləmişdi... Bəzi məhəllə yoldaşları, sinif yoldaşları əsgər getdiyindən, könlünu o uşaqlar olan tərəfə, düşmən tapdağı altında olan torpaqlarımıza bağlamışdı. Həmin payız gəldi yetişdi. 2015-ci il oktyabr ayının 6-da onu da yola saldılar. Atası Nadir çox çək-çevir edib, oğluna dedi ki, "ay bala, bəlkə həyətdəki beş-altı qoyun-quzunu satıb, mən də sənin yerini arxaya yazdırım. Qaynar yerlərə düşmə". Oğul dediyindən dönmədi. "Mən cəbhəyə yaxın yeri istəyirəm", deyib, atasını bu işə qarışmağa qoymadı. Əsgər gedəcəyi gecəni sabaha qədər yatmadı... Gözə yuxu gedərmi... Nazim qaralama dəftərini tapıb ürəyindən keçənləri yazdı. Hərdən elə-belə cızmaqaralar edib, üzə çıxarmağa da utanardı. Ya da cırıb tullayardı ki, heç kim görməsin. Səhər açılanda isə nənələri Ceyran, Səkinə ilə, babası Rəhmanla, atası Nadir, qardaşı Namiq, bacısı Ceyranla, onu yola salan hamıyla görüşüb "mən əsgər gedirəm ana" deyib, yola çıxdı. Yavaş-yavaş əsgərlik həyatının qanun-qaydalarına da öyrəndi. Qonşu Göylər kəndindən olan Elşən Səmədov da onunla bir hərbi hissəyə düşmüdü. İki şamaxılı bir yerdə olanda bir-birinə "qadoyalım, başuva dönüm" deyərlər. Beləcə bir-birinə arxa olub, hərbin sirlərini öyrənməyə başladılar. Noyabrın 15-də andiçmə mərasimi oldu. Bütün qohum-əqraba yığışıb, Tərtərə getdi. Nazim hərbi hissədən 8 nəfər əsgəri də özü ilə gətirdi qohum-əqrabanın yanına. Süfrə açdılar, yedilər-içdilər, güldülər-danışdılar. Hərbi hissənin komandiri də hərdən gəlib nəzakət xatirinə valideynlərə baş çəkir, onların arzu-istəklərini soruşurdu. Atası Nadir oğlunu soruşanda komandir demişdi ki, "qardaş buradakı bütün əsgərlər mənim balamdır. Nazimin yeri isə bir başqadır. Dağ oğlu ki, dağ oğlu... Şamaxının havası, suyu var canında... nümunəvi əsgərdir. Axıra qədər özünü belə aparsa, tezliklə, ona məzuniyyət də verəcəm...". Nazim Zəkəryayev arada fürsətdən istifadə edib, dostu, rəfiqəsi olan anasını kənara çəkdi, xeyir-dua istəyərək, bildirdi ki, hərbi hissədə kəşfiyyata yazılmaq istəyir. Şahxanım oğluna "yox, sənin kəşfiyyatda nə işin var, əlindən hər iş gəlir, ustasan, mebel düzəlt, hərbi hissənin sınıx-salxaq işlərini gör" dedi. Lakin Nazim artıq adını kəşfiyyata yazdırmışdı. Hər görüşün sonunda bir ayrılıq olur. Əsgər balalarını görməyə gələnlər gündüzü axşam edib, geri qayıtdılar. Oğlu ilə görüşdən qayıdandan sonra, Şahxanımın yuxuları qarışdı. Tez-tez qarışıq yuxular görməyə başladı. Fevralın axırında isə öz səsinə oyandı. Yuxusunda görmüşdü ki, müharibədir, oğlunu vururlar... Düz martın 15-nə kimi qarışıq yuxuların bir yozumunu tapmadı. Martın 15-də nümunəvi xidmətlərinə görə Nazim hərbi hissədən 5 günlük məzuniyyətlə mükafatlandırıldı. Və elə həmin gün də evlərinə gəldi. Babası Rəhman o dəqiqə uşağın ayaqlarının altında bir qurban kəsdi. Və həm də əhd elədi ki, qurbanın birini də əsgərlikdə sağ-salamat qayıdanda kəsəcək... İndi Zəkaryayevlər ailəsinin yaddaşında ən çox qalan o 5 gündür. Həmin 5 gün ərzində bütün qohum-əqrabaya, qonum-qonşuya, dost-tanışa baş çəkdi, hərənin evində 10 dəqiqə oturdu Nazim. Güldü danışdı, şənləndi... Nənəsi Səkinə deyir ki, heç bilmədim ki, o uşaq niyə birdən-birə elə böyümüşdü. Kürəkləri genəlmişdi, boy-buxunu artmışdı. Soruşdum, dedi ki, "nənə idmanla məşğul oluram, hərbi hissədə də yeyib-içirik, kef edirik". Gecəni qoynuma salıb yatırdım. Səhərə qədər qollarımı balınc elədim. Başının altından çıxarmadım. Mən yuxuya getdim. Sonra durub gördüm ki, o hələ yatmayıb. Həmin gecə Nazim bir yuxu gördü, lakin kimsəyə danışmadı. Yuxunu telefonuna yazdı. İndi susan telefonunun yaddaşında bu sözlər qaldı:
Yuxuda görürəm qurtarır zülm,
Sevdiyim qaçaraq gəlir yanıma.
Az qaldı yuxuda sevincdən ölüm,
Çox şükür dəymədi xudam canıma!
Anası Şahxanımın cəmi 37 yaşı var. Heç söz də tapmır balasını öyməyə. Bildiyi sözləri də yadından çıxarıb Nazim. "Ayın 20-si Nazimi səhər yola saldıq bu qapıdan... getdi qapıya, bir də qayıtdı... bir neçə dəfə gedib-qayıtdı... Elə bil ürəyinə nəsə dammışdı. Ancaq ona dedim ki, bala özünə yaxşı bax, özünü qoru. Mənə dedi ki, "ana, məndən arxayın olun, mən sizin adınıza ancaq şərəf gətirəcəyəm". Nazim gedəndən sonra yuxum ərşə çəkildi. Ayın 1-i idi. Bilmirəm nə olmuşdu, o buludlu göylər kimi dolub-boşalırdım. Öz-özümə o qədər ağladım ki...
Axşamüstü bildim ki, dünya qarışıb bir-birinə... Ayın 3-ü bir qohumumuz dedi ki, Tərtər tərəfdə vəziyyət çox gərgindir. Biz də zəng vurduq uşağın komandirinə... Bizdə olan telefon nömrələrinin heç biri cavab vermədi. Belə olanda yoldaşım durub getdi Tərtər bölgəsinə. Şəhid atası Nadir Zəkryayev deyir ki, aprelin 3-dən sonra əmim Rəhmanla getdik uşağın olduğu yerlərdə izini axtarmağa. Gördüm deyən olmadı: "Nə ölü, nə diri siyahısında tapdıq. Ayın 9-u uşağı tabutda gətirdilər ki, götürün oğlunuzu. Belimi sındırdı, ümidlərimi yerlə-yeksan etdi. Hər sözümü-sirrimi bölürdüm, məsləhət alırdım. Sənətimi öyrətmişdim ona. Hər işi səliqəli idi. Ağac-taxta parçasına bir naxışlar atardı ki... nə iş görsə gözəl alınırdı. Mənim arxam-köməyim idi". Babası Rəhman Zəkarayev deyir ki, o şəhid oldu ki, Vətən yaşasın: "Ağır günlər oldu. Ayın 3, 4, 5, 6-sı Tərtərdə, cəbhə bölgəsində olduq. Ürəyimə dammışdı. Ancaq inanmaq istəmirdim. İnsanlarda böyük ruh yüksəkliyi gördüm. Hamı maşınlara yığışıb vuruşmağa, torpaqları azad etməyə getdirdi. Gedəni də üzü bəri qaytarırdılar ki, hələ könüllülərə ehtiyac yoxdur. Millətimiz bir oldu, əsgrlərimiz düşmənə, dünyaya gücünü göstərdi. Nazim bir başqa bala idi. Aramızda pərdə var idi. Mənə söz deyəndə də çəkinə-çəkinə deyirdi. Müharibənin öz qanunları var. Oğulu Vətəni müdafiə etmək, qorumaq üçün böyüdürük. O günü Şamaxıya həm də qohumumuzun oğlu Elşənin tabutunu gətirmişdilər. Azərbaycan bayraqlarına bürünmüşdü küçələr. Şirvanda qalibiyyət bayraqları ucalmışdı. Biz o xəbərin acıyıq, biz Qələbə möhtacıyıq. El-oba tökülüşüb gəldi, çox böyük ehtiramla, hörmətlə oğlumuzu dəfn etdik. Allah millətimizdən, dövlətimizdən razı olsun. Bu qədər təntənə ilə, şəst ilə qapımıza gəlib, uşağımıza şərəf verdilər. Ancaq uşağımız da elə Vətənə şərəf oldu. Nazim başqa cür ola da bilməzdi. Onu biz halal çörəklə böyütmüşük. Halaldan haram bitməz. O şəhid oldu ki, Vətən yaşasın, gərək sona qədər gedəydilər. Ümid edirəm ki, gedəcəklər..." Nazim Zəkəryayevin tabutu çiyinlərdə tarixlərə şahid Cümə məscidinə qədər getdi. Cümə məscidinin həyətində adına el namazı qılındı, şəhadətinə dualar oxundu. Nazimi "Vətən sənə canım fəda!" sözləri, alqış sədaları ilə Şamaxı torpağına, o müqəddəs övliyaların yatdıqları torpağa əmanət etdilər. Onun dəfnində dünyanın bir çox ölkələrindən - Albaniya, Almaniya, Türkiyə, Rusiya, Özbəkistan, Gürcüstan və Polşadan olan tarixçi alimlər iştirak edirdilər. Onlar Şamaxıda keçirilən "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)" adlı III Beynəlxalq elmi konfransa dəvət olunmuşdular. Lakin qonaqlar daha möhtəşəm bir anın şahidi oldular. Nazimin və Elşənin məzarı başında olan coşqu, şəhidini alqış sədaları ilə torpağa əmanət etmək kmi bir təntənə gördü alimlər. Bu təntənənin, bu Vətən sevgisinin qarşısında çaşıb qalmışdılar. Ancaq alim sözü dəyərlidir. O şəhid balaların məzarı üstündə SÖZ diyarı Şirvanda söz dedilər, Tanrıdan onların ruhlarına kömək olmağı arzuladılar. Və tarixi bir həqiqətin, günün şahidi oldular. 2-5 aprel günlərində öz tarixi torpaqlarını düşmənlərdən azad etmək arzusu ilə irəli atılıb QALİBİYYƏT qazanan əsgərlərimiz Azərbaycanın eşidilməyən səsini dünyaya yaydılar, onlar öz qanları, canlarını qurban verməklə dünyanı dolanan xristian hiyləsini, rus və erməni siyasətinin yalanını üzə çıxardılar.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir